UNODA-nın xəbərdarlığı: nüvə müharibəsi təhlükəsi və regional münaqişələrdəki risklər

UNODA-nın xəbərdarlığı: nüvə müharibəsi təhlükəsi və regional münaqişələrdəki risklər
18:27 2 May 2019
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az bildirir ki, Newtimes.az analitik məqalə ilə çıxış edib. Məqaləni oxucularımıza təqdim edirik:

Artıq bir neçə ildir ki, ekspertlər qlobal miqyasda təhdid və risklərin artdığını, vəziyyətin daha da qeyri-müəyyən xarakter aldığını vurğulayır, bunu sübut edən konkret faktlar da gətirirlər. İndi BMT-nin Tərksilah Komissiyası həyəcan təbili çalır. Bu komissiya nüvə silahının yayılmaması ilə bağlı gələn il keçirilməli olan beynəlxalq tədbirə hazırlıq kontekstində maraqlı və düşündürücü hesabat hazırlayıb. Sənədin hazırlanmasında müstəqil ekspertlər də iştirak ediblər. Alınan nəticələr narahatlıq doğurur. Mütəxəssislər xəbərdarlıq edirlər ki, dünya kifayət qədər təhlükəli vəziyyətlə üz-üzədir. Konkret olaraq, ABŞ, Rusiya və Çin arasında güzəştsiz silahlanma yarışı gedir. Onlar sürətlə yeni silahlar yaratmağa və öz üstünlüklərini sübut etməyə çalışırlar. Nəticədə, bəşəriyyət üçün olduqca təhlükəli bir vəziyyət - hətta kiçik təsadüfdən belə qlobal savaşın meydana çıxma ehtimalı yaranır. Belə bir durumda nə etmək olar? Biz bu suala geosiyasi cavab üzərində geniş dayanmağı lazım bildik.

Amansız rəqabət: üç böyük dövlətin yaratdığı təhdidlər

Birləşmiş Millətlər Təşkilatının Tərksilah Komissiyasının (UNODA) son hesabatı dünya siyasətinin çox düşündürücü bir problemini ortaya qoyur. BMT açıq xəbərdarlıq edir ki, silahlanma üzərində nəzarət sistemi çökür. Bunun məntiqi nəticəsi isə dünya üçün fəlakətli olacaq. İndiyə qədər bu dərəcədə konkretliklə həmin problem dilə gətirilməmişdi. Daha maraqlısı odur ki, UNODA məsələnin səbəblərini və kökünü lakonik olaraq ifadə edib.

Hesabatda vurğulanır ki, silahlanma üzərində nəzarət sisteminin çökməsi bütün dünya, ilk növbədə, ABŞ, Rusiya və Çin üçün fəlakətlə nəticələnəcək. Bu böyük dövlətlər ciddi maliyyə problemləri ilə üzləşə bilərlər. Bəs niyə məhz bu üç dövlət?

Çünki məhz bu dövlətlər silahlanma və tərksilah üzrə nəzarət sisteminin tələblərinə əməl etmir, bununla da qlobal geosiyasi proseslərə dağıdıcı təsir edirlər. UNODA hesabatda vurğulayır ki, BMT-nin baş katibi Antonio Quterreş hələ ötən il dünyanı yeni "soyuq müharibə" təhlükəsi gözlədiyi barədə xəbərdarlıq etmişdi. Ancaq adları çəkilən ölkələr bundan bir nəticə çıxarmırlar və onlar arasında məhdudiyyətsiz silahlanma və gərginlik daha da artır. Xüsusilə ABŞ-la Rusiya arasında daha ciddi münaqişəli vəziyyət yaranıb. Lakin Vaşinqtonla Pekin arasında silahlanma və ticarət sahəsində rəqabət də güclənir.

Bununla üçtərəfli gərginlik zonası yaranır ki, bu da bütün dünyanı əhatə edir. Bu gərginlik ocağı bəşəriyyəti məhv edə biləcək hərbi potensiala sahibdir. Bu səbəbdən yaranmış vəziyyət təkcə həmin üç dövlətin deyil, bütün ölkələrin təhlükəsizliyini təhdid edir.

Ekspertlər bu kontekstdə daha qorxunc bir ssenaridən bəhs edirlər. Onlar hesab edirlər ki, hər hansı böhran və ya münaqişənin fonunda nüvə müharibəsi təhlükəsini istisna etmək olmaz. Hətta "hər hansı mexaniki səhvin, səhlənkarlığın və ya elektron cihazlardakı nasazlığın belə bütün bəşəriyyətin məhv olmasına səbəb olacağı" barədə xəbərdarlıq edirlər.

Onu da demək lazımdır ki, bu hesabatı yalnız Tərksilah Komissiyasının üzvləri hazırlamayıblar. Prosesdə kənardan dəvət olunmuş ekspertlər də iştirak ediblər. Nəzərdə tutulub ki, sənəd nüvə silahlarının yayılmaması haqqında müqavilə iştirakçılarının 2020-ci ildə keçiriləcək konfransı ərəfəsində aprelin 29-da başlayacaq hazırlıq sessiyasının müzakirəsinə təqdim olunsun. Bu, onu göstərir ki, həm BMT, həm də bütövlükdə ekspert dairələri problemə kifayət qədər ciddi yanaşırlar.

Əlbəttə, UNODA-nın narahatlığı tam əsaslıdır. Son illər ABŞ-Rusiya-Çin "üçbucağı"nda olduqca təhlükəli proseslər gedir. Bu ölkələr yeni-yeni və daha dağıdıcı silahlar yaradırlar. Bu, onlar arasında "kim daha güclüdür" yarışının səhnələrini xatırladır. Məsələn, Yaponiyada qəzaya uğramış "F-35A" qırıcı təyyarəsinin qalıqlarının Rusiya və Çinin əlinə keçməsini amerikalılar böyük fəlakət kimi qiymətləndirirlər. Onlar hesab edirlər ki, bu qırıcı özündə yeni hərbi sirlər gizlədir və onun rəqiblər tərəfindən öyrənilməsi müdafiəyə ciddi zərər vura bilər.

Çıxış yolu: beynəlxalq hüquq və BMT-də islahatlar

Bir anlığa təsəvvür edək ki, "F-35A"-nın hərbi sirlərini Moskva və ya Pekin öyrəndi. Sonra nə olacaq? ABŞ dərhal əks-addım atacaq və yeni silahlanma yarışı başlayacaq. Və ya amerikalılar Rusiyanın "Sarmat" ballistik raket sisteminin sirlərinə yiyələnsələr, Kreml hansı reaksiyanı verəcək? Eynilə yeni yarış başlayacaq.

Əslində, sözügedən üçlük ölkələri arasında intensiv silahlanma yarışının getdiyini təsdiqləyən informasiyalara tez-tez rast gəlirik. Üstəlik, onlar hərb meydanında da silahlarını sınaqdan keçirirlər. Məsələn, Suriyada ABŞ və ya İsrail raketlərinin Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilməsi imkanları məhz döyüş meydanında aydınlaşdırıldı. Konkret zərbələr isə Suriyaya endirildi. Bu o deməkdir ki, böyük dövlətlər üçün Suriya həm də öz silahlarının gücünü göstərmək üçün bir poliqondur. Burada insanların həlak olması və ya yurd-yuvalarından didərgin düşməsi onları elə də maraqlandırmır. Çox danışılsa, "terrorla mübarizə aparırıq", deyirlər.

İndi təsəvvür edək ki, bir başqa yerdə UNODA-nın göstərdiyi səbəb üzündən ixtilaf meydana çıxdı. ABŞ, Rusiya və Çin silah işlətməkdən çəkinəcəklərmi? Kim təminat verə bilər? Çox çətin məsələdir. Bu səbəbdən silahlanmaya nəzarət etməyə BMT-nin gücünün çatmaması olduqca təhlükəlidir. Bu vəziyyəti də yaradan məhz həmin dövlətlərdir. Onlar kimsəni dinləmədən dünya ağalığı iddialarını davam etdirirlər.

Buradan məntiqi geosiyasi nəticələr alınır. Hər şeydən öncə aydın olur ki, hazırda silahlanma sahəsində vəziyyət çox həssas bir nöqtəyə gəlib çıxıb. Adi və kiçik görünən təsirlər belə qlobal dünya nizamını tarazlıq vəziyyətindən çıxara bilər. Eyni zamanda, beynəlxalq təşkilatların yaranmış vəziyyətə müdaxilə imkanları çox məhdudlaşıb. Məsələn, BMT ancaq faktı fiksasiya edə və ya riskin olduğunu göstərə bilər. Bu vəziyyəti dəyişmək üçün isə onun təsir mexanizmləri yoxdur. Təhlükəsizlik Şurasının üzvləri kimsəni dinləmirlər. Belə bir vəziyyətdə nə etmək olar?

İlk növbədə, beynəlxalq təşkilatlarda islahatların aparılması zərurəti bir daha gündəmə gəlir. Özəlliklə, BMT-də bu proses təcili aparılmalıdır. Beynəlxalq hüquq normalarının pozulması hallarının qarşısı ciddi surətdə alınmalıdır. Dövlətlər arasında münasibətlər güc faktoruna deyil, məhz beynəlxalq hüquqa əsaslanmalıdır. Bu kontekstdə, görünür, BMT-nin Təhlükəsizlik Şurasının üzvlərinin sayının artırılması ilə bağlı irəli sürülən təkliflərə diqqət artırılmalıdır. Çünki qərar vermək haqqı nə qədər çox sayda dövlətdə olsa, obyektiv qərarlar da bir o qədər çox qəbul edilə bilər.

Bu sırada regional münaqişələrin həllinə də beynəlxalq hüquq normaları çərçivəsində yanaşılması məsələsi özlüyündə prinsipial əhəmiyyət kəsb edir. Bu məqam ABŞ-ın Ərəb-İsrail münaqişəsi ilə bağlı son addımları ilə daha da aktuallaşıb. Məsələn, ABŞ-ın dövlət katibi Mayk Pompeo məsələlərə yanaşmada ənənəvi ikili standartlara haqq qazandırmaq üçün münaqişələrə "yeni" meyarlar tətbiq etməyə çalışır. Guya Colan yüksəkliklərinin tutulması ilə Krımın ilhaqı arasında ciddi fərqlər varmış. "İsrail Colan yüksəkliklərini Suriyanın hücumundan müdafiə olunarkən işğal edib, Rusiya isə Krımı ilhaq edib, hərçənd, Ukrayna tərəfindən heç bir təhdid yox idi. ...Bu iki vəziyyətdən daha fərqli vəziyyət ola bilməz". Başqa sözlə, İsrail "təcavüzkar deyil, özünü qoruyur", Rusiya isə "təcavüzkardır, başqa torpaqlara hücum edir".

Bu fikir o dərəcədə bəsit və gülüncdür ki, adi məntiqə belə sığmır. Məsələn, özünümüdafiə bəhanəsi ilə istənilən təcavüzə haqq qazandırmaq olar! Yəni burada real vəziyyət deyil, hər şey kimin nə istəməsindən asılı olur. Təsadüfi deyil ki, ermənilər artıq Colan məsələsini misal kimi göstərməyə başlayıblar. Onun əsasını belə bir fikir təşkil edir: "İsrailə işğal etdiyi ərazini özününküləşdirmək olar, Ermənistana yox?".

Deməli, bu proses də dünyada geosiyasi mənzərəyə ciddi qarışıqlıq gətirə bilər. Onun qarşısı alınmasa, yeni silahlanma yarışlarının fonunda daha riskli bir situasiya yaranacaq. Bu məqam həm də onu göstərir ki, müasir dünyada qlobal vəziyyətlə regional və lokal hadisələr arasında sıx bağlılıq meydana gəlib. Təhlükə və risklər asanlıqla bu miqyasların birindən digərinə sürətlə sıçraya bilər. Onun ən yaxşı cilovu isə beynəlxalq hüquq normalarıdır!

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/751710.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR