Azərbaycanlı tələbə ABŞ-da hakerlər marafonunda iştirak edib - VİDEO - FOTO

Azərbaycanlı tələbə ABŞ-da hakerlər marafonunda iştirak edib - VİDEO - FOTO
14:22 29 Aprel 2019
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin IV kurs tələbəsi Züleyxa İbad Boston Universitetində keçirilmiş qadınlar üçün "TechTogether Boston" hakatonunda iştirak edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, səfər Azərbaycan Gənclər və İdman Nazirliyinin köməkliyi ilə təşkil olunub.

"TechTogether Boston" dünyada qadınlar üçün təşkil olunan ən böyük hakatonlardan biridir. Forum iştirakçılarına öz ideyalarını 36 saat ərzində

həyata keçirmələri üçün imkan verilir.

Layihənin təşkilatçıları deyirlər ki, qadınların öz arzularını reallığa çevirmələri üçün onlara lazım olan resurslarla 36 saat ərzində təmin edilirlər: "Bunun üçün heç bir təcrübə tələb olunmur, təkcə texnologiyaların həyəcanlandırıcı dünyasını öyrənmək həvəsi kifayət edir. Lazımi qədər hazırlığı olmayan bir çox insanda texnologiyalar dünyası ilə tanış olmağa həvəs oyandırmaq üçün inklüziv mühit yaratmağa, eləcə də özümüzün layihə və yenilikçi məhsullarımızın hazırlanması üçün biliklərimizdən istifadə etməyə çalışırıq.

Hakaton (hackathon) ingilis dilindəki "hack" (haker) və "marathon" (marafon) sözlərinin birləşməsindən əmələ gəlib. Amma bunun problemli haker hücumları ilə heç bir əlaqəsi yoxdur. Bu, işləmçilər üçün texnoloji müsabiqədir. İnformasiya texnologiyaları üzrə mütəxəssislər müsabiqə zamanı hər hansı bir tapşırığın həlli üzərində birgə işləyirlər. Burada yaradıcı insanlar toplaşırlar, onlar üçün təqdim edilən mövzu maraqlıdır, qarşıya qoyulan problemi həll etmək istəyirlər və edə də bilərlər. Hakaton işləmçilərin forumudur. Proqram təminatının hazırlanması üzrə müxtəlif sahələrin mütəxəssisləri (proqramçılar, dizaynerlər, menecerlər) forum zamanı hər hansı bir problemin həlli üzərində birlikdə işləyirlər. Adətən hakatonlar bir gündən bir həftəyədək davam edir. Bəzi hakatonlar maarifləndirmə və ya sosial məqsədlər üçün nəzərdə tutulub, lakin əksər hallarda hakatonların vəzifəsi dolğun proqram təminatının hazırlanmasıdır. Hər bir hakaton müəyyən sahəyə, məsələn, proqramlaşdırma dilinə, əməliyyat sisteminə, tətbiqə, proqram interfeysinə cəmləşib.

Termin 1999-cu ildə əmələ gəlib, 2000-ci illərin ortalarında isə hakatonlar Silisium vadisində geniş şəkildə yayılıb. ABŞ-da sənayenin praktiki olaraq bütün liderləri miqyaslı hakatonlar keçirirlər. Onları "Facebook", "Google" və "TechCrunch" təşkil edirlər. Məsələn, 2010-cu ildə "TechCrunch" hakatonlarından biri çərçivəsində yaradılmış "GroupMe" tətbiqi sonradan "Skype"a 85 milyon dollara satılıb.

Hakatonlar necə keçirilir?

- Bir qayda olaraq, belə tədbirlər ümumi tanışlıq təqdimatı ilə başlayır, eləcə də toplanışların konkret məqsədləri səsləndirilir

- Sonra iştirakçılar öz ideyalarını irəli sürürlər və komandalar təşkil edilir, onlar ümumi maraqlar və bacarıqlara uyğun formalaşdırılır

- Ardından komandalar bilavasitə öz layihələri üzərində işləməyə başlayırlar. Bu cür iş bir neçə saatdan bir neçə günədək uzana bilər. Maraqlıdır ki, iştirakçılar burada yer tapsalar hətta yatırlar.

- Layihələr tədqiq olunduqdan sonra komandalar öz nailiyyət və nəticələrini təqdim edirlər. Çox vaxt bütün bunlar yarışlar qismində təqdim olunur, yarışda qalibləri müəyyənləşdirən və hədiyyələr verən münsiflər heyəti var. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/750664.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR