Məcburi köçkün ailələrinin uşaqları F1 yarışının hazırlığı ilə tanış olublar

Xarici İşlər Nazirliyi, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) və Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının birgə təşkilatçılığı ilə 2019-cu ilin 26-28 aprel tarixlərində Bakıda keçiriləcək Formula 1 SOCAR Azərbaycan Qran Prisi çərçivəsində “Racing for Peace” (Sülh Naminə Yarış) şüarı altında yeddi məcburi köçkün ailəsinin uşaqları üçün yarış öncəsi pit yolu, eləcə də əyləncə zonasına gəzintilər təşkil olunub.

Metbuat.az xəbər verir ki, uşaqlar böyük həvəslə paytaxt Bakıda keçirilən Qran Pri yarışına hazırlıq prosesi ilə tanış olub, bu yarışlarda iştirak etmək üçün ölkəmizə gələn peşəkar Formula 1 komanda üzvləri, əcnəbi qonaqlar və həmyaşıdları ilə təmasda olmaq imkanı əldə edib və onlarda avto-idman sahəsinə xüsusi maraq yaranıb.

İcmanın üzvləri əslən Dağlıq Qarabağdan olan məcburi köçkün ailələrinin uşaqları üçün təşkil olunmuş bu sosial-humanitar layihəyə görə təşəkkürünü ifadə edərək, bu aksiyanın Azərbaycanın BMT-nin “sülh və inkişaf naminə idman” proqramının məqsəd və məramlarına sadiqliyinin növbəti nümunəsi olduğunu bildiriblər.

Bundan əvvəl ölkəmizdə keçirilən beynəlxalq şahmat turniri çərçivəsində “sülh naminə şahmat” oyununda iştirak edən uşaqlar Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edildikdən sonra doğma torpaqlarında bu gün Bakıda olduğu kimi, sülh, əmin-amanlıq və multikulturalizm şəraitində avtomobil idmanı yarışlarının keçiriləcəyinə ümidvar olduqlarını ifadə ediblər.

BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai təmsil etdiyi şirkətin dostluğa və anlaşmaya xidmət etdiyini qeyd edərək, korporativ sosial məsuliyyət, cəmiyyətə töhfə və uşaqlara qayğı kimi dəyərləri daim rəhbər tutduqlarını bildirib.

Sonda BŞH tərəfindən uşaqlara Formula 1 yarışları üçün xarakterik olan hədiyyələr və suvenirlər verilib.

Kənan Məmmədov / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR