Bakıda yol qəzaları ən çox nə vaxt və harada baş verir?

Bakıda yol qəzaları ən çox nə vaxt və harada baş verir?
11:47 15 Yanvar 2015
206 Digər
Ölkə mətbuatı
A- A+

Ötən il paytaxtda yol-nəqliyyat hadisələrinin ən çox baş verdiyi vaxt və ərazilər açıqlanıb
Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsindən Trend-in rəsmi sorğusuna cavab olaraq bildiriblər ki, 2014-cü ildə Bakıda yol-nəqliyyat hadisələrinin baş verməsinin günün saatlarına görə təhlili göstərir ki, yol qəzaları paytaxtda əsasən saat 13:00-dan 18:00-dək və 20:00-dan 24:00-dək baş verir: "Qeyd olunan saatlar üzrə 447 hadisə baş verib. Nəticədə 159 nəfər ölüb, 429 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ümumi hadisələrin 49,6%-i, ölüm faktlarının 50,8%-i, xəsarət faktlarının isə 48%-i məhz bu ərəfələrdə qeydə alınıb. Yol qəzalarının baş verməsinin həftənin günlərinə görə təhlili isə göstərir ki, orta hesabla həftənin bütün günləri ərzində qeydə alınan hadisə, ölüm və xəsarət faktlarının sayı təxminən eyni olub”.

Ötən il qəzaların əksəriyyəti paytaxtın Mərdəkan-Bakı yolunda (21 hadisə, 12 ölüm, 19 xəsarət), Mərdəkan-Buzovna yolunda (21 hadisə, 9 ölüm, 17 xəsarət), Zığ şosesində (25 hadisə, 9 ölüm, 20 xəsarət), Şəhər şosesində (17 hadisə, 17 ölüm, 4 xəsarət), Azadlıq prospektində (27 hadisə, 6 ölüm, 23 xəsarət), Nobel prospektində (34 hadisə, 6 ölüm, 39 xəsarət), Heydər Əliyev prospektində (46 hadisə, 22 ölüm, 44 xəsarət), Ziya Bünyadov prospektində (28 hadisə, 9 ölüm, 26 xəsarət), Qara Qarayev prospektində (16 hadisə, 4 ölüm, 18 xəsarət), Neftçilər prospektində (13 hadisə, 1 ölüm, 14 xəsarət), Məhəmməd Hadi küçəsində (14 hadisə, 4 ölüm, 10 xəsarət) və 3-cü kənar dairəvi yolda (12 hadisə, 6 ölüm, 18 xəsarət) qeydə alınıb. Ümumən adıçəkilən bu yollarda 293 yol qəzası (32,5%) baş verib.

Ümumilikdə adıçəkilən bu yollarda baş vermiş qəzalar nəticəsində 113 nəfər (36,1%) ölüb, 244 nəfər (30,6%) xəsarət alıb.

Qeyd edək ki, 2014-cü il ərzində Bakıda 901 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 313 nəfər ölüb, 894 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Baş vermiş yol qəzalarında ölən 313 nəfərdən 221-si kişi, 76-sı qadın, 16-sı uşaq, xəsarət almış 894 nəfərdən 570-i kişi, 258-i qadın, 66-ı uşaq olub. 2013-cü illə müqayisədə hadisələrin sayı 110 fakt (10,9%), ölüm 29 fakt (8,5%), xəsarət 106 fakt (10,6%) azalıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR