Olimpiadalara hazırlaşanlar üçün əla fürsət

Olimpiadalara hazırlaşanlar üçün əla fürsət
12:05 15 Yanvar 2015
190 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycanda şagirdlər üçün fənn olimpiadalarının, fənn müsabiqələrinin yüksək səviyyədə keçirilməsi, həmin fənlər üzrə dünya fənn olimpiadalarında yaxşı nəticələrin göstərilməsi üçün uzunmüddətli və məqsədyönlü fəaliyyət həyata keçirilməlidir.

Trend-in məlumatına görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov məktəblilərarası I fənn müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxış edərkən deyib.

Nazir müavini bildirib ki, istedadlıların aşkarlanması istiqamətində fənn olimpiadaları və müsabiqələrinin keçirilməsi müstəsna əhəmiyyətə malikdir. Bütün bunları nəzərə alaraq, 2014-cü ildə respublika fənn olimpiadalarının final mərhələsinin keçirilməsi TN tərəfindən xüsusi nəzarətə götürülüb, nəticələr ciddi təhlil edilib: "Bu təhlillər onu göstərdi ki, bir sıra istiqamətlərdə, xüsusilə təbiət elmləri sahəsində bir sıra təkmilləşdirmələrin və yeniliklərin edilməsi zəruridir. Hesab edirik ki, olimpiadaların, fənn müsabiqələrinin yüksək səviyyədə keçirilməsi, həmin fənlər üzrə dünya fənn olimpiadalarında yaxsı nəticələrin göstərilməsi üçün uzunmüddətli və məqsədyönlü fəaliyyət həyata keçirilməlidir. Beynəlxalq yarışlarda yüksək nəticələrin əldə edilməsi üçün həmin işin spesifikliyi və vacibliyi hər bir kəs tərəfindən başa düşülməlidir".

C.Bayramov deyib ki, yarışların və olimpiadaların hazırlıq mərhələsinin keçirilməsində əlçatan məzmunun olması çox vacibdir. Bunu nəzərə alaraq, ötən il 5 fənn istiqaməti üzrə xüsusi hazırlıq proqramları tərtib edilib və onlar artıq istifadəyə açıqdır.

Onun sözlərinə görə, hər bir adi ümumtəhsil müəssisəsi bu proqramlardan faydalana bilər.

C.Bayramov əlavə edib ki, Azərbaycan dilində olimpiadalara hazırlıq sahəsində kifayət qədər tədris resurslarının olmaması boşluqlardan biri idi. Məhz bunları nəzərə alaraq, TN 2014-cü ildə riyaziyyat və informatika fənləri üzrə tədris vəsaitləri hazırlayaraq çap edib. Bu vəsaitlərə riyaziyyat fənni üzrə ötən illərin olimpiadalarında istifadə edilən məsələlər, onların həlli daxil edilib. Eyni zamanda, beynəlxalq fənn olimpiadalarında istifadə edilmiş suallar və onların həlli Azərbaycan dilinə tərcümə edilərək bu vəsaitlərdə çap olunub: "Kiçik yaşlı uşaqlar üçün isə qeyri-standart riyazi suallar, beynəlxalq olimpiadalara düşən suallar tərcümə edilib və çap olunub. Beləliklə, informatika fənni üzrə olimpiadaya hazırlıq istiqamətində tədbirlər həyata keçirilib".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/319148.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR