Azərbaycanın Los Ancelesdəki baş konsulu təltif edilib - FOTOLAR

ABŞ-dakı Pakistan icmasının ən nüfuzlu təşkilatlarından olan Pakistan Şurası (Council of Pakistan) Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevi öz ali mükafatı ilə təltif edib.

Metbuat.az xəbər verir ki, mükafat baş konsula Pakistanın ABŞ-dakı səfiri Əsəd Məcid Xan (Asad Majeed Khan) tərəfindən Los Ancelesdə keçirilən mərasimdə təqdim olunub. Pakistan Şurası sözügedən mükafatı N.Ağayevə "dinlər, icmalar və mədəniyyətlər arasında dialoq, qarşılıqlı anlaşma və əməkdaşlığın təşviqi istiqamətindəki fəaliyyətinə görə" verdiyini elan edib.

Tədbirdə din xadimləri, ictimai-siyasi xadimlər, müxtəlif şəhərlərin merləri, şəhər şuralarının üzvləri və icma nümayəndələri iştirak ediblər. Baş konsul mərasimdə çıxış edərək, təşkilata təşəkkürünü bildirib. N.Ağayev, Azərbaycan ilə Pakistan arasındakı tarixi dostluq əlaqələrini və bu gün müxtəlif sahələrdə həyata keçirilən güclü əməkdaşlığı qeyd edib. Hər iki xalqın tarixən ən ağır zamanlarda bir-birinin yanında olduğunu və bu qardaşlığın bu gün iki dövlət arasında olan münasibətlərin yüksək səviyyədə inkişafı üçün güclü zəmin olduğunu qeyd edib.

Diplomat, Los Ancelesdəki Pakistan icmasına daim Azərbaycanın yanında olaraq, haqq səsimizin çatıdırlması və ədalət uğrunda apardığımız mübarizədə verdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, ABŞ-da hazırda 1 milyona yaxın, Kaliforniyada isə 250 mindən çox pakistanlı yaşayır və bu icmanın ABŞ-ın ictimai-siyasi həyatında rolu dayanmadan artır. Azərbaycanın multikulturalizm və dinlərarası harmoniya modelinin Los Ancelesdə tanıdılması üçün Baş Konsulluq burada yaşayan həm Pakistan icması, həm də bir çox digər etnik və dini icmalarla sıx əməkdaşlıq edir, mütəmadi qaydada müxtəlif dinləri və mədəniyyətləri bir araya gətirən tədbirlər keçirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR