Şirlər niyə Danyal peyğəmbərə hücum edə bilmədi?

Şirlər niyə Danyal peyğəmbərə hücum edə bilmədi?
20:12 28 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Həzrət Danyal - Bəni-İsrayil peyğəmbərlərindən biri olmuşdur. Bu peyğəmbərin (ə) adı Quranda zikr edilməmişdir. Ancaq hədislər bizə onun haqqında kifayət qədər məlumat vermişdir. Danyal peyğəmbər (ə) də Yusif (ə) peyğəmbər kimi yuxu yozumu elminə malik olmuşdur. O, Həzrət Davudun (ə) nəslindəndir. O, Yəhudanın nəvəsidir. Beytul-müqəddəsdə dünyaya gəlmişdir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Miladdan əvvəl 655-ci ildə Babil padşahı onu əsir tutur. Onu və başqa üç dostunu padşaha xidmət etmək üçün vəzifələndirirlər. O, yuxu yozumu elminə malik olduğu üçün şahın nəzərini cəlb edir və hökumətdə böyük vəzifəyə təyin edilir.

Babil şəhəri Kuruş tərəfindən fəth edildikdən sonra bütün yəhudilər azad edildilər və öz vətənlərinə qayıtdılar. Ancaq Danyal Kuruş ilə birlikdə İrana gəlir və onun tərəfindən xüsusi ehtirama sahib olur. Onun sarayında yüksək vəzifəyə təyin edilir.

Dariyuş hiylə ilə Kuruşu öldürür və onun taxtında əyləşir. Ancaq Danyal yenə də öz vəzifəsində qalır və ona xidmət edir. Dariyuşun bütün məmləkət üzrə 120 hakimi var idi. Onlara nəzarət etmək üçün üç vəzir təyin edir ki, onlardan biri də Danyal olur. Başqa vəzirlər ona həsəd aparır və onun eybini tapmağa çalışırlar. Ancaq əbəs yerə olur.

Nəhayət onlar şahın yanına gedib dedilər: "Biz vəzirlər təklif edirik ki, siz bir padşah olaraq belə bir qanun verəsiniz ki, insanlar 30 gün ərzində hacətlərini ancaq sizə desinlər, nə Allaha və nə də başqa insanlara. Əgər kimsə bu qanunu pozarsa, şirlərin quyusuna atılsın".

Padşah da bu qanunu verir və imzalayır.

Danyal bu qanundan xəbər tutan kimi evinə gedir və evinin yuxarısına çıxıb dua etməklə məşğul olur. O, adətən gündə üç dəfə Allaha dua edərdi.

O zaman ki, düşmənlər onu bu halda görürlər, şaha xəbər verirlər. Şah da bu qanunu verdiyinə peşman olur, çünki Danyala əziyyət vermək istəmir. Günəş batana qədər düşünür. Həmin vəzirlər bu zaman ərzində şaha iki dəfə müraciət edirlər. Nəhayət şah əmr edir ki, onu tutub şirlərin quyusuna atsınlar. Bir daş da gətirib quyunun üstünə qoyurlar ki, hər kəs ona nicat verə bilməsin.

Şah gecəni yata bilmir və səhər tezdən quyunun başına qaçır və qəmli səslə deyir: "Ey Danyal! İbadət etdiyin Allah sənə şirlərin əlindən nicat verə bildimi?".

Danyal cavab verdi: "Bəli, padşahım. Allah Öz mələyini göndərdi və bu şirlərin ağzını bağladı. Ona görə də mənə ziyan vura bilmədilər".

Padşah çox sevinir və əmr edir ki, onu quyudan çıxartsınlar. Danyalı quyudan çıxardan zaman görür ki, o sağ və salamatdır. Bu zaman əmr edir ki, həmin vəzirləri quyuya atsınlar. Elə ki, onları quyuya atdılar, şirlər onları parçaladılar.

O, bu hadisədən sonra dünyanın dörd tərəfinə məktub yazıb göndərir və bildirir ki, "siz gərək Danyalın Allahından qorxasınız və ona hörmət edəsiniz. Çünki onun Allahı cavidan və sağdır. O, yerdə və göydə möcüzəvi işlər görür. Danyalı şirlərin əlindən xilas edib".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/749580.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR