İlham Əliyev: Ölkədə xarici sərmayələr üçün münbit biznes mühiti mövcuddur

İlham Əliyev: Ölkədə xarici sərmayələr üçün münbit biznes mühiti mövcuddur
21:03 2 May 2019
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu böyük problem və humanitar fəlakətə baxmayaraq, Azərbaycan müasir ölkəyə çevrilə bilib. Bizim fəal xarici siyasətimiz var. İqtisadi siyasətimiz ölkə əhalisinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına imkan yaradıb. Xarici siyasət sahəsində Azərbaycan etibarlı tərəfdaşdır. Biz İslam Əməkdaşlığı Təşkilatının fəal üzvüyük. Bizim Avropa İttifaqı ilə yaxın münasibətlərimiz var. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sənədlər qəbul edilib. Qeyd etdiyim kimi, “Bakı Prosesi” Avropa ilə müsəlman dünyası arasında körpülərin qurulması baxımından bizim töhfəmizdir.

Publika.az xəbər verir ki, bunu Prezident İlham Əliyev V Dünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxış edərkən deyib.

Azərbaycan Prezidenti bildirib: "Yəni, bizim xarici siyasət gündəliyimiz əməkdaşlığın, tərəfdaşlığın gücləndirilməsi və qarşılıqlı fayda üzərində qurulub. Bizim xarici siyasətimiz bizə əhəmiyyətli beynəlxalq nəqliyyat layihələrini reallaşdrımağa imkan yaradır. Müxtəlif ölkələrlə və tərəfdaşlarla yaxşı əməkdaşlıq olmadan bu layihələrin icrası mümkünsüz olardı. Son illər ərzində bizim iqtisadi inkişafımız enerji layihələrimizə söykənib. Qonşularımız və tərəfdaşlarımızla birlikdə biz şaxələndirilmiş neft-qaz kəmərləri vasitəsilə Xəzər dənizini Qara dənizlə və Xəzəri Aralıq dənizi ilə birləşdirə bildik. Bu isə bizim, qonşularımızın və dünyanın bir sıra ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi deməkdir. Bu gün biz Cənub Qaz Dəhlizinin həyata keçirilməsi üzərində fəal çalışırıq. Bu, artıq yeni miqyasda həyata keçirilən layihədir. O, 7 ölkəni birləşdirir və həmin ölkələrə layihədən faydalanmağa imkan yaradır.

Son 15 ildə bizim iqtisadiyyatımız ən sürətlə inkişaf edən iqtisadiyyatlar sırasında olub. Biz mühüm islahatlar həyata keçirmişik ki, bu da bizə ölkədə biznes mühitinin yaxşılaşdırılması və sərmayə cəlb etmək imkanı yaradıb. Dünya Bankının sonuncu “Doing Business” hesabatına görə, Azərbaycan dünyada 25-ci yerdə qərarlaşıb. Ölkədə xarici sərmayələr üçün münbit biznes mühiti mövcuddur.

Biz xarici borcumuzun azaldılması strategiyası üzərində çalışırıq. O, onsuz da aşağı səviyyədədir – ümumi daxili məhsulumuzun 19 faizi səviyyəsində. Eyni zamanda, biz iqtisadiyyatımızın şaxələndirilməsi, yoxsulluq və işsizliyin tamamilə aradan qaldırılması üzərində çalışırıq. Bu, gündəliyimizdə duran başlıca məsələlərdəndir. Çünki bizim iqtisadi inkişafımız insanlarımızın yaşayış səviyyəsinin yaxşılaşdırılması ilə nəticələnir. On beş il öncə əhalinin 50 faizi yoxsulluq səviyyəsində yaşayırdı. Bu gün bu göstərici 5-6 faiz səviyyəsindədir.

Yoxsulluq, işsizlik, sosial bərabərsizlik və savadsızlıq radikalizmin və ekstremizmin mənbələrindəndir. Azərbaycan beynəlxalq terrorizm, radikalizm və ekstremizmlə mübarizədə çox fəal tərəfdaşdır. Bununla yanaşı, biz dünyada İslam sivilizasiyasının dəyərlərini təbliğ edirik. Biz dünyanın müxtəlif yerlərində öz mədəniyyətimizi və digər tərəfdaş müsəlman dövlətlərinin mədəniyyətini əks etdirən çoxsaylı sərgi və təqdimatlar keçiririk.

Bağlılıq haqqında danışarkən istərdim Azərbaycanın iştirak etdiyi nəqliyyat layihələrini xüsusi qeyd edim. Biz bu layihələrə yalnız nəqliyyat bağlılığı kimi baxmırıq. Əslində, bu layihələr regionda ab-havanı dəyişir. Onlar geniş beynəlxalq əməkdaşlıq formatını yaradır. Azərbaycan qədim İpək Yolu üzərində yerləşir. Son illər yaratdığımız müasir nəqliyyat infrastrukturu artıq Azərbaycanı vacib tranzit ölkəyə çevirib. Yaxın qonşularımız və digər tərəfdaşlarımızla sıx əməkdaşlıq olmasa idi, biz tranzit ölkəyə çevrilə bilməzdik. Bunun üçün qonşular və tərəfdaşlar tələb olunur.

Nəqliyyat sahəsinə qoyulan sərmayələr avtomatik olaraq regionda daha da proqnozlaşdırıla bilən vəziyyət yaradır ki, burada ölkələr birgə faydalanır. Bizim siyasətimiz əməkdaşlıq, qarşılıqlı anlaşma və qarşılıqlı fayda vasitəsilə məqsədlərimizə nail olmaq və ölkəni gücləndirməkdən ibarətdir.

Enerji təhlükəsizliyi ilə bağlı siyasətimizdə də biz hər zaman istehsalçı, tranzit dövlətlər və istehlakçılar arasında lazımi balansı tapmağa çalışırıq. Burada hər bir tərəf fayda görməsə, uğurdan söhbət gedə bilməz. Biz hər zaman tərəfdaşlarımızın ehtiyacı olduğu vaxt onlara dəstək verməyə hazır olmalıyıq. Eyni zamanda, lazım gəldikdə onlardan da eyni dəstəyi gözləyirik.

Azərbaycan, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. Xəritəyə baxsanız Şərqdən-Qərbə, Şimaldan-Cənuba gedən nəqliyyat marşrutları ölkəmizin ərazisindən keçdiyini görərsiniz. Buna nail olmaq üçün isə gərgin işləməli olduq. Burada coğrafiya kifayət deyil, bu, yalnız ilkin şərt, zəruri element sayıla bilər. Biz nəqliyyat infrastrukturuna - dəniz limanları, dəmir yolları, hava limanları və magistral yollara böyük sərmayə yatırdıq. Beləliklə, bu gün coğrafi və nəqliyyat mərkəzi olmaq baxımından Azərbaycan tərəfdaşlarına çoxlu imkanlar təklif edir".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/resmixronika/277510.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR