Deputat: Bundan sonrakı mərhələdə də Azərbaycan vətəndaşının rifahının təmin olunması ən ön planda gələcək

Deputat: Bundan sonrakı mərhələdə də Azərbaycan vətəndaşının rifahının təmin olunması ən ön planda gələcək
15:29 1 May 2019
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev – Trend:

Hazırkı tarixi inkişaf mərhələsində elə iqtisadi resurslar əldə etmişik ki, onun əsasında ən müasir və dinamik iqtisadiyyat qurmaq mümkündür. Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı hazırda iqtisadiyyatımızda yeni inkişaf strategiyasının hazırlandığını bildirdi:

“Bu fikir əslində ölkəmizdə bundan sonra da mühüm islahatlar aparılacağı və bu islahatların davamlı olacağına işarə idi. Çünki hazırda iqtisadiyyatın daha da inkişaf etdirilməsi üçün olduqca münbit şərtlər formalaşıb və bu, Azərbaycanda indiyə qədər həyata keçirilən iqtisadi siyasət sayəsində mümkün olub. Bu tarixi inkişaf mərhələsində biz elə iqtisadi resurslar əldə etmişik ki, onun əsasında ən müasir və dinamik iqtisadiyyat qurmaq mümkündür. Yeni iqtisadi inkişaf strategiyasının iqtisadi əsasları bunlardır. Onun sosial aspektlərinə və sosial fəlsəfəsinə gəldikdə isə əminliklə deyə bilərik ki, yeni strategiya da məhz Azərbaycan vətəndaşının sosial rifahı əsas götürülməklə müəyyən ediləcək. Çünki Prezident İlham Əliyev yeni inkişaf strategiyasından danışarkən bir daha qeyd etdi ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və vətəndaşın rifahı üçün əlimizdən gələni edirik".

H.Babaoğlu əlavə edib ki, bu fikirlər əslində elə yeni iqtisadi inkişaf strategiyamızın sosial fəlsəfəsi və mahiyyəti kimi qiymətləndirilməlidir:

"Dolayısilə, biz bundan sonrakı mərhələdə də Azərbaycan vətəndaşının rifahının təmin olunmasının ən ön planda gələcəyinə şahid olacağıq. Ancaq şübhəsiz ki, növbəti mərhələdə bəzi məsələlərin də prioritet təşkil edəcəyini gözardı edə bilmərik. Buraya sahibkarlığın daha da inkişafı, yeni sosial-iqtisadi modellərin tətbiqi, ərzaq və qida təhlükəsizliyinin təmin edilməsi, iqtisadiyyatın şaxələndirilməsi, yeni aqrar-sənaye müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kimya sənayesinin gücləndirilməsi və s. kimi çoxsaylı istiqamətlər daxildir ki, bütün bunlar da Azərbaycan iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsini təmin edəcək. Bundan əlavə, icbari tibbi sığortanın tətbiq edilməsi, aztəminatlı ailələrə sosial yardımların edilməsi, sosial problemlərin səmərəli formada öz həllini tapması kimi çoxsaylı prioritet istiqamətlər də daima diqqət mərkəzində olacaq".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3055187.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR