Makron hücuma keçir: Fransa Prezidenti "Avropanın xilaskarı" rolunda

Makron hücuma keçir: Fransa Prezidenti "Avropanın xilaskarı" rolunda
16:47 25 Aprel 2019
130 Dünya
Ölkə mətbuatı
A- A+

Avropa İttifaqının (Aİ) bir müddətdir ki, çətinliklərlə üz-üzə olduğu barədə informasiyalar yayılır. Burada müxtəlif səbəblər göstərilir. Ekspertlər təşkilatın bu vəziyyətdən çıxarılması yolları barədə qəti fikir irəli sürə bilmirlər. Çünki proseslər o qədər mürəkkəb xarakterlidir ki, onların aradan qaldırılması vahid mövqe və siyasi iradə tələb edir. Aİ isə nəinki daha sıx birləşir, hətta dövlətlər onu tərk etməyə çalışırlar. Bir sıra üzv dövlətlər isə inteqrasiyadan deyil, milli müstəqillikdən bəhs edirlər. Bunun fonunda Fransa Prezidenti Emmanuel Makronun "Avropanın xilaskarı" imici ekspertləri düşündürür. Həm də ona görə ki, son dövrlərdə Fransa Prezidenti müəyyən yanlış addımlar atır və eyni zamanda, ölkədə xalqın qəzəbinə tuş gəlib. Belə bir vəziyyətdə Avropanın gələcəyi haqqında nikbin proqnoz vermək çətindir. O cümlədən may ayının 23-26-da Avropa Parlamentinə (AP) keçiriləcək seçkinin nəticələri ilə bağlı fikir bildirmək asan deyil. Bu məqamların fonunda E.Makronun 24 dildə dərc olunmuş bir məqaləsi üzərində geniş dayanmağa ehtiyac vardır.

Prezidentin qayğıları: seçkidə verilən vədlərdən sonra...

Milli.Az newtimes.az-a istinadən xəbər verir ki, Fransa Prezidenti E.Makron son zamanlar ekspertlərin daha çox maraq göstərdiyi siyasi fiqurlardandır. Bunun üç səbəbinin olduğunu düşünürük. İlk öncə, seçki təbliğatı zamanı o, Avropa ilə bağlı diqqətləri çəkən vədlər verdi. Avropa ordusunu yaradacağını, Aİ-də inteqrasiyanı gücləndirəcəyini, avro zonasında fikir birliyini yüksəldəcəyini və başqa tezisləri irəli sürürdü. Bunun fonunda avropalılar E.Makrona "Qoca qitə"nin geosiyasi, siyasi, iqtisadi və mədəni xilaskarı kimi baxmağa başladılar. Bu, seçki zamanı yaxşı imic idi. Lakin sonralar vəziyyət E.Makronun hesablaya bilmədiyi istiqamətdə dəyişdi.

İkinci aspekt E.Makronun Fransanı daha üstün geosiyasi oyunçu səviyyəsinə çıxarmaq planı ilə bağlıdır. O, prezident seçiləndən sonra bu istiqamətdə müəyyən addımlar atdı. Və dərhal Vaşinqtonun müqaviməti ilə qarşılaşdı. Eyni zamanda, Böyük Britaniya və Almaniya öz iradəsini göstərdi. Nəhayət, İtaliya ilə açıq münaqişə yarandı.

Üçüncü aspekt Fransada "sarı jiletlilər"in kütləvi etiraz aksiyaları ilə bağlıdır. E.Makrona Avropanı xilas edə biləcək lider kimi yanaşanlarda müəyyən şübhələr yarandı. Bu, "sarı jiletlilər"ə kənardan dəstək verildiyinin rəsmi şəxslər tərəfindən etiraf edilməsi fonunda özünü göstərdi. Fransa rəhbərliyi konkret ünvan da göstərdi: ABŞ və Rusiya! Belə çıxır ki, Avropanı birləşdirməkdən danışan bir lider, heç öz ölkəsini kənar müdaxilələrdən qoruya bilmir. Və bu imic həm Vaşinqtona, həm də Moskvaya sərf edir. Çünki onların heç biri Avropanı özlərinə rəqib ola biləcək geosiyasi güc kimi görmək istəmirlər. Üstəlik, Fransa özünü liberal demokrat kimi İtaliyaya göstərmək istədiyində (başlıca olaraq, miqrant məsələsində) Romanın təhqiramiz münasibəti ilə qarşılaşdı. Nəticədə, seçki öncəsi E.Makronun imicindən əsər-əlamət qalmadı.

Fransanın lider olmaq arzusuna E.Makronun qondarma "erməni soyqırımı" ilə bağlı şovinist, əsassız və antidemokratik qərar verməsi də zərbə vurdu. Ona Fransanın Afrika və Yaxın Şərqdə törətdiyi kütləvi qırğınları xatırlatdılar. Göründü ki, E.Makron bütün məsələlərdə obyektiv ola biləcək lider deyil.

İndi qarşıda onun üçün daha çətin ola biləcək bir sınaq dayanır. May ayında Avropa Parlamentinə seçkilər olmalıdır. Orada E.Makron uduzsa, siyasi karyerasını bitmiş hesab edəcəklər. Hazırda AP-də mötədil sağlarla solların koalisiyası üstünlük təşkil edir. 1979-cu ildən bu günə qədər AP-də çoxluğu Avropa Xalq Partiyası (sağlar) və sosial-demokratların mütərəqqi alyansı (sollar) təşkil edirdi. Parlamentdə çoxluğu almaq üçün ən azı 353 yerə sahib olmaq lazımdır. Keçirilən sorğular göstərir ki, bu alyans indi 300 civarında yer ala bilər. Deməli, 1979-cu ildən bu yana gözlənilən ənənə pozula, bu da AP-də ya radikal sağların, ya da solların üstünlüyünə gətirib çıxara bilər. Belə olsa, Aİ-də inteqrasiyanın taleyi ciddi surətdə sual altına düşür. Bu səbəbdən Fransa və Almaniyadakı avrointeqrasiya tərəfdarları narahatdırlar. Onlar seçkidə mütləq uğur qazanmaq strategiyasını seçiblər. Bu baxımdan E.Makronun da təlaşı başa düşüləndir. Həm də ona görə ki, Fransada solçu Marin Le Penin nüfuzu artır. Sorğular göstərir ki, AP-də M.Le Pen 21, E.Makronun "İrəli, Respublika!" bloku isə 22 yer ala bilər! Fərq çox cüzidir və qüvvələr balansı dəyişə bilər.

Xilaskar imici: onu necə xilas etmək olar?

"Le Monde" nəşri bütün bunları nəzərə alaraq yazır ki, "əgər Prezident bu savaşı qazansa, legitimliyini özünə qaytara biləcək, uduzsa, islahatları aparmaq onun üçün mürəkkəb olacaq" (bax: Européennes: Macron monte au front / "Lemonde.fr", 4 mart 2019).

Ekspertlərin rəyinə görə, bunları E.Makron da yaxşı başa düşür və hamını qabaqlayaraq özünün təbliğat kampaniyasına başlayıb. Martın 4-də Aİ ölkələrinin hər birinin dilində - 24 dildə E.Makronun "Avropa dirçəlişi naminə" adlı geniş məqaləsi dərc olunub (bax: "Pour une Renaissance européenne": la lettre d'Emmanuel Macron aux Européens / "Le Parisien", 4 mart 2019).

Məqalədə Fransa Prezidenti bir sıra yerlərdə çox emosionaldır. O yazır ki, "İkinci Dünya müharibəsindən sonra heç bir vaxt Avropanın indiki kimi əhəmiyyəti yüksək olmayıb. Ancaq Avropa heç zaman bu qədər də təhlükədə olmayıb" (bax: əvvəlki mənbəyə). Təhlükə kimi o, Böyük Britaniyanın Aİ-dən çıxmasını və Avropanı böhranın bürüməsini, Aİ-nin öz vətəndaşlarının müasir dünyanın təlatümlərindən müdafiə olunmaq tələbatlarına reaksiya verə bilməməsini göstərib.

E.Makron bəzi təkliflər irəli sürüb. Onların sırasında Avropa ordusunun yaradılması da var. Bu ideyanı o, bir neçə vaxtdır ki, müdafiə edir. Lakin reallaşdırma mexanizmləri hələlik məlum deyil. Aİ-dən çıxmasına baxmayaraq, Böyük Britaniyanı da E.Makron bu prosesdə görür. Digər məsələ "Demokratiyaların müdafiəsi üçün Avropa Agentliyi"nin yaradılması ilə bağlıdır. Fransa Prezidenti hesab edir ki, bu agentlik Avropa siyasi partiyalarının kənardan - "xarici böyük dövlətlər" tərəfindən maliyyələşdirilməsinin qarşısını almalıdır. Yəni hazırda belə hallar vardır və bir çox partiyalar başqa dövlətlərin pulu hesabına Avropanı qarışdırır.

Onun digər təklifi Avropada innovasiyalar üzrə şuranı yaratmaqla bağlıdır. Bu, Aİ-yə texnoloji tərəqqidə irəli çıxmağa imkan verə bilər. Müasir mərhələdə texnika və texnologiyalar sahəsi böyük əhəmiyyət kəsb edir. Bu sahədə başqalarından asılı olan dövlətlər suveren ola bilməz.

Bunlardan başqa, E.Makron Şengen zonasını gücləndirməyi də düşünür. Təklif edir ki, bunun üçün Aİ-nin sərhədləri vahid xidmətlə qorunsun, sığınacaq verilməsi üzrə ümumavropa institutu yaradılsın. Məlumdur ki, İtaliya, Macarıstan, Çexiya və bir sıra başqa dövlətlər bu təkliflərə qarşı çıxırlar. Ancaq E.Makron hesab edir ki, indiki mərhələdə Avropanı yalnız ümumi səylərlə təhlükələrdən qorumaq mümkündür.

Nəhayət, E.Makron təklif edir ki, bu ilin sonuna qədər Avropa üçün konfrans keçirilsin. Fikirlər fərqli olsa da, hər şey açıq danışılsın və ortaq mövqeyə gəlinsin. Əgər bu, baş verməsə, hərəkətsiz Avropadan dinamik Avropa daha yaxşıdır.

Fransa Prezidenti millətçilərlə bağlı da çağırış edib. O yazıb ki, bu siyasi dairələrə "...xalqın hiddətindən öz məqsədləri üçün istifadə etməyə imkan verməməliyik. Biz zəifləyən Avropanın somnambulası (Ay adamı xəstəliyinə tutulmuşları - red.) ola bilmərik" (bax: əvvəlki mənbəyə).

Belə görünür ki, artıq Avropanın böyük dövlətləri Avropa İttifaqının taleyindən əməlli-başlı narahatdırlar. Onlar bir çox sahələr üzrə problemlərin yarandığını etiraf edirlər. Bu proses daxilində Aİ-də fərqli siyasi görüşləri olan partiyaların, o cümlədən Avropada inteqrasiyaya mane olmaq istəyənlərin mövqeləri getdikcə güclənir. E.Makronun məntiqinə görə, həmin qüvvələr xaricdən maliyyələşdirilir. Konkret deyilsə, Aİ-nin siyasi problemlərinin kənar sifarişçiləri var. Bu hal həm Qərb siyasi həyatında, həm də bütövlükdə dünyada maraqlı vəziyyətdir. Onun, təbii ki, daha geniş izaha ehtiyacı vardır.

Maraqlıdır ki, Avropa siyasətçilərinin heç biri bu məsələlərin meydana gəlməsinin daxili səbəblərini axtarmırlar. Onlar daha çox kənardakı qüvvələri günahlandırırlar. Bu da ümumən mövcud problemlərin öhdəsindən gəlməkdə ciddi maneələr yaradır.

Ancaq E.Makron obyektiv vəziyyətdən öz xeyrinə də istifadə etməyə çalışır. Belə ki, o, Avropa Parlamentinə seçki ərəfəsində bu məsələlərdən bəhs edir. Bu isə o deməkdir ki, seçkidən sonra E.Makronun indi irəli sürdüyü tezisləri reallaşdıra biləcəyi məlum deyil. Bunu onun siyasi rəqibləri də hiss edirlər. Bu səbəbdən onlar da öz təbliğatlarını qura bilirlər. Sorğuların nəticələrinə görə, nüfuz məsələsində sağlarla sollar arasında elə də fərq qalmayıb. Bu da may ayında keçiriləcək seçkinin nəticələrini qeyri-müəyyən edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/749739.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR