ADU-da “Heydər Əliyev və ədəbiyyatımız” mövzusunda tədbir keçirilib (FOTO)

ADU-da “Heydər Əliyev və ədəbiyyatımız” mövzusunda tədbir keçirilib (FOTO)
18:29 25 Aprel 2019
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Dillər Universitetində (ADU) Filologiya və jurnalistika fakültəsinin Azərbaycan ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə “Heydər Əliyev və ədəbiyyatımız” mövzusunda tədbir keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, Azərbaycan ədəbiyyatı kafedrasının müdiri akademik Muxtar İmanov ümummilli lider Heydər Əliyevin Azərbaycan ədəbiyyatı nümayəndələrinə göstərdiyi diqqət və qayğıdan danışıb:

“Heydər Əliyevin Azərbaycan ədəbiyyatına və ədəbiyyat adamlarına münasibəti dövlət siyasətinin tərkib hissəsidir. Heydər Əliyev Azərbaycan ədəbiyyatındakı hadisələrə tarixilik nöqteyi-nəzərdən yüksək qiymət verirdi. Nəzərdə tutduğu əsas hədəflərdən biri Azərbaycan tarixini, onun mədəniyyətini dünyaya tanıtmaq idi. Müstəqillik dövrünün Azərbaycan tarixində Heydər Əliyevin ən nəhəng ilk addımı “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin UNESCO səviyyəsində keçirilməsidir”.

M.İmanov ümummilli liderin rəhbərliyi ilə Azərbaycan ədəbiyyatının inkişafı istiqamətində görülən böyük işlərdən geniş söz açıb.

Daha sonra “Heydər Əliyev və ədəbiyyatımız” mövzusunda videoçarx nümayiş olunub.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Elnarə Akimova Heydər Əliyev siyasətinin öncə ədəbiyyatdan başladığını qeyd edib: “Heydər Əliyev əvvəlcə milli məfkurəni, sonra müstəqil dövləti yaratdı. Heydər Əliyevin həyata keçirdiyi siyasət bənzərsiz tarixi mahiyyətinə görə Azərbaycanın ictimai fikrinin təməl daşına çevrildi”.

E.Akimova ulu öndərin Azərbaycan ədəbiyyatının klassik nümayəndələrinin yubileylərinin keçirilməsi, milli əsərlərin dünya miqyasında tanıdılması, şair və yazıçılara fəxri adların və mükafatların verilməsi haqqında ətraflı danışıb.

Azərbaycan ədəbiyyatı kafedrasının dosentləri Dilbər Zeynalova və Nurlanə Mustafayeva ulu öndər Heydər Əliyevin Azərbaycan ədəbiyyatındakı rolu və ona olan sevgisindən danışıblar.

Tədbir müzakirələrlə yekunlaşıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3052339.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR