Bakı bankları boşaldılır

Bakı bankları boşaldılır
12:06 15 Yanvar 2015
141 Ölkə
Ölkə mətbuatı
A- A+

"Mən əlimdəki pulu banka qoyuram ki, o vəsaitdəngəlir əldə edim. Amma indiki vəsiyyətdə öz pulumdan vergi verməli olacam. 10%-lik vergi isə mənim üçün böyük rəqəmdir. Onsuz da bankın verdiyi illik faiz çox aşağıdır, bundan da vergi tutulanda mənə heç qalmır".

Bunu ANS PRESS-in "qaynar xətti"nə müraciət edən paytaxt sakini Əfqan Əliyev söyləyib. Onun sözlərinə görə, banka qoyduğu pulu geri götürmək niyyətindədir. Əfqan deyir ki, banklar əmanətlərə görə illik faizləri artırmalıdır. O, əks təqdirdə öz vəsaitini bankdan geri götürəcəyini söyləyir.

Hazırda Əfqan kimi bu fikrə düşənlərin sayı az deyil. Müştərilər banka qoyduqları pulları yenidən sandıqlara yığmağa başlayıblar. Əmanətlərə görə faizlərin aşağı olması, həmçinin 30 min manatdan yuxarı vəsaitə təminatın olmaması puldan pul qazananların ciddi narahatlığına səbəb olub.

Mütəxəssislər bu vəziyyətin bank sektoru üçün ağır fəsadlarının olacağını güman edir. Azərbaycanda 1999-cu ildən bu yana əmanətlərdən gələn gəlirlərə görə, güzəştlər tətbiq olunurdu. Ancaq 2015-ci ilin yanvarın birindən bu güzətlərin vaxtı bitdiyi üçün əmanətlərdən gələn gəlirlərə vergi tətbiq olunmağa başladı. Hazırki vəziyyətdə bankdan əmanətə görə, illik 500 manatdan çox divident əldə edən şəxslərdən 10%-lik vergi alınacaq. Məsələn, siz banka illik 10%-lə 10 min manat vəsait yerləşdirmisinizsə, həmin puldan 1000 manat gəlir əldə edirdiniz. İndiki vəziyyətdə isə bu vəsaitin 100 manatı vergiyə cəlb olunacaq. Təbii ki, rəqəmlər artdıqca vergiyə cəlb olunan vəsaitlərin həcmi də artır. Ekspertlər bildirir ki, təxmini hesablamalara görə, bu yeni vergi tətbiqi nəticəsində dövlət büdcəsinə 35-40 milyon manat əlavə vəsait daxil olacaq.

İqtisadçı Samir Əliyev ANS PRESS-ə açıqlamasında əmanətlərlə bağlı mövcud probləmlərin kökünə toxunub. Mütəxəssis deyir ki, hazırda əmanətlərə görə verilən faizlər bank müştərilərinə sərf etmir. Bunun əyani sübut kimi sığortalanmayan əmanətlərin həcminin 35%-dən 48%-ə qədər artmasını müsal gətirmək olar:

"Yəni, insanlar aşağı faizlərlə qane olmur və riskə getməyə məcbur olurlar. Belə olan halda isə vətəndaşın banka qoyduğu pula heç bir təminat verilmir. Bəziləri isə yeni qaydaların sərfəli olmadığını düşünərək banklardakı pullarını geri götürməyə başlayıblar. Vətəndaş əmanət faizindən asılı olaraq banka qoyduğu təxminən 5000 manata qədər vəsaitə görə vergi ödəmir. Bəziləri bu limitdən istifadə edərək pullarını bir neçə banka yerləşdirməklə vergidən azad olmağa çalışır. Qanunvericilik də buna imkan verir".

İqtisadçı bildirir ki, əmanətlərdən əldə olunan gəlirlərə görə vergi tətbiq olunması praktikası bütün dünyada tətbiq edilir. Samir Əliyevin sözlərinə görə, bizdən fərqli olaraq xarici ölkələrdə mexanizmlər başqa cürdür: "Məsələn, Rusiyada 18,25 faizə qədər əmanətlərə vergi tətbiq edilmir. Ancaq əmanət 18,25%-dən çox fazi dərəcəsi ilə banka yerləşdirilibsə həmin əlavə faizdən əldə olunan gəlirə vergi tətbiq olunur. Məsələn,banka 20%-dən əmanət yerləşdirmisinizsə, həmin gəlirdən 18,25%-i çıxılır, qalan 1,75%-ə isə vergi tətbiq edilir".

Mütəxəssislər hesab edir ki, bank müştərilərinin marağını artırmaq üçün yenidən əmanətlərə görə olan faziləri artıracaq: "Əmanətlərin faiz dərəcəsində minimum 1 və ya 2% artım gözlənilir. Bu artım isə kredit faizlərindən yan ötməyəcək. Hökumət kredit fazilərinin aşağı salınması ilə bağlı öhdəlik götürüb. Ancaq hazırki vəziyyət kredit faizlərinin azalacağına zəmin olmadığını göstərir. Əksinə kredit faizlərinin artması üçün "münbit" şərait yaranıb. Çünki dünyada baş verən iqtisadi proseslər və qonşu Rusiyadakı mövcud vəziyyət, həmçinin neft qiymətlərinin aşağı düşməsi bank sektoru üçün nikbin proqnoz vəd etmir".

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=319809

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR