Azərbaycanda veqan olmaq - insan hekayələri

Azərbaycanda veqan olmaq - insan hekayələri
21:22 7 May 2019
93 Ölkə
Ölkə mətbuatı
A- A+

"17 yaşımdan 20 yaşımadək ət və ət məhsulları, yumurta istifadə etməmişəm. Mağazada nəsə alarkən, öncədən tərkibini öyrənirəm, tərkibində yumurta, mayonez varsa istifadə etmirəm", 23 yaşlı Nərmin vaxtiə 3 il yarım vegetarian olduğu zamanları xatırlayır.

O, əti uşaqlıqdan sevmədiyini, ancaq hər gün evdə məcburən ətli xörək yeməyə məcbur edildiyini deyir.

Nərmin deyir ki, onların evində "evdə kişi varsa, ət yeməkləri də olmalıdır" anlayışı var.

"Mən isə belə qidaya nifrət edirdim. Həyət evində yaşayırdıq, həyət-bacada toyuqlarımız da var idi. Təsəvvür edə bilmirdim ki, bir müddət bundan əvvəl qaçıb-qaqqıldayan, sığal çəkdiyim canlını necə kəsib yemək olar. Yalnız təbiətdə yırtıcılar digər canlıları ovlayıb yeyə bilər, axı biz inkişaf etmiş məxluqlarıq.

Evdə ətə qarşı mübarizə aparırdım, amma bu nədən irəli gəlir, bilmirdim. Bir tanışım var, azərbaycanlıdır, amma ailəlikcə krişnait idilər. O mənə danışdı ki, mən vegetarian ola bilərəm və istəmədiyim qidanı yemək məcbur deyiləm", Nərmin deyir.

Vegetarianlar sağlam həyat tərzinə yönələn heyvan mənşəli qida məhsullarından istifadə etməyən insanlardır. Süd və süd məhsullarından istifadə edən vegetarianlar laktovegetarian, yumurta istifadə edənlər isə ovo-laktovegetarian adlanırlar. Vegetarianlıq tək qidaya aid deyil, bu, bir həyat tərzidir.

Veqanlıq vegetarianlığın daha sərt formasıdır. Veqanlar heyvan mənşəli məhsullardan tək qidada yox, bütün həyatlarında imtina edirlər, bura həmçinin bal, jelatin və digər məhsullar aiddir. Onlar heyvanların istismarına qarşı çıxan insanlardır.

Nərmin evdəkilərin onu uzun müddət anlamadığından şikayətlənir.

"Ailəm çox dindardır, namaz qılıb, ibadətlə məşğul olurlar. Gənc olanda məni də namaz qılmaq, başımı örtməyə məcbur edirdilər, bu mövzuda çox təzyiq göstərirdilər. Qida vərdişləri də əqidələrinə uyğun idi - deyirdilər ki, bu canlılar bizim onları qida kimi istifadəmiz üçün üçün yaradılıb. Qurban bayramında heyvanların öldürülməsinə normal baxırdılar, müqəddəs bayram kimi dəstəkləyirdilər".

Nərmin təxminən il yarım ailəsiylə apardığı qarşılıqlı mübarizədən danışır. O deyir ki, yeməyini özü hazırlasa da, hər dəfə masaya əyləşəndə xətrinə dəyiblər.

"Bizim yediyimiz sənə xoş deyil, iyrənirsən?" soruşurdular, mən də deyirdim ki, "mən sizə öz yediklərimi zorla sevdirmirəm, siz də mənə dəyməyin!".

Müsahibim Azərbaycanda vegetarian və ya veqan olmağın çətinliyinin digər bir tərəfinə toxunur. O vurğulayır ki, "əslində, bizdə meyvə-tərəvəzdən başqa demək olar ki, heç nə yoxdur. Soya çox bahadır və doyumlu deyil".

Vegan. Vetearian həyat tərzi

Səhhətinə görə Nərmin bu qida rejimini təxirə salmağa məcbur olub.

"Saçlarım tökülməyə başladı, həkimə getdim. Məni danladı və dedi ki, heyvanlara yazığın gəlir, bəs özünə yazığın gəlmir?".

Məcbur oldum yenə də ətdən istifadə etməyə başladım, amma çoxlu ədviyyat qatıram ki, dadını öldürsün".

30 yaşlı tərcüməçi Rumiyə uşaqlıqda ət məhsullarına üstünlük versə də, altı il bundan öncə tamamilə veqan olmağı seçib.

"Həmişə xəz geyimi olan adamları görəndə qəzəblənirdim. Amma bir gün düşündüm ki, canlıları qida kimi istifadə edəndə mən bu adamlardan geri qalmıram. Heyvanlara qarşı belə qəddarlıqla barışa bilmirdim, bu cərəyanın bir hissəsi olmaq istəmirdim", veqanlığa gedən yolda nə hiss etdiyini bölüşən Rumiyə deyir.

Onun sözlərinə görə, həyat tərzini dəyişmək elə də çətin olmayıb.

"Heyvan mənşəli məhsullardan başqa bütün məhsulları yeyirəm. Hətta kafeyə gedəndə belə, veqan və ya vegetarian kafesi deyilsə, yeməklərin tərkibini öyrənib, uyğun olanını sifariş verirəm. Deyə bilərəm ki, mənim hesabım dostlarımın hesabından daha az olur".

Gənc xanım, həmçinin, qeyd edir ki, səhhəti veqanlığa keçəndən sonra daha da yaxşılaşıb və heç bir əlavə vitaminə ehtiyac duymur.

"Məncə, hər kəs vitamin qəbul etməlidir, amma bunu tək bizə çatanda xatırlayırlar. Ərzaqlara gəldikdə isə, biz, axı, şimalda yaşamırıq, şükür Allaha, meyvə-tərəvəzdən boluq".

Rumiyə deyir ki, veqan olmaqla bağlı qərar təkcə qidaya aid deyil. Bura geyim və kosmetika da daxildir. Beləliklə, o, bütün vərdişlərini dəyişməli olub.

"Bu, cəmi bir gün ərzində baş verdi. Daxili qərarın qətidirsə, çətin deyil. Qarşımıza qoyduğumuz məhdudiyyətlər heyvanların çəkdikləri ilə müqayisədə heç nədir".

Rumiyə deyir ki, kosmetika alarkən, müəyyən brendlərə üz tutur, üstəlik, tərkibini də xüsusi saytlardan araşdırır.

Bəziləri veqan və vegetarian vərdişlərini tək özlərinə yox, ailələrinə də aşılayırlar.

"Qərar verdim ki, bir daha heç bir canlını yeməyəcəm"

29 yaşlı Mehriban danışır ki, altı il bundan öncə sosial şəbəkədə rast gəldiyi bir videoda fermalarda heyvanlarla nə cür rəftar edildiyini görüb. Bu, ona pis təsir edib.

"Bütün gecəni ağladım. Qərar verdim ki, bir daha heç bir canlını yeməyəcəm. Düzdür, yumurta və süddən istifadə edirəm, axı, toyuq bizim müdaxiləmiz olmadan yumurtlayır".

Mehribanın sözlərinə görə, o vaxtki nişanlısı, indiki həyat yoldaşı yeməkdə tələbkar deyil. "Qarşısına ət qoysan yeyər, qoymasan yox".

Hamiləlik dövrü və dünyaya uşaq gətirdikdən sonra da ət yeməyən Mehriban əmin edir ki, özü də, uşağı da tam sağlamdır. "Düzdür, qohum-əqraba, həkimlər - hamı məni danlayır, deyirlər ki, ət yemək lazımdır. Amma özüm də sağlamam, uşaq da ki, şükür allaha, normal inkişaf edir".

Mehribanın sözlərinə görə, vegetarian ola-ola da, ailəni normal və fərqli qidalandırmaq olar: "Paytaxt salatı, vineqret, "Mimoza" salatı, mərci supu, qızardılmış badımcan, tərəvəzli plov və sair yeməklər hazırlayıram".

Vegetarianlığa görə torpaq sahəsi alan Elxan Mirzəyev

Tək qadınlar deyil, kişilər arasında da veqanlığa keçənlər var. Məsələn, 42 yaşlı Elxan Mirzəyev həyatını tamamilə dəyişib. Ölkədən kənarda uğurlu jurnalist fəaliyyətini dayandırıb Azərbaycanın rayonlarından birində torpaq sahəsi alıb və təsərrüfatla məşğul olmağa başlayıb.

"Soruşsanız, bu gənc veqan-vegetarianlardan 90 faizi daim şikayət edirlər ki, əzilirlər - gah ailələri tərəfindən, gah ətrafdakılar onları qəbul etmir. Və ya guya ki, Azərbaycanda vegetarian məhsulları tapmaq olmur. Bu problemlər, ümumiyyətlə, bazarın tənzimlənməsində olan problemlərlə bağlıdır. Amma bizdə həqiqətən də veqan və vegetarian məhsullarının istehsalına ehtiyac var. Məsələn, xaricə gedib gələn digər ölkələrdən veqan kolbasası gətirirlər. Axı, onu özümüz də istehsal edə bilərdik".

veqan olmaq veqan qidası həyat tərzi

Elxanın dediklərinə görə, vegetarianlıq onun üçün yalnız sözdə deyil, bu, qlobal məsələdir, insanın və təbiətin harmonik münasibətlərini əks etdirir.

Elxan özü bir neçə ədəd badam ağacı əkib: "Məqsədim badamdan veqan südü və bu süddən də digər məhsullar hazırlamaqdır".

Elxanın sözlərinə görə, dünyada vegetarianlıq dəbli veqan kafesində nahar etmək deyil, insanlardan savayı digər canlılara ədalət tələbidir.

Bahalıq

28 yaşlı tərcüməçi Vahid Əliyev üç ildən çox vegetarian, o müddətin bir ayını isə veqan kimi yaşayıb.

"2013-cü ildən 2016-cı ilin əvvəllərinə qədər bu davam etdi. Düzü, bunun səbəbləri çox idi: hər şeydən əvvəl heyvanlara qarşı mərhəmət hissindən irəli gəlirdi. Sonralar isə daha çox oxumağa başladım. Oxuduqlarım məni daha çox düşündürməyə başladı. Vegetarianlığım mərhəmətdən daha çox heyvandarlıq, süd və süd məhsulları istehsalının ətraf mühitə vurduğu ziyana qarşı ideologiyaya çevrildi".

Vahid deyir ki, 1 kiloqram ətə istifadə olunan su, 1 kq kələmə istifadə olunan sudan dəfələrlə çoxdur.

"İnsan hüquqları təkcə söz və fikir azadlığı, ya da özünüifadə azadlığı deyildir. Fundamental olan hüquqlar var: təmiz hava, təmiz su və s. kimi. Heyvandarlıq sənayesi də neft sektoru qədər ətraf mühiti kirləyir, vegetarianlığımın əsas səbəbi də bir neçə aydan sonra bu oldu".

Vegeterianlığa gedən yoldakı çətinliklərdən danışan müsahibimiz bunu, əsasən, ilk başlarda yaşayıb.

"Çətin olan yeni başlayanda zəiflik hissinin yaranması idi, ətdən imtina məlumatsız olduğun proteinsiz qidalardan istifadəyə gətirib çıxartdı. Uzun müddət araşdırdım, tərkibində daha çox protein olan bitkilərin istehlakına başladım. Buradan da yeni bir çətinlik başladı. Əldə etmək istədiyin məhsulların Azərbaycanda tapılmaması və eyni zamanda bahalığı.

Təəssüf ki, bizdə vegetariansansa, ətdən başqa nə oldu yeməlisən kimi başa düşür insanlar. Məsələn, ürəyin anarkardiya istəsə, hansına ki həqiqətən də, ehtiyacın var, çünki enerji və proteini çoxdur, 1 kiloqramına 35 AZN verməlisən. Təkcə anakardiya deyil, avokadonun 1 kiloqramı 10 AZN civarındadır. Brokkolinin 40 faizə qədəri proteindir və qiyməti 5-6 AZN, bəzən daha da baha ola bilər.

Zənnimcə, vegetarianların qarşılaşdığı ən böyük çətinlik B Vitamininin çatışmazlığıdır. Həm də bahalıq əsas səbəb olmaya bilərdi, normal gəliri olan insan, təbii ki, bunları özünə qıya bilər. Sadəcə, mənim rahat şəkildə anakardiya, ya da avakado yeməyim üçün insanlar zülm çəkirsə, yeməsəm daha yaxşıdır".

Vahidin mövqeyinə görə, Azərbaycan, əsasən, populyar mədəniyyətin bir hissəsidir. "Dayanıqlı və davamlı inkişaf adı ilə həm özlərini, həm də ətrafdakıları aldadırlar. Bütün günü plastik istehlak edən və eyni zamanda vegetarian olan insanlar tanıyıram. Düzdür, zamanla dəyişir, di gəl ki, yenə də "pop-culture" olaraq qalır.

Vegetarianlar sağlam həyat tərzinə yönələn heyvan mənşəli qida məhsullarından istifadə etməyən insanlardır. Süd və süd məhsullarından istifadə edən vegetarianlar laktovegetarian, yumurta istifadə edənlər isə ovo-laktovegetarian adlanırlar. Vegetarianlıq tək qidaya aid deyil, bu, bir həyat tərzidir.

Veqanlıq vegetarianlığın daha sərt formasıdır. Veqanlar heyvan mənşəli məhsullardan tək qidada yox, bütün həyatlarında imtina edirlər, bura həmçinin bal, jelatin və digər məhsullar aiddir. Onlar heyvanların istismarına qarşı çıxan insanlardır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/753130.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR