Almanlar 200 il sonra Göygöldə - FOTO

Almanlar 200 il sonra Göygöldə - FOTO
00:28 25 Aprel 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyevin “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” Sərəncamına uyğun olaraq, alman mədəniyyəti və məişətinin respublikamızın müxtəlif yerlərindəki izləri tarixin yadigarları kimi qorunur və nəsildən nəsilə ötürülür. Bu xüsusda, düz iki əsr bundan əvvəl alman qəsəbəsi kimi salınmış Helenendorf, indiki Göygöl şəhərinə vaxtilə burada yaşamış almanların törəmələrinin səfəri böyük maraq doğurub.

Publika.az xəbər verir ki, alman qonaqlar Göygöl şəhərinin tarixi, mədəniyyəti, sosial-iqtisadi vəziyyəti, turizm imkanları, eləcə də burda qorunan tarixi alman izləri barədə ətraflı bilgi əldə ediblər.

Qonaqlar Göygölün küçələrini gəzərək alman izlərinin necə qorunduğunun canlı şahidi olmaq imkanı əldə ediblər. İki əsr bundan əvvəl Çar Rusiyasının razılığı ilə könüllü olaraq Almaniyanın Vürtenberq vilayətindən yüzlərlə alman ailəsi imperiyanın bir sıra ərazilərində, o cümlədən Cənubi Qafqazda yerləşdirilib. O cümlədən Gəncə yaxınlığındakı Xanlıqlar adlanan kənddə ilk mərhələdə 118 alman ailəsi məskunlaşdırılır. Beləliklə, 1819-cu ildə Xanlıqlar kəndi Helenendorf adlı alman koloniyasına çevrilmiş olur. Tezliklə Helenendorf daha da genişlənir, əhalinin sayı artır, küçələr salınır və bu küçələrdə həmin dövrün alman memarlığına xas olan 600-ə qədər ev tikilir. Helenendorf almanları Rusiyanın iqtisadi həyatına da öz töhfələrini veriblər. O cümlədən, şərabçılıqla məşğul olan Hummel və Forer qardaşlarının adları Avropa sənaye bazarında çox məşhur olub.

Almanlar məskunlaşdıqları və qaynayıb qarışdıqları bu yerləri İkinci Dünya müharibəsi dövründə tərk etmək məcburiyyətində qalsalar da, onların özlərindən sonra qoyub getdikləri tarixi-mədəni irs, bu günədək qorunub saxlanılıb. Almaniyalı qonaqlar Göygöl şəhərinə bu dəfəki səfərlərində özlərinin Pasxa bayramını dədə-babalarının doğma yurdlarında keçirmək arzularını da gerçəkləşdiriblər. Onlar 1854-cü ildə tikilmiş Alman Lüteran kilsəsində öz dini ayinlərini icra edib, bayramlaşıblar. Amma ən kövrək anlar Göygöldə iki alman qəbristanlığında yaşanıb. Əcdadlarının qəbirlərini ziyarətə gələn qonaqlar öz təəssürütlarını da məhz burada bölüşüblər.

Almaniyalı qonaqlar həmçinin füsünkar təbiəti olan Göy gölə də gediblər.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/maraqlitarix/276669.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR