Türkmənistanın yeni bərə gəmisi Bakıya səfər etdi

Türkmənistanın yeni bərə gəmisi Bakıya səfər etdi
14:03 15 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

Yanvarın 15-də Türkmənistanın ilk RO-PAX tipli “BERKARAR” gəmi-bərəsinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanına ilk səfəri həyata keçirilib.

Gəminin Bakı Limanında qarşılanması tədbirində Türkmənistanın Azərbaycandakı səfiri iştirak edib.

Xorvatiyanın “Pula” tərsanəsində inşa olunan gəmi ötən ilin dekabrında Türkmənbaşı limanına gətirilib.

Bu gəmi-bərə həm təkərli texnika, həm də sərnişin daşımaq üçün nəzərdə tutulub. “BERKARAR” eyni zamanda 53 ağır yüklü avtomaşın (TIR) və 200 sərnişin götürə bilir.

Gəminin sürəti saatda 17.6 dəniz milinə bərabərdir ki, bu da Türkmənbaşı və Bakı arasındakı məsafəni təxminən 9-10 saata qət etməyə imkan verir. Ümumi yükgötürmə qabiliyyəti 2400 tondur.

Bu gəminin Bakı-Türkmənbaşı xəttində daimi işləməsi Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində avtonəqliyyat yük axınlarını daha geniş miqyasda qarşılamağa imkan verəcək.

“BERKARAR” gəmisinin bu xəttə qoyulması daşıma imkanlarını daha da artıraraq, qardaş Türkiyədən gəlib Mərkəzi Asiya istiqamətində hərəkət edən və orta illik həcmi təxminən 50 min olan TIR-ların daha qısa müddətdə qəbul edilib yola salınmasına imkan yaradacaqdır.

Bu səfərində “BERKARAR” Bakı Limanına 47 TIR, 1 minik avtomobili və 8 sərnişin gətirib. Gələcəkdə gəminin tam yüklə və daha çox sərnişinlə gəlməsi gözlənilir. Hazırda gəminin xətti hərəkət cədvəlinin hazırlanması üzərində iş gedir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR