Azər Əliyev idmançılarla görüşdü - FOTO

Azər Əliyev idmançılarla görüşdü - FOTO
14:38 2 May 2019
77 İdman
Ölkə mətbuatı
A- A+

Milli Olimpiya Komitəsinin baş katibinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev pauerliftinq üzrə paralimpiya milli komandasının üzvləri ilə görüşüb.

Azərbaycan Milli Olimpiya Komitəsinin ofisində baş tutan görüşdə Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov, birinci vitse-prezident Natiq Qasımov, baş katib Kamal Məmmədov, pauerliftinq komandasının baş məşqçisi İlqar İbişov, komandanın kapitanı Elşən Hüseynov, komandanın üzvləri Pərvin Məmmədov, Şamo Aslanov və Nurlan Babacanov iştirak ediblər.

Azər Əliyev pauerliftinq üzrə paralimpiya yığmasının Macarıstanın Eger şəhərində keçirilən Dünya Kubokundakı çıxışını yüksək qiymətləndirib. O, üç qızıl, bir bürünc medalla komandanın kişilər arasında birinci yerə layiq görüldüyünü xatırladıb.

Pauerliftinqin olduqca ağır idman növü olduğunu qeyd edən Azər Əliyev, bu idman növündə əzmli məşqlərin önəmli olduğunu bildirib. O, komandaya uğurlar arzu edib və əsas hədəfin gələn il Tokioda keçiriləcək yay paralimpiya oyunları olduğunu vurğulayıb.

Daha sonra MPK prezidenti İlqar Rəhimov paralimpiyaçılara göstərdiyi dəstəyə görə Azər Əliyevə minnətdarlığını bildirib. Onun sözlərinə görə, bu artıq pauerliftinqçilər ilə ikinci görüşdür: “Bundan öncə siz Milli Paralimpiya Komitəsinin ofisində pauerliftinq üzrə paralimpiya milli komandasının üzvləri ilə görüşdünüz. Bu görüş idmançılarımız üçün böyük stimul oldu. Onlar daim sizin dəstəyinizi öz üzərlərində hiss edirlər. Fürsətdən istifadə edərək komitə adından paralimpiyaçılarımızın dostu hörmətli Prezidentimiz cənab İlham Əliyevə göstərdiyi bütün diqqət və qayğıya görə minnətdarlığımızı bildiririk”.

Rəhimovun sözlərinə görə, idmançıların Macarıstanda keçirilən Dünya Kubokunda çıxışı tarixi hadisədir: “İlk dəfədir ki, böyük kollektiv ilə belə mötəbər beynəlxalq yarışda çıxış edən komanda üç üzvü qızıl, bir bürünc medalla qayıdırlar”.

Daha sonra İlqar Rəhimov 13-14 may tarixlərində Bakıda keçiriləcək para cüdo üzrə beynəlxalq qran-pri yarışının medallarının suverini Azər Əliyevə təqdim edib.

Pauerliftinq üzrə paralimpiya milli komandanın baş məşqçisi İlqar İbişov və komandanın kapitanı Elşən Hüseynov da öz çıxışında göstərdiyi dəstəyə görə Azər Əliyevə minnətdarlığını bildiriblər.

Qeyd edək ki, Macarıstanın Eger şəhərində keçirilən Dünya Kubokunda Pərvin Məmmədov (49 kq), Elşən Hüseynov (107 kq) və Şamo Aslanov (107 + kq) qızıl, Nurlan Babacanov (96 kq) isə bürünc medal qazanıb. (report)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/277468.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR