Mənim son şuşalım...

Mənim son şuşalım...
11:08 8 May 2019
68 Digər
Ölkə mətbuatı
A- A+

Leyla Sarabi

Məndən soruşsalar ki, Azərbaycanın ən intellektual, müasir şəhəri hansıdır, düşünmədən Şuşa deyərəm. Yaradan insanları bu torpağa əli ilə seçib qoyub, elə bil. Şuşalıların antropologiyası da digərlərindən seçilir. Buranın camaatı şüşə kimi şəffaf doğulur. Bütün evlərdə musiqi aləti olur. Ailədə neçə uşaq varsa, hamısı ali təhsil alır. Qanlarında, canlarında bir aristokratlıq var şuşalıların.

Nənəm Elmizə Mirzəyeva da Şuşalı idi... Bu qəribə adın da, soyadın da maraqlı tarixi vardı. Atası Səməd Mirzəyev Qori Seminariyasını bitirən sayıb-seçmə gənclərdən idi. Həkim olsa da, skripkada da gözəl ifa edərmiş. Özü də panturkist olduğu üçün Cavid Əfəndi ilə Sibirə sürgün olunubmuş. Sürgündən sonra tatar qızı ilə evlənib, vətənə dönən Səməd ilk doğulan övladına Elimizə adını vermişdi.

Elmizənin ulu babası Xurşidbanu Natəvanın sevimli mirzəsi olmuşdu. Soyadları da buradan gəlirdi.

Nənəm Azərbaycanın ilk mühəndis qadınlarından idi. Təhsilini Peterburqda tamamlamışdı. Uzun müddət yaxşı vəzifələrdə işləmişdi. Süfrə etiketindən tutmuş, düzgün davranış qaydalarına qədər hər şeyi o öyrətmişdi bizə.

Torpaqların işğalından sonra məcburi Bakıya köçmüşdük. Nənəm artıq yataq xəstəsi idi. Gözləri də çox zəifləmişdi, amma hər gecə 2 eynəyini üst-üstə taxıb, yatağının yanına məktəbli qız həvəsilə yığdığı qalaq-qalaq kitablarını oxuyurdu. Babam da sanki balaca qızı sabah imtahana gedəcək kimi çox məsuliyyətli davranırdı. Ona rahat olsun deyə, hər cür şərait yaratmışdı. Yanındakı masaya lampa, termosda çay, hətta monpası qoymuşdu. Hər gün məhəllədə, küçədə gördüklərini gəlib nənəmə xüsusi məharətlə, dopdolu məhəbbətlə danışırdı. Dağ boyda kişi çiynindən 10 barmaq aşağı qadınının eşqindən o qədər kiçilmişdi ki, onun gəzən ayaqlarına çevrilmişdi.

Rusdilli olsa da, evdə həmişə öz dilində danışırdı. Hətta yüngülvari, şirin şuşasayağı ləhcəsi də vardı. Üstəlik ingiliscə də bilirdi.

Nənəm düşünürdü ki, insan qəlbinin güzgüsü gözü deyil, əlləridir. Qələmlə çəkilmiş qüsursuz barmaqlarını xınalı saçlarına çəkərək: ”Əlləri gözəl olan insan heç vaxt pis əmələ cəsarət etməz” - deyirdi. “Göz yalan danışar, amma əllərin sığalı heç vaxt saxta ola biməz”. Bir də deyirdi ki, üzü gözəl olmayanın, ürəyində gözəllik axtarma.

Heç yadımdan çıxmır, bir dəfə bələdiyyə seçkiləri keçirilirdi. Fiziki məhdudiyyəti olan, yataqdan qalxa bilməyən xəstələr bu ali borclarını icra etsinlər deyə, səsvermə məntəqəsindən evlərə xüsusi təyinatlı işçilər göndərilirdi. Bizə də cavan bir qız gəlmişdi. Salam verib, içəri keçdi. Nənəmi uzun-uzun süzüb, asta səslə şüşə kimi parıldayan üzünə od püskürdü: “Hərfləri tanıyırsan, xala? İmza ata bilmirsənsə, barmaq izi qoy”

…Nənəm hər zamankı təmkinini və qarşı tərəfə sezdirməyəcək qədər əsilzadə ironiyasını işə salıb:

“Minnətdaram qızım, mənim imzamın iki siz qədər yaşı var" - dedi.

Hiddətlə baxan laqeyd gözlər bir anda heyrətlə doldu. Nənəmin boynunu qucaqlayıb, “bağışla, ay xala, qaçqın görəndə, elə bilirik, nə yurdu olub, nə yuvası” dedi.

Yurdsuz, yuvasız nənəm, yuvasız qalan Şuşasını görmədən, son yurduna, yuvasına köçdü. Onunla bərabər son Şuşa, son şuşalı da köçdü mənim üçün.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/koshe/240245.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR