Vasadzedən Keşikçidağla bağlı mühüm müzakirə - VİDEO

Vasadzedən Keşikçidağla bağlı mühüm müzakirə - VİDEO
12:18 6 May 2019
85 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın “Starvision TV Georgia” telekanalında gürcü politoloq Gela Vasadzenin müəllifi və aparıcısı olduğu “Bolşaya İqra” (Böyük oyun) proqramında son günlər Azərbaycanın Gürcüstanla sərhəddə yerləşən “Keşikçidağ” (Gürcüstan tərəfinin versiyasına görə “David Qareci”) monastır kompleksi ətrafında yaranmış gərginlik müzakirə edilib.

Axar.az xəbər verir ki, proqrama qonaq qismində vəkil, Xristian Demokrat Partiyasının lideri Levan Çxeidze, Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov, Qafqaz Strateji Araşdırmalar İnstitutunun direktoru Teymuraz Tumanişvili, politoloq İlqar Vəlizadə və siyasi şərhçi Tornike Şaramenidze iştirak ediblər.

İlk olaraq çıxış edən Levan Çxeidze bir-birimizi təhqir etməyi bir kənara buraxıb, SSRİ Nazirlər Şurasının qərarına baxmağın vacibliyini qeyd edib:

“Əgər sözügedən ərazi Gürcüstan torpağı kimi göstərilibsə, sərhəd xətti buradan keçməlidir, yox Azərbaycan ərazisi kimi qəbul edilibsə, o zaman biz buna hörmətlə yanaşmalıyıq. Kompleksin bizim üçün dəyərini nəzərə alsaq, alternativ variant kimi ərazi mübadiləsi təklif edilə bilər. Azərbaycanda və Gürcüstanda sağlam düşüncəli insanlar qanun çərçivəsində hökumətlərin bu məsələni həll etməsinə çalışmalıdır”.

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov isə müzakirələrin ictimai tərəfinin düzgün istiqamətə yönəlmədiyini qeyd edib. Onun sözlərinə görə, kimlərsə iki ölkə arasındakı münasibətləri pisləşdirməyə çalışır:

“Bunun müxtəlif səbəbləri ola bilər. Bu konflikt nə Gürcüstanın, nə də Azərbaycanın maraqları daxilindədir. Məsələnin həlli üçün dövlət strukturları arasında ünsiyyət artırılmalıdır”.

Politoloq İlqar Vəlizadənin fikrincə, bu məsələdə böyük ajiotaj gürcü tərəfində müşahidə olunub və Azərbaycana da təsir göstərib. Xalqlar arasında parlaq dostluq münasibətlərinin olduğunu xatırladan azərbaycanlı politoloq məsələnin cavabdeh strukturların nəzarəti altında olduğunu bildirib. Onun sözlərinə görə, məsələ ilə bağlı reallığa sığmayan fikirlər səsləndirilir:

“Bir tərəf “qazı bağlayaq” deyir, digər tərəfdən isə hər hansı başqa cavab tədbiri təklif edilir. Bu kimi fikirlər konstruktiv dialoq qurmağa mane olur. Soyuqqanlı olmaq, emosiyalara qapılmamaq lazımdır”.

Sözügedən proqram telekanalın rəsmi Yutub hesabında da istifadəçilərin ixtiyarına verilib və müzakirələr nəticəsində əldə olunan qısa nəticə təqdim edilib:

“Gürcüstanda və Azərbaycanda emosiyaların fırtınası olmasa idi, problemin həlli özlüyündə daha asan olardı. Problem həm Gürcüstanın, həm də Azərbaycanındır. Problem burasındadır ki, sosial məsuliyyəti aşağı olan şəxslərin fikirləri cəmiyyətə hansısa yabanı və anlaşıqlı olmayan formalarda ötürülür. Bu dəfə sərhədlər və tarix insanları ayırmalı deyil, birləşdirməlidir. Burada ikinci problem isə regional və ikitərəfli layihələrin böyük həcminə, parlaq iqtisadi əlaqələrə, bir-birindən iqtisadi asılılığa baxmayaraq, aramızda informasiya və sosial-mədəni sahənin olmamasıdır. Bu da həll edilməli problemlərdən biridir.

Əsas məsələ isə problemin həllidir. Gəlin birbaşa deyək ki, ictimai fikir liderlərinin rolunu heç kim qeyd etməyib. Ortaq gündəm yaratmaq üçün hər iki ölkənin ekspert cəmiyyəti və KİV arasında sıx əməkdaşlıq lazımdır”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/277834.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR