5 rəsmi statistik forma və tibbi arayış tam elektronlaşdırılaraq 500-dən çox tibb müəssisəsində tətbiq edilib

5 rəsmi statistik forma və tibbi arayış tam elektronlaşdırılaraq 500-dən çox tibb müəssisəsində tətbiq edilib
12:46 15 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

2014-cü ildə Azərbaycan tibbində informasiya texnologiya infrastrukturunun inkişaf etdirilməsi, elektron proqramlarının tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması Səhiyyə Nazirliyinin prioritet istiqamətlərindən biri olub.
 
 “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Səhiyyə Nazirliyində 2014-cü ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclasında bildirilib. İclasda qeyd edilib ki, ötən ildə digər dövlət qurumları ilə informasiya mübadilələrinin inkişafı məqsədilə 5 rəsmi statistik forma və tibbi arayış tam elektronlaşdırılaraq 500-dən çox tibb müəssisəsində tətbiq edilib. Vurğulanıb ki, respublika üzrə qan ehtiyatlarının monitorinqinin avtomatlaşdırılması məqsədi ilə “Vahid Qan Bankı Sistemi” təkmilləşdirilib.
 
Səhiyyə sahəsində elektron xidmətlərinin genişləndirilməsi mövzusuna da toxunularaq qeyd edilib ki, sözügedən istiqamətdə də işlər aparılır. Nazirliyin rəsmi internet səhifəsində yaradılmış “Elektron xidmətlər” bölməsində 28 elektron xidmət artıq fəaliyyət göstərir.
 
Kollegiyada vurğulanıb ki, ki, ötən il dövlət proqramlarına uyğun olaraq müxtəlif xəstəliklər üzrə tibbi elektron registrlərin yaradılması və inkişafı davam etdirilib. Hazırda registrlərin sayı 16-ya çatdırılıb.
 
Nazir Oqtay Şirəliyev bildirib ki, ölkələr arasında siyasi, iqtisadi və elmi münasibətlər inkişaf etdikcə, Azərbaycan səhiyyəsinin beynəlxalq aləmə inteqrasiyası artır, əlaqələri genişlənir və səhiyyəmizin beynəlxalq aləmdə nüfuzu getdikcə artır. Onun sözlərinə görə, 2014-cü ildə bir sıra ölkələrlə imzalanmış səhiyyə və tibb elmi sahəsində əməkdaşlığa dair sazişlər çərçivəsində Türkiyə, İtaliya, Belarus, Latviya və Litva tərəfi ilə işçi qruplar səviyyəsində görüşlər keçirilib:
 
“Ötən il səhiyyəmiz üçün uğurlu olub. Azərbaycan səhiyyəsi inamlı addımlarla irəliyə doğru gedir. Biz hər zaman, hər an, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin səhiyyəyə olan xüsusi qayğısını hiss edirik. Bu da bizim məsuliyyətimizi artırır və gələcəkdə daha böyük nailiyyətlər əldə etmək üçün ruhlandırır”.
 
Seymur Qasımbəyli
 


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34778-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR