Ali təhsillə bağlı qanun layihəsi nə zaman hazır olacaq?

Ali təhsillə bağlı qanun layihəsi nə zaman hazır olacaq?
13:52 24 Aprel 2019
80 Ölkə
Ölkə mətbuatı
A- A+

""Ümumi təhsil haqqında" qanun layihəsini sonuncu oxunuşda qəbul edərək, onu imzalanması, hüquqi qüvvəsinə minməsi üçün yuxarı instansiyaya təqdim etmişik.

Bizim təhsil sahəsi ilə bağlı hazırlayacağımız növbəti qanun layihəsi isə ali təhsillə bağlı olacaq. Artıq bu qanun layihəsinin ilkin hazırlıqlarına başlamışıq. Elm və təhsil komitəsinin üzvləri imkan daxilində bu yöndə dünya təcrübəsini müəyyən qədər öyrəniblər, pedaqoji ədəbiyyatdan ali təhsillə bağlı olan məqamlara diqqət yetiriblər.

Amma hələlik qanun layihəsinin hazırlanması üçün İşçi Qrupu yaratmamışıq. Biz düşünürük ki, qarşıdan gələn may ayında ali təsillə bağlı qanun layihəsini hazırlamaq üçün İşçi Qrupunu yaradaq və onun tərkibinə həm Təhsil Nazirliyinin məsul əməkdaşlarını, həm dövlət və özəl ali təhsil müəssisələrini təmsil edən nümayəndələri, həm də vətəndaş cəmiyyətinin təmsilçilərini daxil edək".

Milli.Az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında akademik, Milli Məclisin (MM) Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.

"Yəni, komitəmizin üzvü olan millət vəkilləri ilə birlikdə nüfuzlu bir İşçi Qrupu yaratmaq niyyətindəyik. Qeyd edim ki, Elm və təhsil komitəsində də uzun müddət ali təhsil müəssisələrində çalışan, hazırda elmi-pedaqoji fəaliyyətini davam etdirən, həm də bu istiqamətdə qanunvericilik təcrübəsinə malik olan deputatlarımız var.

Düşünürük ki, onların iştirakı, eləcə də, Təhsil Nazirliyinin məsul nümayəndələri, bütövlükdə İşçi Qrupunun üzvləri ilə bir yerdə yay aylarında "Ali təhsil haqqında" qanun layihəsinin ilkin variantını hazırlayaq və sentyabr ayında millət vəkilləri tətildən işə qayıdandan sonra onun ilkin müzakirələrini keçirək", - deyən komitə sədrinin sözlərinə görə, bununla da təhsil pillələrində mövcud reallıqları əks etdirən və gələcəyi stimullaşdıran qanunlar tam şəkildə meydanda olacaq.

"Bildiyiniz kimi, biz məktəbəqədər, təhsil peşə təhsili və orta təhsillə bağlı qanunları qəbul etmişik, qalır ali təhsillə bağlı sənəd.

Bu prosesdə axırıncı həlqə ali təhsillə bağlı sənəddir ki, biz onu da payız sessiyasında ilkin müzakirələrə və ən azı birinci oxunuşa çıxarmağı düşünürük.

Eyni zamanda, sonda bu qanun layihəsinin bütövlükdə qəbuluna nail olmaqla, bu prosesi tamamlamaq istəyirik. Hesab edirəm ki, bu sənəd təhsilimizin, xüsusilə ali təhsilin inkişafına böyük töhfə və təkan verəcək", - deyə komitə sədri əlavə edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/749387.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR