Hyuston Universitetinin rektoru Bakı Ali Neft Məktəbində olub - FOTO

Hyuston Universitetinin rektoru Bakı Ali Neft Məktəbində olub - FOTO
10:32 15 Yanvar 2015
83 Sosial
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Hyuston Universitetinin rektoru xanım Renu Xatur Bakı Ali Neft Məktəbində olub
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun dəvəti ilə Azərbaycanda səfərdə olan ABŞ-ın Hyuston Universitetinin rektoru və prezidenti Renu Xatur və rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdilər. Daha sonra onlar Bakı Ali Neft Məktəbində bir sıra görüşlər keçirblər.

BANM İctimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, qonaqları Azərbaycanda və Bakı Ali Neft Məktəbində görməkdən məmnunluğunu ifadə edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Azərbaycanla ABŞ arasında olan əlaqələrin tarixindən danışdı. E.Qasımov 1976-cı ildən qardaşlaşmış şəhərlər olan Bakı və Hyuston arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirdi. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan-ABŞ əlaqələrinin müasir şəraitdə inkişafına xüsusi diqqət göstərməsi sayəsində iki ölkə arasında çoxşaxəli əməkdaşlıq əlaqələrinin BANM-in yaranma tarixi, fəaliyyəti, məqsədləri və qısa zamanda əldə etdiyi uğurları haqqında qonaqlara geniş məlumat verdi. O, BANM və Hyuston Universiteti arasında Neft-qaz mühəndisliyi, Kimya mühəndisliyi ixtisasları üzrə qarşılıqlı əməkdaşlığın qurulmasında və bu əməkdaşlıq çərçivəsində tələbə və mütəxəssislərin mübadiləsi, tədris proqramlarının hazırlanması və tətbiqi, birgə tədqiqatların aparılması və digər məsələlər üzrə fəaliyyət göstərilməsində maraqlı olduğunu birldirdi.

Öz növbəsində, ABŞ-ın Hyuston Universitetinin rektoru və prezidenti Renu Xatur Azərbaycana ilk dəfə səfər etdiyini xatırlatdı və bu dəvət üçün Bakı Ali Neft Məktəbinin rektoru E.Qasımova öz dərin təşəkkürünü bildirdi. O, təhsil əlaqələrinin ölkələrarası münasibətlərin inkişafında mühüm əhəmiyyət daşıdığını bildirdi.

Görüşdə, eyni zamanda, BANM və Hyuston Universiteti arasında gələcək qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olundu.
Birgə magistr hazırlığı ilə bağlı hər iki ali məktəb arasında Razılaşma Protokolu imzalandı.

Sonra ABŞ-ın Hyuston Universitetinin rektoru və prezidenti Renu Xatur BANM-in professor-müəllim heyəti və tələbələri ilə görüş kecirdi. Görüşdə Hyuston Universiteti haqqında tələbələrə geniş məlumat verildi, universitetin professor-müəllim heyəti dünyaca tanınmış və təcrübəli elmi işçilər, onların bir çoxu Nobel və Toni mükafatçıları olduqları qeyd olundu. Renu Xatur rəhbərlik etdiyi Universitetin tələbələrinin etnik tərkibinin müxtəlifliyinə görə ABŞ-da ikinci ən böyük universitet olduğunu və burada təhsil alan tələbələrin ümumi sayının 40.750 nəfər təşkil etdiyini tələbələrin diqqətinə çatdırdı.

Sonda Hyuston Universitetinin rektoru və prezidenti Renu Xatura Bakı Ali Neft Məktəbinin “Fəxri Qonaq” diplomu təqdim edildi.

Səfər çərçivəsində qonaqlar üçün Bakının tarixi və müasir mədəni yerlərinə səfərlər, həmçinin BANM-in tikilməkdə olan yeni kampusu və Bibiheybət neft mədənləri ilə tanışlıq təşkil olundu.

Məlumat üçün bildirək ki, Renu Xatur 29 iyun 1955-ci ildə Hindistanda anadan olmuşdur. Kanpur Universitetində mühəndislik ixtisası üzrə bakalavr təhsilini almışdır. Magistratura və doktorantura təhsillərini isə Purdu Universitetində politologiya ixtisası üzrə almışdır. Beynəlxalq ekologiya siyasəti sahəsində tanınmış alimlərdən olan R.Xatur bu mövzuda çoxsaylı kitab və məqalələrin müəllifidir. Hyuston Universitetinə təyin olunmazdan öncə Florida Universitetində 22 il müddətində müxtəlif vəzifələrdə çalışmışdır. 2008-ci ildən etibarən R.Katur həm Hyuston Universiteti Şəbəkəsinin prezidenti, həm də universitetin rektorudur. Bu universitetin ilk qadın rektoru və ABŞ-da elmi-tədqiqat yönümlü ali təhsil müəssisəsinə rəhbərlik edən ilk Hindistanlı immiqrantdır. Hazırda Amerika Təhsil Şurası, Dallas Federal Ehtiyatlar Bankı, Böyük Hyuston Tərəfdaşlığı, Hyuston Texnologiya Mərkəzi, Texas Tibb Mərkəzinin Siyasi Şurası, Biznes üzrə Ali Təhsil Forumu və Xarici Əlaqələr Şurasının üzvüdür.

Xatırladaq ki, Hyuston Universitetində Xocalı soyqırımı, eləcə də Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı bir sıra tədbirlər hər il ənənəvi olaraq keçirilir.

Milli.Az





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR