“Azərbaycan dünyaya Günəş kimi doğacaq” – Millət vəkilləri ulu öndərlə bağlı xatirələrdən danışdı

Bu gün ulu öndər Heydər Əliyevin anadan olmasından 96 il ötür.

“Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır” - deyən Heydər Əliyevin bütün fəaliyyəti xalqla, Azərbaycan dövləti ilə bağlı olub. Ulu öndərin fəaliyyəti nəticəsində 1990-cı illərin əvvəllərində Azərbaycan bir çox təhlükələrdən xilas oldu. O, ölkəmizin inkişaf strategiyasını müəyyən etdi, müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurdu, ölkəmizin beynəlxalq miqyasda nüfuz qazanmasına şərait yaratdı.

Azərbaycan xalqı taleyində və tarixində silinməz izlər qoyan ulu öndəri daima hörmətlə, ehtiramla xatırlayır.

Millət vəkilləri Metbuat.az-a ulu öndərlə bağlı xatirələrdən danışıblar.

Millət vəkili Aydın Mirzəzadə deyir ki, Heydər Əliyev təkcə Azərbaycan xalqının deyil, bəşəriyyətin çox dəyərli bir oğlu idi: “Onun etdikləri öz xalqının daha yaxşı, layiqli yaşaması, öz hüquqlarından geniş istifadə edə bilməsi, ən əsası zamanla ayaqlaşmaq üçün gördüyü böyük işlər idi. Bunun sayəsində bu gün Azərbaycan dünya birliyində nüfuzu olan bir dövlətdir. Azərbaycan özünün tarixini, mənəvi dəyərlərini qorumaqla müasirləşən bir cəmiyyətdir. Azərbaycan təbii sərvətlərindən gələn gəlirləri özünün inkişafına sərf edir, regionda stabilliyi qoruyan əsas faktordur, dünya dövlətləri ilə mehriban qonşuluq siyasəti yeridir.

Ulu öndər hər birimizə bu torpağa bağlı olmaq, onu qorumaq, sevmək, inkişaf etdirmək enerjisi verib, o, öz həyatını çox düşünülmüş şəkildə qurmaq nümunəsini qoyub getdi. Ulu öndər cəmiyyətdə sülh, inkişaf dinamizmi təmin etməyin yollarını bizə öyrətdi. O, təkcə onunla təmasda olanların deyil, onun dövründə yaşayan, hətta dünyasını dəyişəndən sonra doğulanların hər birinin həmdəmidir. Onunla ruhən həmsöhbət olmaq, dünyanı daha dərindən dərk etməyə imkan verir. Ulu öndər Heydər Əliyevin ad günündə hər birimiz onun ruhu qarşısında Azərbaycan üçün, xalqımız üçün, dünya üçün etdiyimizin hesabatını veririk”.

Millət vəkili Elman Nəsirov isə deyir ki, ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində, dövlətçiliyində oynadığı misilsiz rolu bir sözlə ifadə etmək lazım gəlsə, xilaskarlıq sözü ən düzgün ifadə olardı: “Sözün həqiqi mənasında məhz ümumilli lider Heydər Əliyevin sayəsində Azərbaycan xalqı düşdüyü bəlalardan hifz olundu. Məhz onun sayəsində Azərbaycan dövləti parçalanmaqdan və dağılmaqdan xilas oldu. Onun yorulmaz fəaliyyəti sayəsində Azərbaycan vətəndaş müharibəsindən vətəndaş həmrəyliyinə qədər böyük bir yol keçmiş oldu. Azərbaycanın iqtisadi yüksəlişi, ölkəmizdəki sosial-iqtisadi islahatlar, ordu quruculuğu, elm və təhsilin inkişafı, demokratik dövlət quruculuğu prosesləri – bunlar hamısı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ancaq hesab edirəm ki, dahi şəxsiyyətin misilsiz fəaliyyətində ən yüksəkdə dayanan hissəsi məhz onun Azərbaycan dövlətini parçalanmaqdan, məhv olmaqdan qoruması ilə bağlıdır. Çünki faktiki olaraq Azərbaycan vətəndaş müharibəsinin bir addımlığında idi. Heç kimin sabahkı gününə inamı yox idi. Məsələyə bu məntiqlə yanaşanda hesab edirəm ki, ulu öndərin 1997-ci ilin iyul-avqust aylarında Amerika Birləşmiş Ştatlarına ilk rəsmi səfəri zamanı Hyustonda olarkən həmin şəhərin merinin Azərbaycan prezidentinə məhz Amerikanın XVI prezidenti Avraam Linkolnun büstünü hədiyyə etməsi çox böyük siyasi, rəmzi əhəmiyyəti olan bir hadisə idi. Avraam Linkoln Amerikanın tarixində vətəndaş müharibəsinə son qoyan və ABŞ-da şimal ilə cənub arasında gedən vətəndaş müharibəsinə son qoyan, Amerikanın bütövlüyünü qoruyub saxlayan prezident kimi qalıb. Onun əzmkarlığını həmişə yad edirlər. ABŞ-da 4 prezidentə heykəl qoyulub, onlardan biri də Avraam Linkolndur. Amerikalılar deyirlər ki, “əgər Avraam Linkoln olmasaydı, bu gün fövqəldövlət olan Amerika Birləşmiş Ştatları yox idi, parçalanmışdı”. Yəni faktiki dünyanın siyasi xəritəsindəgörünməyəcək bir səviyyədə idi, ancaq Avraam Linkoln onları xilas etdi. Ulu öndərə Linkolnun büstünü hədiyyə etməklə onu bildirirdilər ki, Heydər Əliyev də eyni missiyanı yerinə yetirib. Məhz onun sayəsində Azərbaycanda vətəndaş müharibəsinə son qoyuldu, ölkəmizin bütövlüyü qorunub saxlanıldı, ölkənin gələcək inkişafının əsası qoyuldu. Bu, Azərbaycan prezidentinə verilən ən yüksək qiyməti ifadə edirdi.

Ulu öndərin bugünkü inkişafımızda, tərəqqimizdə müstəsna rolu var, “Əsrin müqaviləsi”nin imzalanması onun diplomatik bacarığının və istedadının bariz göstəricidir. Xaos içərisində olan ölkəyə investor cəlb eləmək faktiki olaraq mümkün olmayan bir şeyin mümkün olması anlamındadır. Bunun yeganə səbəbi odur ki, bu dövlətə Heydər Əliyev rəhbərlik edirdi. Yəni Heydər Əliyevin adı artıq stabilliyin, inkişafın, təhlükəsizliyin bir qarantı, hətta onun sinonimi kimi qəbul edilirdi. Ulu öndərin qurduğu, yaratdığı, şah əsəri olan Azərbaycan bu gün etibarlı əllərdədir. Onun siyasi varisi prezident İlham Əliyev ulu öndərin müəyyən etdiyi həm daxili, həm də xarici siyasət kursuna bir dinamiklik, innovativlik gətirib, bu siyasəti çox sürətlə dəyişən dünyanın geosiyasi reallıqları nəzərə almaqla davam etdirir. Bunun sayəsində Azərbaycan dünyada çox böyük nüfuza malik, səsi BMT Təhlükəsizlik Şurasının tribunasından gələn bir dövlətə çevrilib. Sözün həqiqi mənasında bu gün Azərbaycan təkcə regional lider deyil, Avropanın və dünyanın təhlükəsizlik sisteminin formalaşmasına töhfələr verən dövlətdir. Xüsusilə Azərbaycanın beynəlxalq terrorizmə qarşı apardığı mübarizə və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə bunun sübutudur”.

Millət vəkili Məlahət İbrahimqızı bildirir ki, hər il həm Azərbaycan daxilində, həm də ölkə xaricində bütün soydaşlarımız, Azərbaycanın dostları Ümumilli lider Heydər Əliyevin doğum gününü təntənə ilə, minnətdarlıqla, ehtiramla qeyd edirlər:

“Heydər Əliyev Azərbaycan xalqının qurtuluşu idi. O, Azərbaycanın müasir, bugünkü çağdaş, müstəqil dövlətimizin mövcudiyyətinin qarantı idi. Məhz Heydər Əliyev öz xidmətləri sayəsində 1991-1993-cü illərdə Azərbaycanı parçalanmaqdan, müstəqilliyinin dünya dövlətləri arasından silinməsi təhlükəsindən qorudu. Heydər Əliyev milli şüurumuzu, milli təfəkkürümüzü formalaşdırdı. O, Sovet dövründə Azərbaycan dilini, xalqımızın milli mənsubiyyətini, dəyərlərini, bizi bir millət kimi qorudu. Bir xalq millət kimi formalaşmasa, onun milli şüuru, milli dəyərləri olmasa, o millətin dövlətləşməsi qeyri-mümkün idi. Ulu öndər uzaqgörən idi və bütün bunları görürdü. Ona görə də bir millətin dövlət olması üçün lazım olan hər bir şeyin təməlini qoyurdu, məhz belə də oldu.

1969-cu ildə öz xalqına rəhbərliyə gələn ulu öndər 1991-ci ildə SSRİ dağılarkən müstəqillik qazanmış dövlətimizin rəhbərliyinə gəldi. O, elə bir məqamda gəldi ki, dediyim kimi ölkə xaosla, fəlakətlə üzbəüz idi. 1993-cü il 15 iyunda ulu öndər prezident seçildi. Bu gün gənclər də Heydər Əliyevi sevgi ilə xatırlayırlar, ehtiramlarını bildirirlər. Gənclər ulu öndəri ona görə sevgi ilə, minnətdarlıqla xatırlayırlar ki, onlara müstəqil, gündən-günə çiçəklənən Azərbaycan dövlətini əmanət buraxıb. Bugünkü gənclər, uşaqlarımız bu dövlətin gələcəyinin sahibidilər. Ona görə bu gün hər kəsin bayramıdır. Həm böyüklərin, həm gənclərin, həm də uşaqların. Allah Heydər Əliyevə rəhmət eləsin. Nə qədər ki, ölkəmiz, millətimiz, xalqımız yaşayır, hər zaman Heydər Əliyev minnətdarlıqla xatırlanacaq, onun doğum gününü, xatirələrini qeyd edəcəklər və onun zəngin irsini öyrənib təbliğ edəcəklər”.

Millət vəkili Azər Badamovun sözlərinə görə, ulu öndər yaddaşlarda Azərbaycanın qurucusu və yaradıcısı kimi qalıb:

“O, öz həyatını Azərbaycana, ölkəmizin inkişafına, müstəqilliyinin möhkəmlənməsinə, vətəndaşların rifahının yaxşılaşdırılmasına həsr etmiş tarixi şəxsiyyət kimi yaddaşlarımızda qalıb. Tarixi şəxsiyyətləri tarix yaratmır, əksinə şəxsiyyətlər tarix yaradır. Ulu öndər Heydər Əliyev də tarix yaradan şəxsiyyətdir. Onun rəhbərlik elədiyi illərdə Azərbaycan ancaq tərəqqiyə, inkişafa doğru irəliləyib, ölkəmiz möhkəmlənib, siyasi sabitlik təmin olunub, ölkənin gələcək inkişafı üçün təməllər yaradılıb. Bu gün də Azərbaycanın inkişafı məhz ulu öndərin qoyduğu siyasi, iqtisadi, sosial xətt üzrə inkişaf edir. Azərbaycanın gələcəyi də ulu öndərin irəlilətdiyi siyasətin davamı ilə, uğurları ilə olacaq. Ulu öndərin ən böyük uğuru və nailiyyəti isə özündən sonra ölkəni idarə və inkişaf etdirə biləcək liderin hazırlanması idi. Bu lider isə prezident İlham Əliyevdir. Cənab prezidentin rəhbərliyi altında Azərbaycan öz inkişaf dövrünü yaşayır.

Ölkə başçısı qeyd eləmişdi ki, “biz, ulu öndərin qoyduğu siyasi, iqtisadi, sosial xətti davam etdirməklə Azərbaycanı daha da böyük inkişafa doğru aparacağıq”. Həqiqətən də bu gün Azərbaycanın əldə etdiyi uğurlar bunu deməyimizə imkan verir. Ulu öndərin Azərbaycana ilk dəfə rəhbər təyin olunmasının 50 ili tamam olub. Bu 50 ilin demək olar hər günü ulu öndərlə bağlı xatirələrlə doludur. Ulu öndər iki dönəmdə Azərbaycana rəhbərlik edib. Hər iki dönəmdə ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycanın inkişafı onu deməyə imkan verir ki, ulu öndər böyük şəxsiyyət olub, böyük siyasi iradəyə malik biri olub. Bu gün Azərbaycanın beynəlxalq aləmdə bilinməsi, dünyada tanınması və ölkəmizin dünya xəritəsində mövcudluğu ulu öndər sayəsində təmin olunub. Bu gün Azərbaycanın hər bir uğuruna görə, ölkədə yaranan siyasi sabitliyə və sosial mühitin, insanların rifahının yaxşılaşmasına görə, Azərbaycanın hər bir vətəndaşı ulu öndərə borcludur, gələcəkdə də borclu olacaq. Ulu öndər daima yaddaşlardadır, hər zaman da yaddaşlarımızda yaşayacaq”.

Millət vəkili Aydın Hüseynov isə deyir ki, ulu öndər Heydər Əliyev bütün mənalı həyatını Azərbaycan xalqının, dövlətinin inkişafına həsr edib: “O, sözün əsl mənasında müasir Azərbaycanın gələcək yüzilliklər üçün əsasını qoydu. Azərbaycan xalqı yaşadıqca, Heydər Əliyev də xalqın qəlbində yaşayacaq. Çünki o, dediyim kimi bütövlükdə mənalı həyatının, ömrünün hər bir anını Azərbaycana, xalqa, ölkənin inkişafına sərf etdi. Bugünkü nailiyyətlərimiz Heydər Əliyevin strategiyasıdır, onun zəkasından yaranan ideyalardır. Digər tərəfdən də Heydər Əliyev Azərbaycan xalqının həm prezidenti, lideri oldu, həm sözün həqiqi mənasında xalqın qəhrəman oğlu oldu, Ali Baş Komandanı oldu. Bütün keyfiyyətlərilə Heydər Əliyevin həyatı, fəaliyyəti bəşəriyyət üçün bir nümunədir. Heydər Əliyev Azərbaycan üçün böyük nemətlər bəxş etdi. Bunlardan biri müstəqil Azərbaycan dövlətidir, biri Yeni Azərbaycan Partiyasıdır, ən əsası isə Heydər Əliyev ideyalarını yaşadan İlham Əliyev şəxsiyyətidir. Heydər Əliyev həm Azərbaycan, həm də dünya tarixində öz şanlı səhifəsini yazıb”.

Millət vəkili Musa Quliyev qeyd edir ki, ümumilli lider Heydər Əliyev Azərbaycan xalqının tarixində yetişdirdiyi ən böyük, ən dahi şəxsiyyətdir:

“O, Azərbaycana iki dəfə dövlət quran şəxsiyyətdir. Həm 1969-1982-ci illər, Sovet dövründə Azərbaycanı inkişaf etdirmiş, o vaxtki MDB-nin ən varlı, ən güclü dövlətlərindən birinə çevirmişdi. Eyni zamanda Azərbaycanı müstəqilliyə hazırlamışdı. Müstəqillik dövrümüzdə isə 1993-cü ildə dağılmış, parçalanmış, vətəndaş müharibəsi ərəfəsində olan Azərbaycanı yenidən qurdu, yenidən dirçəltdi və dövlətçiliyimizin əsaslarını yaratdı. Heydər Əliyev tarixi şəxsiyyət olmaqla yanaşı, Tanrının seçib bu millətə xilaskar kimi göndərdiyi xarizmatik liderdir. Onun bütün davranışları, söhbətləri bütün çıxışları fiziki görkəmi, nitqi, baxışı hamısı bir dərsdir, hamısını öyrənmək lazımdır. Ulu öndər doğrudan da Azərbaycan xalqı üçün bir nemət idi.


Həmişə özü də deyirdi ki, “Azərbaycan dünyaya Günəş kimi doğacaq”. O, bunu böyük uzaqgörənliyi ilə deyirdi. Bu gün həmin sözlərin nə qədər real olduğunun şahidiyik. Heydər Əliyev eyni zamanda Azərbaycan xalqına İlham Əliyevi bəxş edib. Böyük siyasi xadim və böyük insandır. Ulu öndərin gördüyü işlər bu gün də davam, onun qurduğu dövlət nə qədər yaşayırsa, bu xalq nə qədər var olacaqsa, Heydər Əliyev də həmişə var olacaq”.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR