Zühur əlamətlərindən – Dəccalın gəlişi

Zühur əlamətlərindən – Dəccalın gəlişi
20:42 28 Aprel 2019
124 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Dəccal" dedikdə, İmam Mehdi (ə) inqilabından öncə zühur edən təkgözlü və qeyri-adi cüssəli bir şəxs nəzərdə tutulur. Hədis mənbələrindən onun yalnız müəyyən bir şəxs deyil, əksinə cəmiyyəti istənilən yolla öz ardınca çəkən, quruculuğa dair inqilab və islahat proqramlarının gerçəkləşməsinə maneə yaradan hiyləgər, fırıldaqçı və hoqqabaz insanlarla bağlı ümumi bir ad olması, həm də "Dəccal" sözünün leksik mənası asanlıqla anlaşılır. ("Dəcəl" sözündən alınmış "dəccal" sözü "yalançı" və "hoqqabaz" mənasını daşıyır.)

Termizinin "Səhih" kitabında İslam Peyğəmbərindən (s) nəql olunan məşhur bir hədisdə belə buyurulur:

إِنَّهُ لَمْ يَكُنْ نَبِيٌّ بَعْدَ نُوحٍ إِلَّا قَدْ أَنْذَرَ الدَّجَّالَ قَوْمَهُ وَإِنِّي أُنْذِرُكُمُوهُ

"Nuhdan (ə) sonra hər bir peyğəmbər öz qövmünü Dəccalın fitnəsi ilə qorxutmuşdur. Mən də sizi qorxuduram."

Milli.Az maide.az-a istinadən bildirir ki, şübhəsiz, keçmiş peyğəmbərlər öz qövmlərini yaşadıqları dövrlə minlərlə fasiləsi olan və axır zamanda zühur edəcək "Dəccal"ın fitnəsi ilə deyil, öz zəmanəsindəki "Dəccal"ın - hiyləgər və hoqqabazların - fitnəsi barədə xəbərdarlıq edərək qorxudurdu. Məxsusən, həmin hədisin sonunda belə buyurulur:

فَوَصَفَهُ لَنَا رَسُولُ اللَّهِ (ص) فَقَالَ: لَعَلَّهُ سَيُدْرِكُهُ بَعْضُ مَنْ رَآنِي أَوْ سَمِعَ كَلَامِي

"Sonra Peyğəmbər (s) onun xüsusiyyətini bizə açıqlayıb buyurdu: Ola bilsin ki, məni görən və ya sözümü eşidənlərdən bəziləri onun dövrünü görələr." ("Səhihi-Termizi", "Ma caə fid-Dəccal" bölümü, səh.42.)

Güclü ehtimala görə, hədisin bu hissəsi Əməvilər sülaləsi, "vəhy katibi" və "xalul-möminin" adı ilə camaatı doğru yoldan uzaqlaşdırıb cahiliyyət adət-ənənələrinə qaytaran, təbəqələşmə sistemini dirçəldən, səlahiyyətli və xeyirxah insanları vəzifədən kənarlaşdırıb cinayətkarları hakimiyyətə gətirən Müaviyə kimi hiyləgər, hoqqabaz və zülmkar insanlara işarədir. Yenə həmin kitabda nəql olunan növbəti bir hədisdə buyurulur:

مَا مِنْ نَبِيٍّ إِلَّا قَدْ أَنْذَرَهُ قَوْمَهُ وَلَكِنْ سَأَقُولُ لَكُمْ فِيهِ قَوْلًا لَمْ يَقُلْهُ نَبِيٌّ لِقَوْمِهِ : تَعْلَمُونَ أَنَّهُ أَعْوَرُ

"Elə bir peyğəmbər yoxdur ki, Dəccalın fitnəsi barədə qövmünü qorxutmasın. Mən isə sizə onun haqqında heç bir peyğəmbərin demədiyi bir sözü deyirəm. Bildirirəm ki, o təkgözlüdür..."

Bəzi hədislərdə Nuh peyğəmbərin dövründən söz açılması uzaq keçmişə, yaxud Nuh peyğəmbərdən əvvəlki cəmiyyətlərə hiyləgərlik və hoqqabazlığın hakim kəsilməməsinə işarə ola bilər. Nuh peyğəmbərdən öncə dəccallar və hiyləgər insanların olmamasına rəğmən, ilk ayin və şəriəti də elə o həzrətin özü gətirmişdir. Dəccalın "təkgözlü" adlanmasının isə xüsusi məna və izahı var ki, bu haqda söz açacağıq.

Bəzi hədislərə əsasən, İmam Mehdinin (ə) qiyamından öncə otuz Dəccalın zühur edəcəyi diqqəti özünə cəlb edir. ("Sünəni-Əbu Davud.") Hətta "İncil" kitablarında da onun zühurundan söz açılır. "Yuhanna" incilinin ikinci risaləsində (1-ci fəsil, cümlə 7-7) yazılır: "Eşitmişəm ki, Dəccal gələcək. Amma elə indinin özündə də çoxsaylı dəccallar vardır."

Başqa bir hədisdə İslam Peyğəmbəri (s) buyurur:

لاَ تَقُومُ السَّاعَةُ حَتَّى يخرج نحو من ستّين كذّاباً كلّهم يقولون انا نبى؛

"Peyğəmbərlik iddiası edən altmış nəfər yalançı zühur etməyincə, qiyamət bərpa olmayacaq." ("Biharul-ənvar", 52-ci cild, səh.209.)

Bu hədisdə "Dəccal" sözü işlənməsə də, ondan axır zamanda peyğəmbərlik iddiası edən yalançı və hoqqabaz insanların bir və ya bir neçə nəfərlə məhdudlaşmadığı başa düşülür.

Şübhəsiz, hər bir cəmiyyətdə inqilaba şərait yarandıqda, mənfi ünsürlər mövcud vəziyyətin qorunması üçün hegemon rejimlərin müdafiəsinə qalxır, ictimai-ideoloji məsələlərdən öz çirkin hədəflərini həyata keçirmək naminə istifadə edərək hiyləgərliyə əl atır və hətta inqilabruhlu şüarlar belə verirlər. Bu da qurucu inqilab və zəruri islahat proqramlarının gerçəkləşməsi uğrunda ən böyük maneə sayılır. Belə şəxslər bütün peyğəmbərlərin fitnə və aldadıcı planlar barədə öz ümmətlərinə xəbərdarlıq etdiyi dəccallardırlar. İmam Mehdinin (ə) zühuru və böyük inqilabından öncə dünya miqyasında ideoloji, psixoloji və ictimai dəyişikliklərə şərait yarandıqca, ardıcıl baş qaldıran dəccalların fəaliyyəti də artacaq və onlar insanların azğınlığa yönəlməsi üçün min cür hiyləyə əl atacaqlar. Əlbəttə, onlara böyük bir Dəccalın rəhbərlik etməsi də ehtimal verilir. Lakin bəzi rəvayətlərdə onun üçün göstərilən əlamətlər heç də simvol, işarə və kinayə xarakterli ifadələrə oxşamır. Məsələn, Əllamə Məclisinin "Biharul-ənvar" kitabında İmam Əlidən (ə) nəql etdiyi bir hədisdə onun aşağıdakı xüsusiyyətlərə sahib olması anlaşılır:

1. Onun alnının ortasında dan ulduzu tək parlayan və qan çanağına bənzəyən bir gözü olacaq;

2. Onun hər addımı bir "mil" məsafəsi qədər olan və sürətlə hərəkət edən ağrəngli ulağı (miniyi) olacaq;

3. O, allahlıq iddiası edəcək və dostlarını köməyə çağırdıqda, səsini bütün dünya eşidəcək;

4. O, dənizlərə girəcək, onun önündə camaatın ərzaq sandığı tüstüdən bir dağ, arxasında isə ağrəngli bir dağ duracaq;

5. O, zühur edərkən camaata qıtlıq üz gətirəcək və ərzaq tapılmayacaq... ("Biharul-ənvar", 52-ci cild, səh.192, Səsəə ibn Sövhanın nəql etdiyi hədisdən iqtibas edilmişdir.)

Şübhəsiz, Qurani-Kərim və hədis mənbələrində qeyd olunan dini məfhumlara simvolik məna verməyə haqqımız yoxdur. Çünki bu, rəy və şəxsi nəzərə əsaslanan təfsir hesablandığından, həm İslamda şiddətlə qadağan olunmuşdur, həm də əql və məntiqlə əsla uzlaşmır.

Qeyd edilənlərlə yanaşı, axır zamanda baş verəcək hadisələrlə bağlı bu sayaq kinayəli məfhumlar da az deyildir. Buna "Günəş qərbdən doğacaqdır!" - hədisini misal çəkmək olar. ("Biharul-ənvar", 52-ci cild, səh194.)

Mövzumuzla bağlı bu kimi məsələlər müasir elmlə uzlaşmayan ən çətin məsələlər sırasındadır. Günəşin qərbdən doğması yer kürəsinin hərəkət sisteminin dəyişilməsi deməkdir. Bu proses gözlənilmədən baş verərsə, yer üzünə hakim nizam pozulacaq; əgər tədrici şəkildə baş verərsə, gecə ilə gündüz iki-üç ay müddətinə qədər uzanacaq və bu da yer kürəsinə hakim nizam-intizamın pozulması ilə nəticələnəcəkdir!

Dəccalın əlamətlərindən söz açan uyğun hədisin davamında nəzərə bir təfsir çarpır ki, onun kinayə olduğunu aşılayır. Nəzzal ibn Səburə Səsəə ibn Sovhandan soruşur: "İmam Əli (ə) Dəccal haqqında söylədiyi sözünün davamında buyurur: "Ondan sonra baş verəcək hadisələr barəsində məndən bir şey soruşmayın..." O həzrətin bu sözdə məqsədi nə idi?"

Səsəə belə cavab verir:

إنَّ الَّذي يُصَلِّـي خَلْفَهُ عيسى بنُ مَريَمَ عليه السلام هُوَ الثاني عَشَـرَ من العِتْرَةِ، التَّاسِعُ مِنْ وُلْدِ الحُسينِ بن علي، و هوالشّمس الطّالعة من مغربها

"İsa peyğəmbərin, arxasında durub namaz qılacağı şəxs Əhli-beytin on ikinci üzvü və Hüseynin (ə) doqquzuncu övladıdır. Qərbdən doğan günəş məhz odur!" ("Biharul-ənvar", 52-ci cild, səh.195.)

Deməli, Dəccalın verilən xüsusiyyətlərlə simvolik xarakter daşıması təəccüb doğurmamalıdır. Burada soruşula bilər: "Onu necə təfsir və izah etmək olar?"

Bunun cavabında deyirik: "Həmin xüsusiyyətlərə sahib olan Dəccalın yalançılar, hoqqabazlar və maşınlı dünyanın zülmkar hakimləri kimi yozulması nəzərə çarpmayan məsələ deyil;

Əvvəla, onların bir gözü var və o da iqtisad gözü və maddi həyatdır. Onlar dünyaya bir gözlə baxır, yalnız öz maddi mənafelərini düşünür, məqsədləri uğrunda min cür fırıldaq və hiyləgərliyə əl atır və istismarçılıq siyasətindən əl çəkmirlər. Onlar mənəviyyat və insanlıq gözünü itirən hoqqabaz dəccallardırlar.

Onların sənaye və texnologiya sahəsində misilsiz müvəffəqiyyətlər qazanmış bu maddi gözü olduqca gözqamaşdırıcıdır.

İkincisi, onların sahib olduğu minik və nəqliyyat vasitələri olduqca sürətli (hətta, səsdən də sürətli) və yer kürəsini qısa müddət ərzində seyr etməyə qadirdir!

Üçüncüsü, onlar allahlıq iddiası edirlər. Kiçik bir zəlzələ, güclü tufan və əlacsız bir xəstəlik onların bütün tədbirlərini bir-birinə vurduğu halda, insanların taleyinin öz əllərində olduğunu və kosmik uçuşları və son model yeraltı gəmilərini dəlil gətirərək təbiət aləmini ram etdiklərini deyirlər. Bəli, Firon kimi zəif və aciz olmalarına baxmayaraq, allahlıq iddiasındadırlar.

Dördüncüsü, insanlar istismar, ayrı-seçkilik, müharibə və silah-sursatlara xərclənən böyük büdcələr və onun nəticəsində yaranan bədbəxtliklər kimi bir sıra səbəblər ucbatından ərzaq qıtlığına düçar olur və bəziləri də tab gətirməyib ölürlər. Yaşanan problemlərin əsas səbəbkarı olan Dəccal mövcud vəziyyətdən sui-istifadə edərək istismara xidmət edən dayaqlarını möhkəmlətmək məqsədilə cəmiyyətin yoxsul təbəqəsinə qayğı göstərməyə başlayır.

Belə acınacaqlı vəziyyətdə əhəmiyyət kəsb edən məsələ böyük xilaskar İmam Mehdinin (ə) həqiqi əsgərlərinin bir çox sadəlövh və zahirpərəst insanlar kimi dəccalsifətlilərə aldanmaması, ədalət və imana əsaslanan inqilabi tədbirləri icra etmək üçün münasib fürsətləri əldən verməməsidir. Əlbəttə, Dəccalla bağlı verilən təfsir ehtimala əsaslansa da, onun qəbul və ya inkarı əsas mövzuya xələl yetirmir. Çünki qeyd edilən xüsusiyyətlərə sahib olan Dəccalda müəyyən bir insan yox, onun kinayəli mənası nəzərdə tutulur! ("Hokuməte cahaniye həzrət Mehdi (ə.c)", Ayətullah əl-üzma Məkarim Şirazi, səh.72-77.)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/749590.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR