Bir ingilis 144 bokal pivəni necə içəcək? – SƏBUHİ MƏMMƏDLİ YAZIR

Bir ingilis 144 bokal pivəni necə içəcək? – SƏBUHİ MƏMMƏDLİ YAZIR
14:29 30 Aprel 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

AFFA-nın baş katibi Elxan Məmmədovun Rusiyanın “Sovetski sport” nəşrinə müsahibəsi Tofiq Bəhrəmovla başlayıb pivə ilə bitib. Və hər iki məqamda Bəhrəmov və pivə mövzusu ingilislərə yönəlik müstəvidə özünə yer elədi.
 
Xatırladaq ki, Məmmədov rus nəşrinə mayın 29-da Bakıda keçiriləcək Avroliqanın finalıyla bağlı müsahibə vermişdi. Daha dəqiqi onu, Bakının finala hazır olub-olmamasıyla bağlı müsahib etmişdilər. İngilis mövzusunun qabardılması isə təsadüfi deyildi. Çünki iki İngiltərə klubu - “Çelsi” və “Arsenal” hazırda bu turnirin yarımfinalçısıdırlar. Və onların finala çıxma ehtimalı isə böyükdür.
 
Açığı, mən də bu iki ingilis klubunun Bakı finalını arzulayardım. Əvvala, yarımfinaldakı rəqiblərindən bir baş üstündürlər, daha yaradıcı futbol oynayırlar. İkincisi də, bir dəfə qonağımız olublar. Hər ikisini də bura “Qarabağ” gətirib. Mənim kimi AFFA rəsmisi də igilis finalı arzulayır. Amma məndən fərqli Elxan Məmmədov fikirlərini belə əsaslandırıb. Və xeyli uzaqdan başlayıb.
 
Sitat: “Bilirsiz ki, DÇ-1966-nın həlledici oyunu ilə bizim birbaşa bağlılığımız var. Həmin finalın hakimi azərbaycanlı Tofiq Bəhramov olub. Tarixdən bildiyiniz kimi, o da ingilislərə yeganə dünya çempionluğunu qazandırıb. Düşünürəm ki, ingilislər də bunu xatırlayır.
İngiltərəli azarkeşlər üçün xüsusi Tofiq Bəhramov guşəsi hazırlayacağıq. Onları hakimin abidəsinin yanına da aparacağıq”. 
 
Çox gözəl, çox pakizə. Amma cənab Məmmədov bir qədər də irəli gedib:
 
“Əlbəttə, finalda ingilisləri görmək iqtisadi baxımdan da sərfəlidir. Tək pivə satışından bütün xərclərimizi çıxaracağıq”.
 
Hə, bax bu məqamda bir qədər düşünməli olduq. Bəs söhbət nədən gedir, niyə düşünməli olduq, izah edim.
Demək, elə baş katibin özünün açıqladığına görə, Bakı, yəni Azərbaycan tərəfi final oyununun təşkili üçün 7 milyon dollar xərcləyib. İngilis azarkeşlərinin pivəyə məhəbbətini isə dünyada bilməyən yoxdur. Xüsusi ilə matç ərəfəsi və oyun boyu ingilis fanatlar pivə dadmadan oyunun keyfini çıxarmırlar.  
 
Amma burda maraqlı bir məqam var. Baş katibin dediiynə görə, 65 min yerlik Olimpiya stadionunda azərbaycanlı azarkeşlər üçün finala 15 min bilet ayrılıb.
 
Sitat: “UEFA ilə razılığa görə 15 min bilet Azərbaycan azarkeşlərinə satılacaq. Hərəyə 10 min bilet finalçı komandaların payına düşəcək. Əminəm ki, stadion dolacaq və kulisdə futbol bayramı yaşayacağıq”.
 
Deməli, Bakıya ən yaxşı halda 20 min ingilis, daha doğrusu “Çelsi” və “Arsenal” azarkeşi gələcək. Lap 20 min də bu kulbların fanatı olmayan, amma milliyətcə ingilisi də siyahıya əlavə edək.
 
İndi isə adi bir hesablama aparaq.
 
7 milyon dollar 11 900 000 manat təşkil edir. 11 milyon 900 min manatı 40 minə böləndə təxminən 298 manat alınır. Bir pivənin ortalama qiymətinin də 2 manatdan hesablasaq, demək, hər bir ingilis Bakıda 149 bokal pivə içməlidir və baş katibin məntiqindən çıxış etsək, bunu mütləq etməlidir ki, 7 milyon xərci çıxardaq.
 
Dostumuz Amil Abuşovla bu məsələni müzakirə edəndə, o başqa bir hesablama apardı.
 
Sitat: “Heç kimə sirr deyil ki, bu günkü məzənnə ilə 7 milyon dollar 11 milyon 900 min manata bərabərdir. Həmin rəqəmi də, tutaq ki, 30 min ingilisin sayına bölək. Cavab 396,6-ya bərabərdir. Yəni, ingilislərin hər biri 400 manatlıq pivə içməlidi ki, baş katib yalançı çıxmasın. Normal insanın iki gün ərzində 30 bokal pivə içə biləcəyinə inansaq, onda qiymətin 13 manat olması lazımdı. Düzdü, pivənin çərəzləri də olacaq. Noxud, yaxud da
quru balığa xərclənən pulları da məbləğə əlavə etmək olar. Amma bir məsələ var ki, Bakıya gələn ingilislərin heç də hamısı pivə həvəskarı olmaya bilər. Ona görə də bu məqamı nəzərə almaq lazımdı”.
 
Məncə daha heç nəyi nəzərə almağa gərək yoxdu. Əsas odur ki, bir aydan sonra Bakıda futbol bayramı yaşanacaq. Pivələri hazır eləyin! İngilisdən nəyimiz əskikdir?

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/313032

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR