Muğam Mərkəzində Cəlil Məmmədquluzadənin məşhur əsəri tamaşaya qoyulub (FOTO)

Muğam Mərkəzində Cəlil Məmmədquluzadənin məşhur əsəri tamaşaya qoyulub (FOTO)
04:50 8 May 2019
118 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin iştirakı ilə Cəlil Məmmədquluzadənin əsəri əsasında "Danabaşlar" tamaşası nümayiş olunub.

Trend-in məlumatına görə, tədbir Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə "Yeni nəsil dəvət edir" layihəsi çərçivəsində həyata keçirilib.

Tamaşanın quruluşçu rejissoru kurs rəhbəri Əməkdar artist Yaqut Paşazadə, səhnələşdirmənin müəllifi Mir Sahib Ağazadə, kursun səhnə danışığı müəllimi dosent Nadir Hüseynovdur.

“Danabaşlar” tamaşası Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları”, “Danabaş kəndinin məktəbi”, “Poçt qutusu” əsərləri və bir neçə felyetonun səhnələşdirməsi əsasında hazırlanmış, səhnənin mərkəzində qara örtü ilə örtülən kitab isə müəllifin “Anamın kitabı” əsərini simvolizə edib.

Səhnələşdirmə, çox təəssüf ki, bu gün də öz aktuallığını saxlayır. Belə ki, Mirzə Cəlildən bu yana novruzəlilərin avamlığını, kor-koranə itaətini, məmmədhəsənlərin mövhumatını, xudayarların zülmü-istismarını, qazilərin, şeyx nəsrullahların uydurma fitvaları ilə avtoritetini saxlamasını, şəriəti rəzilliklərinə vasitə etməsini inkişaf etmiş, müasir texnologiyalara yiyələnən orta statistik azərbaycanlının həyatında hələ də görmək olar. Tamaşa qəmli komediya janrında hazırlanmışdı. Bu janr təyinini Mirzə Cəlilin bütün yaradıcılığına şamil etmək olar. Çünki ömrünün sonuna qədər qələmi istehzalı, gözü isə yaşlı olan Mirzə Cəlil son günlərini də tragikomik bir vəziyyətdə, əlyazmalarını sobada yandırıb istisinə qızınaraq keçirib.

Tamaşada obrazları canlandıran tələbə-aktyorların ifası, aydın səhnə danışığı, geyimləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Tədbirin sonunda tamaşanın quruluşçu rejissoru Əməkdar artist Yaqut Paşazadə bütün iştirakçılara təşəkkürünü bildirərək, Muğam Mərkəzinin rəhbərliyinə yeni nəslə verdikləri dəstəyə görə minnətdarlığını bildirib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3058829.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR