Venesuelada Maduronun müdafiəsi - 46 il əvvəlki Çilinin bənzəri

Venesuelada Maduronun müdafiəsi - 46 il əvvəlki Çilinin bənzəri
14:07 16 May 2019
69 Digər
Ölkə mətbuatı
A- A+

Avtoritar, diktator və demokrat da demokratiyadan öz məqsədləri üçün alət olaraq istifadə edir. Hər üç qism rejim başçısı qanunun aliliyindən, dövlət və vətəndaşa xidmətdən danışır. Avtoritarlar və diktatorlar sanki dünyanın təhlükəsizliyinin onlardan asılı olduğu rəyini yaratmağa çalışırlar. Təbii ki, bu, demokratiyadan alət kimi istifadə edib silahlarını satan, dövlətlərin sərvətlərini talamaq istəyən ölkələrə də aiddir. Belə hallar idarəetmə üçün insanlığın yaratdığı demokratiyanı kiçildir, onu daha çox alətə çevirir.
Yeri gəlmişkən, Sovet İttifaqı dağılandan sonra dünyada demokratiyanın yayılmasına təşəbbüslər davam edir. Təəssüf ki, bu proses daha çox insan tələfatı, qaçqınlıq, xəstəlik və başqa sosial problemlərlə müşayiət olunur. Latın Amerikası da heç vaxt sakit olmayıb. Son yüz ildə dünyada baş vermiş ideoloji qarşıdurma ora da təsirsiz ötüşməyib. SSRİ bu ziddiyyətin bir tərəfi idi. Odur ki, Venesuelada baş verənlər başa çatmayan toqquşmanın davamıdır.
Əvvəllər böyük güclər, yaxud bu iddiada olanlar daha çox açıq-aşkar bir-birinə qarşı vuruşurdur. İndi isə başqa maraqlarını təmin etmək istədikləri dövlətlərdəki hakimiyyətlərin ya arxasında durur, ya da onu vururlar. Yaxın və Orta Şərqdə baş verənlər bunun əyani sübutudur. Dünyanın bu bölgəsində baş verənləri dəyərləndirərkən müəyyən mənada bu və ya başqa tərəfə simpatiya ola bilər. Bu baxımdan, Venesueladakı olaylar söylədiklərimiz və ya qısaca olaraq qeyd etdiklərimizi təsdiqləyir.
Rusiya keçmiş SSRİ-nin hüquqi varisidir. O, sovetlərin çıxarıldığı ölkələrə yenidən qayıtmağı hədəf seçib. Krımı ilhaq etdikdən sonra sanksiyaya məruz qalan Rusiyanın ilk belə cəhdi Suriyada oldu. Bu, Moskvaya beynəlxalq arenada müəyyən xal qazandırdı. Rusiyanın Suriyada fəallaşacağını gözləməyən Qərb indi onunla Venesuelada üz-üzədir. Bu ölkədə hakimiyyətdə solçular olsa da, indi kommunist Sovet İttifaqı yoxdur. Əksinə, onun yerində daha çox kapitalistləşmək istəyən Rusiya var. Deməli, məsələ ideoloji münasibətlərdə deyil, maraqlardadır. Burada heç demokratiya marağı da görünmür. Venesuelada Suriyadakı kimi vəziyyəti bu yerə gətirən dövlətlərin siyasi-iqtisadi hədəfləridir. Düzdür, Moskvanın Karakasa münasibəti daha regional siyasi marağa dayanır.

Əslində, Kreml 1973-cü il Çili məğlubiyyətinin təkrarlanmasını istəmir. Həmin il sentyabrın 11-də çevriliş nəticəsində sovetlərin dəstəklədiyi Salvador Alyende hakimiyyətdən salınmış və Auqusto Pinoçetin rəhbərliyi altında hərbi xunta yaradılmışdı. ABŞ-ın dəstəyi ilə həyata keçirilmiş hərbi çevriliş nəticəsində seçki yolu ilə Çilidə hakimiyyətə gəlmiş ilk sosialist hökumət devrilmiş və əvəzində 17 il davam edən diktatura rejimi qurulmuşdu. Həmin tarixdə Çili iqtisadiyyatı ağır vəziyyətdə olsa da, seçkini 43 faiz səslə Salvador Alyende udmuşdu. Bu nəticə onun rəqiblərini razı salmadı və mühafizəkarlar, milliyyətçilər və xristian demokratlar birləşərək Alyendeyə qarşı “Demokrat koalisiyası” adlı bir birlik yaratdılar. 1973-cü ildə ölkədə müxalifət və iqtidar arasındakı ziddiyyət mövcud böhranı daha da dərinləşdirdi. Avqustun 22-də xristian demokratlar və mühafizakarların nəzarətlərində olan Çili parlamentində “Çili demokratiyasının məhvedilmə təhlükəsi” adlı qanun layihəsi qəbul edildi. Parlament tərəfindən qəbul olunan qərarda göstərilirdi ki, Salvador Alyende konstitusiyadan sui-istifadə edir və ölkədə diktatorluq yaratmaq niyyətindədir. Mövcud problemi həll etmək və Çilidə yenidən demokratik bir hakimiyyət formalaşdırmaq üçün parlament ordunun məsələyə müdaxiləsini tələb edirdi. Salvador Alyende parlamentdə qəbul olunan bu qanun layihəsinin Çilinin dünyadakı nüfuzunu zədələmək və ölkə daxilidə ixtilaf yaratmağa hesablandığını bəyan etdi. ABŞ-ın mövqeyinə gəlincə isə rəsmi Vaşinqton sosialist Salvador Alyendenin hakimiyyətə gəlməsindən narazı idi. Onun ABŞ şirkətlərinin nəzarətində olan mis sənayesi üzərində dövlət nəzarətinin bərpa edilməsi barədə cəhdləri Ağ Evin narazılığını daha da artırdı. ABŞ-ın o vaxtkı prezidenti Riçard Nikson üçün dövlət katibi Henri Kissincer tərəfindən 1970-ci il noyabrın 5-də hazırlanan sənəddə Alyendenin hakimiyyətə gəlməsinin Cənub yarımkürəsində rastlaşdıqları ən böyük problemlərdən biri kimi qiymətləndirilmişdi. Bu səbəbdən ABŞ Salvador Alyendenin hakimiyyətdən salınması yolunda məxfi planlar hazırlamağa başladı. SSRİ dağılandan sonra Çilidə demokratik rejim quruldu. Bununla belə, həmin illərin acısı, nifrəti, fəlakətləri ictimaiyyətin yaddından çıxmayıb.

Bu arada Venesuelada da parlamentdə müxalifət üstünlük təşkil edir. Yaradılan Konstitusiya Şurası Nikolas Maduronun səlahiyyət müddətinin uzadılması barədə qərar qəbul edib. Müxalifət də bu addıma qarşı çıxıb. ABŞ başda olmaqla onun müttəfiqləri parlamentin sədri - ölkə müxalifətinin lideri Xuan Quaidonu Venesuelanın müvvəqəti prezidenti olaraq tanıyır. Müxalifət liderinin az qala hakimiyyəti ələ keçirəcəyi gözlənilən bir vaxtda Rusiya Venesuelaya hərbi yardım göndərir. Bununla da proses sanki dayanır, Maduro özünü arxalı hiss etməyə başlayır.
Yeri gəlmişkən, SSRİ dağıldıqdan sonra Rusiya elə bil Kuba, bir zamanlar hər cür yardım göstərdiyi Nikaraquanı unutmuşdu. Ancaq 2000-ci illərdən başlayaraq Moskva Latın Amerikasını və oradakı adamlarını xatırlamağa başladı. Bu münasibətlərin qurulmasında Venesuela prezidenti Uqo Çaves daha fəal olub. O, 2001-ci ildə iki dəfə, 2004, 2006 və 2007-ci illərdə Moskvaya səfərlər etdi. Rusiyanın o vaxtkı prezidenti Dmitri Medvedev isə 2008-ci ildə Karakasa gedib. Həmin dövrdən başlayaraq tərəflər arasında əlaqələr güclənməyə başlayıb. Bununla belə, iki ölkə arasında 2018-ci ilin son doqquz ayında ticarət dövriyyəsi 84,7 milyon dollar olub. Bu, 2017-ci ilin uyğun dövrü ilə müqayisədə 93,84 faiz çoxdur. Hesabat dövründə Rusiyadan Venesuelaya 83,9 milyon dollarlıq mal ixrac olunub, qarşı tərəfdən isə 800 min dollarlıq məhsul idxal edilib. 2005-ci ildə Rusiyanın “Qazprom” şirkəti Venesuela boğazında təbii qaz kəşfiyyatı və hasilatı üçün tender qazanıb. 2017-ci ilin avqustunda “Rosneft” neft hasilatı üçün 6 milyard dollar sərmayə qoyub. Rusiya Venesuelanın silah və hərbi texnika aldığı əsas alıcılardandır. 2005-2017-ci illərdə Venesuela Rusiyadan cəmi 11 milyard dollarlıq silah və hərbi texnika alıb. Moskva qarşı tərəfə 2009-cu ildə 2,2 milyard dollar, 2012-ci ildə və 2014-cü illərdə hər dəfə 2 milyard dollar kredit verib. Venesuela Rusiyaya borcunu qaytarmaq üçün 10 il möhlət alıb. Moskva-Karakas əlaqələrinin genişlənməyə başladığı bir vaxtda isə ABŞ Venesuela ilə iqtisadi əməkdaşlığı azaldıb. Halbuki 2015-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 23,9 milyard dolar təşkil edib.

Nəhayət, Venesuela hadisələri ABŞ-la Rusiyanın mübarizəsinin hələ də davam etdiyini göstərir. Heç şübhəsiz, bütün mənalarda güc baxımından ABŞ daha qüdrətlidir. Bununla belə, əvvəllər sovetlər dövründə buraxılan səhvləri təkrarlamaq istəmir. O vaxtlar ABŞ hərbçisi sovet əsgəri ilə Vyetnam, Əfqanıstan və s. ölkələrdə birbaşa döyüşürdü. İndi isə Amerika hərbçisinin rus əsgəri ilə istənilən ölkədə üz-üzə gəlməsini istəmir. Rusiya üçün isə elə ciddi fərqi yoxdur. O, bütün hallarda sovet dövründə itirilən nüfuzunu bərpa etməyə çalışır. Bir də qarışıqlıqdan yararlanaraq neft bazarında vasitəçilik edir. Məsələn, Venesuela neftini Hindistana satır və s. Bir də Rusiya ABŞ-ın, Qərb siyasi blokunun sərhədi boyunca genişlənməsinin qarşısını almağa, buna gücü yetməyəndə isə həmin prosesi uzatmağa çalışır. Venesuela həm də Rusiya üçün nüfuz məsələsidir. O, Suriyada Bəşşar Əsəd rejiminin qalmasına nail olduğu kimi, Maduronun da hakimiyyətdə qalmasına cəhd göstərir. Kreml özünü ABŞ-dan qorunmaq üçün alternativ kimi təqdim etməyə çalışır. Çünki dəyişiklik baş verəcəyi ehtimal olunan hələ neçə-neçə dövlət var.













Xəbərin orijinal ünvanı: https://report.az/analitika/maduro-alyendeye-venesuela-ciliye-oxsayir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR