“Sanksiyaların məqsədi İranı Yaxın Şərqdəki geosiyasi ambisiyalarından əl çəkməyə təhrik etməkdir” – Ekspertlərdən açıqlama

Xəbər verdiyimiz kimi, ABŞ-ın İrana qarşı növbəti sanksiyasından sonra İran da sərt açıqlama verib.

Metbuat.az-ın məlumatına görə, İran prezidenti Həsən Ruhani nüvə razılaşmasındakı bəzi öhdəlikləri dayandırdıqlarını və müqavilənin tərəflərinə İranın maraqlarını qoruyacaq addımlar atması üçün 60 gün vaxt verdiklərini bildirib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də açıqlamasında bildirib ki, İran nüvə proqramının məhdudlaşdırılması haqqında “altılıq” dövlətləri ilə imzaladığı sazişdən çıxmayacaq. Ancaq bu sazişin bəzi müddəalarına əməl etməyəcək. Onun sözlərinə görə, İran könüllü olaraq danışıqlara başlayıb və nüvə tədqiqatlarını dayandırıb: “Ancaq İran tədqiqatları davam etdirmək hüququnu özündə saxlayıb. Heç bir qüvvə İrana nüvə tədqiqatlarını davam etdirməsini qadağan edə bilməz”.

Nazir Avropa İttifaqının və dünya birliyinin ABŞ-ın təzyiqlərinə qarşı çıxa bilməməyindən və sazişi qoruyub saxlaya bilməməsindən təəssüf hissi keçirdiyini qeyd edib.

Rusiya da məsələyə öz münasibətini bildirib. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, İranın nüvə razılaşmasını qismən dayandırması ABŞ-ın düşüncəsiz addımlarının nəticəsidir. İranın qərarının ABŞ-ın nüvə sazişindən çıxmasından qaynaqlandığını bildirən Peskov qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin, Vaşinqtonla İrana qarşı edilən düşüncəsiz addımların nəticələri ilə bağlı dəfələrlə danışıb.

Məsələ ilə bağlı Metbuat.az-a şərh verən politoloq Nəzakət Məmmədova bildirib ki, sanksiyaların bu mərhələsi İran iqtisadiyyatına növbəti ağır zərbə olacaq:

“Çünki İslam Respublikasının ixracatının 10 faizi bu sahənin üzərinə düşür. Ancaq İranın hüquqi yollara baş vurub prosesi hüquqi cəhətdən öz xeyrinə dəyişmək imkanları tükənməyib. Belə ki, İran BMT-nin Beynəlxalq məhkəməsinə müraciət edərək ABŞ sanksiyalarının 1955-ci ildə "Dostluq, iqtisadi münasibətlər və konsulluq hüququ" haqda iki ölkə arasında bağlanmış müqaviləyə zidd olması iddiasını irəli sürüb.

Təbii ki, İrana qarşı sanksiyaların davam etdirilməsinin məqsədi onu iqtisadi cəhətdən zəiflətmək, sosial narazılığı artırmaq, onun Yaxın Şərqdəki geosiyasi ambisiyalarından əl çəkməyə təhrik etməkdir. Bu, ABŞ, İsrail və Səudiyyə Ərəbistanının, eləcə də bəzi Körfəz ölkələrinin geostrateji planları ilə üst-üstə düşür. ABŞ SEPAH-ı terror təşkilatı elan etməklə İrana mümkün qədər çox təzyiq planlarını həyata keçirir”.

Politoloq deyir ki, lakin İranın geri çəkiləcəyi inandırıcı deyil: “Prezident Ruhaninin 60 gün ərzində Tehranın öz nüvə proqramını bərpa edəcəyi xəbərdarlığı buna misal ola bilər. ABŞ sanksiyaları ABŞ-İran, eləcə də AB-ABŞ münasibətlərini daha da gərginliyə doğru aparacaq və regionda vəziyyəti daha da mürəkkəbləşdirəcək”.

İrana qarşı sanksiyadan sonra əsas narahatlıq yaradan suallardan biri də neftin qiyməti ilə bağlıdır. İqtisadçı ekspert Əli Əhmədov Metbuat.az-a açıqlamasında bildirib ki, İrana sanksiya tətbiq ediləndən əvvəl də, İraqdakı, Suriyadakı müharibələr və digər məsələlər uzun illərdir neftlə bağlı gərginlik yaradan məsələlər olub:

“Yaxın Şərq neft sərvətlərinin cəmləndiyi yer olmaqla yanaşı neftlə bağlı problemləri də bitmək bilmir. Əslində Trampın əvvəldən İrana sanksiya tətbiq edəcəyi ilə bağlı açıqlamaları olmuşdu. Bütün dünya artıq təqribən bilirdi ki, nə baş verəcək, çünki bununla bağlı hədə dolu bəyənatlar verilirdi. Tramp hələ prezident seçilmədən əvvəl də bu müqavilənin Amerikanın maraqlarına uyğun olmadığını deyirdi. Hamı da bilirdi ki, Tramp prezident seçilsə, müqavilə ilə bağlı dəyişiklik olacaq. Gözlənilən də oldu, Amerika müqavilədən çıxdı. Əvvəlcədən bəyənatlarla bazara informasiya ötürüldüyünə görə, bazar artıq çoxdan bu vəziyyətə uyğunlaşmağa başlamışdı. Amma indi neftin qiymətinin kəskin bahalaşmasından danışmaq çətindir. Çünki neftin bahalaşması Amerika siyasəti nəticəsində baş verdiyinə görə, Amerikanın müttəfiqləri neft bazarında qiymətlərin o qədər çox qalxmamasına çalışacaqlar. Səudiyyə Ərəbistanı da Amerikanın əsas müttəfiqidir. Onlara lazım olan nefti buraxacaqlar ki, qiymətlər çox qalxmasın.

İkincisi isə neftin qiymətinin qalxmasını tormuzlayan bir çərçivə var. Bu çərçivə Amerikadakı neft qurğularıdır. Bu qurğular baha başa gəlir, neftin qiyməti aşağı olanda bu qurğular işləmir, çünki sərf eləmir. Neftin qiyməti qalxıb 65-70 dollara çatanda qurğular işə düşür və əlavə neft çıxarmağa başlayır. Bu da onu səbəb olur ki, neftin çox bahalaşmasını gözləməyə dəyməz. Bu nə qədər təəccüblü olsa da dolların qiyməti 70-72, maksimum 75 dollardan baha olası deyil. Çünki bazarda kifayət qədər neft var, Səudiyyə Ərəbistanı buna hazırdır, Amerikanın müttəfiqidir və istəyir ki, bu kampaniyanın digər ölkələrə təsiri maksimum az olsun. Yəni Amerika İran neftinə embarqo qoyandan sonra ki, heç kim İran neftini almasın, bilirdi ki, bazarda İran neftini əvəz edəcək qədər neft var, öz nefti də var, Səudiyyə Ərəbistanının da nefti var, eyni zamanda Avropa ölkələrinin də və s. Digər tərəfdən OPEC-in də əvvəlki kimi bazara təsiri yoxdur. Onlar artıq sözü bir yerə qoyub qiymətləri qaldıra bilmirlər. Çünki birinci növbədə Səudiyyə Ərəbistanı buna imkan vermir, eyni zamanda da qiymətlər qalxan kimi Amerikadakı neft qurğuları işə düşür və bazarı neftlə təmin edir. Ona görə də neftin qiymətinin kəskin dəyişməsindən söhbət gedə bilməz. Həm də dediyim kimi, bazar artıq buna hazırdır”.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR