İxtisas seçimi zamanı nələrə diqqət edilməlidir?

İxtisas seçimi zamanı nələrə diqqət edilməlidir?
23:12 8 May 2019
155 Ölkə
Ölkə mətbuatı
A- A+

Tələbə olmağa hazırlaşan hər bir gənc, hər şeydən əvvəl, gələcəkdə kim olmaq istədiyini bilməlidir 

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Uşaq vaxtı hər birimizdən "böyüyəndə kim olacaqsan?" soruşublar. Böyük əksəriyyətimizin cavabı "həkim, müəllim, polis, prokuror" və sair olub. Dövr dəyişdikcə, uşaqların arzuları da dəyişir. İndi böyük əksəriyyət kompüter mühəndisi, tərcüməçi, turizmçi kimi yeni sahələrə meyillənir. Bu günlərdə təhsil nazirinin müavini İdris İsayev deyib ki, builki tələbə qəbulunda daha çox texniki ixtisaslara üstünlük verilib. Onun sözlərinə görə, bu gün daha çox iqtisadiyyatın kənd təsərrüfatı, informasiya texnologiyaları kimi ixtisaslarına diqqət artıb: "Bu il hazırlanan tələbə qəbulu proqramında artıq bu istiqamətlər öz əksini tapıb. Biz görürük ki, burada texniki ixtisaslara daha çox üstünlük verilib. Çünki əmək bazarı çevik bir sahədir. Elə ixtisaslar var ki, bu gün onların mövcud olmasına ehtiyac yoxdur. Amma elə ixtisaslar da var ki, bu gün əmək bazarına yeni daxil olur. Biz daim bu prosesi izləməliyik və bizim strategiyamız buna uyğun olmalıdır".
 
İ.İsayev hesab edir ki, iqtisadiyyatda baş verən dəyişikliklər əmək bazarında, əmək bazarında baş verən dəyişikliklər isə təhsil sistemində öz əksini tapmalıdır. Təhsil proqramları da buna uyğun hazırlanmalıdır: "Bu proses zəncirvari həyata keçirilir və gələcəkdə də nəzərə alınacaq".
Bəs görəsən gənclər ixtisas seçimi zamanı hansı məqamlara diqqət etməlidirlər? Abituriyentlər hansı ixtisaslara yönəlməlidir ki, dörd il sonra universiteti bitirib işsiz qalmasınlar?
 
Təhsil eksperti Kamran Əsədov bizimlə söhbətində bəzi məqamlara toxundu: "Bəzən qəbul imtahanından yüksək bal toplayan abituriyentlər ixtisas seçimində səhvə yol verirlər. Bir neçə gündən sonra ali məktəblərə qəbul imtahanlarının ikinci mərhələsi başlayacaq. Müsabiqə şərtlərini ödəyən şəxslər topladıqları bala və istəklərinə uyğun olaraq ixtisas seçimi edəcəklər. Təəssüflər olsun ki, gənclərin əksəriyyəti ixtisas seçimi edərkən ixtisasın adına, cəmiyyətdə formalaşan pafoslu fikirlərə önəm verirlər. Hüquq, beynəlxalq münasibətlər ixtisaslarını seçən abituriyentlər həddən çoxdur. Həmin abituriyentlər bitirdikdən sonra əmək bazarında işlə təmin olunmaqla bağlı ciddi problemlərlə üzləşirlər. Çünki bu meyarlar özünü doğrultmaya bilir. Sevindirici haldır ki, son illər ərzində texniki ixtisaslar üzrə kadrlara əmək bazarında ciddi ehtiyac yaranıb. Abituriyentlərin bir qismi trend olan ixtisaslara yönəlib. Universiteti bitirdikdən sonra tələbələrin yalnız 42 faizi işlə təmin olunur. Onların əksəriyyəti qeyri-ixtisas sahəsi üzrə işləyir. Bu da düzgün seçim etməməyin nəticəsi kimi qiymətləndirilir. Həmçinin onların təhsil aldığı ixtisas artıq əmək bazarının tələbinə cavab verə biləcək səviyyədə kadr hazırlığını həyata keçirmir. Biz dünyada gedən qlobal proseslərdən geri qalırıq. Ona görə də ixtisas seçimi zamanı bütün bunlar dərindən təhlil edilməlidir. Hal-hazırda Azərbaycanda ayrı-ayrı təhsil müəssisələrindəki ixtisasların böyük əksəriyyəti zamanın tələbinə cavab vermir. Dünyadakı ali təhsil müəssisələrində texniki sahələr üzrə tədris olunan vacib texniki ixtisasların çoxu bizdə yoxdur. Universitetlərimizdə 174 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. Amma say çox olsa da, bu ixtisasların çoxu əmək bazarının tələbinə cavab vermir. Buna görə də qəbul imtahanlarında keçid balı toplayan şəxslər ilk növbədə məzun olduqdan sonra işlə təmin olunma məsələsinin reallığına diqqət etməlidirlər. Texnologiya, xidmət sektoru ən çox tələb olunan sahələrdəndir. Bu sahə üzrə təhsil alanların işlə təmin olunması daha realdır. Bizdə isə texniki sahələrə aşağı bal toplayan tələbələr daha çox meyl edir. Məlumdur ki, neft erası başa çatır. Alternativ enerji ilə bağlı ixtisaslara yönəlmək lazımdır. Ona görə də bu sahə üzrə düzgün tədqiqat işi aparılmalı, abituriyentlərlə maarifləndirmə işi həyata keçirilməlidir. İxtisaslar haqqında ətraflı materiallar hazırlanmalıdır. Hər bir ixtisasın dərinliyi haqqında bilgilər olmalıdır".

Təhsil eksperti Hümeyir Əhmədov deyir ki, əvvəllər peşə seçimi ilə bağlı mərkəz fəaliyyət göstərirdi. İndi isə belə qurumlar yoxdur: "Məktəblərdə peşələr haqqında məlumatlandırma yox səviyyəsindədir. Hər bir abituriyent ixtisas seçimi etməzdən əvvəl o ixtisas haqqında məlumatlı olmalıdır. Yəni görməzə-bilməzə seçim etmək olmaz. Bununla bağlı maarifləndirmə işi aparılmalıdır. Orta məktəb məzunlarının ixtisas seçimi zamanı 15 seçim hüququ var. Bəziləri hətta təsadüfən yazdığı ixtisas üzrə qəbul olunur və 4 il istəmədiyi bir sahə üzrə təhsil alır. Məncə, seçimlərin bu qədər çox olması düzgün deyil və məhdudlaşdırılmalıdır. Hər bir gənc əvvəlcə kim olmaq istədiyini bilməlidir. Bəzən də şagird seçdiyi ixtisas və ali məktəb haqqında o qədər bilgisiz olur ki, təhsilini bitirdikdən sonra hansı işlə məşğul olacağını belə bilmir. Ona görə də ali məktəblərdə ixtisaslar üzrə açıq qapı günləri keçirilməlidir. Marketinq işi düzgün şəkildə qurulmalıdır ki, gənclər seçdiyi ali təhsil müəssisələrinin imkanları ilə tanış ola bilsinlər. Ümumilikdə bu sahədə ciddi boşluqlar var. Ona görə də ciddi iş tələb olunur. Məsələn, müəllimlik ixtisasına marağın artırılması ilə bağlı görülən iş artıq öz bəhrəsini verməkdədir. Əgər 4 il təhsil aldığın ixtisas üzrə işləmirsənsə, deməli, bu 4 il boşuna keçib. Dövr dəyişdikcə yeni ixtisaslar yaranır və onlara tələb artır. Ona görə də bu yeniliklərə uyğunlaşmaq lazımdır". 
 
Sosioloq Lalə Mehralının fikrincə, gənclər artıq daha çox texniki sahələrə yönəlir: "İnformasiya texnologiyaları əsrində yaşayırıqsa, məncə, bu tamamilə təbiidir. Əsas səbəblərdən biri də məhz budur. İT sahəsi inkişaf etdikcə yeni peşə ixtisaslar yaranır. Əvvəllər abituriyentlər bu barədə məlumatlı deyildi və onlara elə də maraqlı gəlmirdi. Ona görə də əksəriyyət ənənəvi sahələrə yönəlirdi. Amma indi gənclərin çoxu bu sahəyə meyillidir. Şagirdlər universiteti bitirdikdən sonra əmək bazarında özünə yer tapmaq üçün bu sahəni seçirlər. İT ilə yanaşı, xarici dillərə də son illər ərzində maraq artıb. Çin, Koreya dilləri üzrə ixtisaslı kadrlara ehtiyac var. Abituriyentlərin də bu dillərə marağı getdikcə artmaqdadır. Çin hal-hazırda dünya iqtisadiyyatında hegemon dövlətlərdəndir. Ona görə də gənclər bu sahəyə meyillənir. Elə bir dövrdə yaşayırıq ki, gənclər orta nəslin nümayəndələrindən daha çox məlumatlıdırlar. Onlar öz seçimlərini edərkən müxtəlif araşdırmalar aparırlar. Amma valideynlər də uşaqlarını öz ixtiyarına buraxmamalıdır. Müəyyən məsləhətləşmələr aparılmalıdır. İş tapmaq məsələsinə gəlincə isə, indi 4-5 il humanitar sahə üzrə təhsil alanlar iş tapmaqda çətinlik çəkir. Müəllimlərin maaşı demək olar ki, çox aşağıdır. İndi gənclər daha çox gəlirli sahələrə meyillənir".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/752882.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR