Neftin qiyməti və Azərbaycan: büdcə xərclərində kəskin ixtisarlar gözlənilirmi?

14:22 15 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Əli Məsimli: “Ən pessimist variantda belə, büdcə xərclərinin kəskin ixtisarına ehtiyac olmayacaq”
İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, parlamentin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli ilə müsahibəmizdə dünya və ölkə iqtisadiyyatı ilə bağlı bir sıra suallara aydınlıq gətirməyə çalışdıq:

- Dünya iqtisadiyyatı üçün ağır olacağı bildirilən 2015-ci ili Azərbaycan iqtisadiyyatı üçün necə proqnozlaşdırırsınız?

- Neftin qiymətinin 2 dəfədən də çox ucuzlaşaraq 50 dollardan aşağı enməsi ilə dünya iqtisadiyyatı yenidən 2008-ci ilə oxşar ssenari ilə üz-üzə qalıb. Neftin qiymətinin aşağı düşməsi hələlik əsas neft hasilatçısı olan ölkələrin iqtisadiyyatına mənfi, neft istehlakçısı olan ölkələrin iqtisadiyyatına isə müsbət təsir göstərir. Konkret olaraq bu proses Rusiya, İran, Venesuela, Nigeriya və digər əsas neft hasil edən ölkələrin iqtisadiyyatına 1 trilyon dollara qədər ziyan vursa da, neft istehlakçısı olan ölkələr həmin məbləğdə uduşlu vəziyyətdə olub, eyni zamanda həm də ABŞ, Yaponiya, Avropa ölkələri və Çində isə əlavə olaraq ortalama 0,8 faizə qədər artım əldə olunacağı gözlənilir.

Proseslər göstərir ki, hazırkı böhran ən çox Rusiyanı vurub. Rusiya iqtisadiyyatı ressesiya mərhələsinə girir, rus rublunun sabitləşdirilməsi üçün 80 milyard dollardan çox pul xərclənsə də, də rubl 80 faiz ucuzlaşıb, ölkədən kapital axını yüz milyard dollarlarla ölçülür. Korporativ xarakterli borcları da nəzərə almaqla, Rusiya bu il 120 milyard dollar borc qaytarmalıdır.

Azərbaycandakı vəziyyət isə Rusiyadakından fərqlidir və yalnız iqtisadiyyatında neftin payı çox olan bir ölkə kimi gəlirlərinin azalması mərhələsini yaşayır. Yəni dünya bazarında neftin qiymətinin aşağı düşməsinin hər dollarına görə ümumi daxili məhsulumuz proqnoz göstəriciləri ilə müqayisədə 226 milyon manat azalacaq. Deməli, neftin qiymətinin indiki səviyyədə qalması ÜDM-ə təsir göstərərək artım templərini bir qədər azalda, ixracın göstəricilərini və Dövlət Neft Fondunun gəlirlərini azalda bilər.

Azərbaycanın 2015-ci il dövlət büdcəsinə neftin nə dərəcədə təsiri barədə fikir yürütməkdən ötrü isə mütləq onun strukturunu nəzərə almaqla mülahizə yürütmək lazımdır. Belə ki, 2015-ci ilin 19,4 milyard manatlıq büdcə gəlirlərinin 10,4 milyard manatı Neft Fondundan transfert hesabına olacaq. Bu məbləğ gələn ilki büdcənin cari xərclərini örtmək üçün yetərli olduğundan, deməli, neftin qiymətindən asılı olmayaraq gələn il hökumət təkcə Neft Fondundan transfertlər hesabına büdcə çərçivəsində götürdüyü sosial öhdəlikləri yerinə yetirə biləcək. Gələn ilki büdcənin gəlirlərinin 4,8 milyard manatı və ya 25 faizi Vergilər Nazirliyi xətti ilə qeyri-neft sektorundan daxilolmalardır. Büdcə gəlirlərinin 1,6 milyard manatı və ya büdcə gəlirlərinin 8 faizindən artığı Gömrük Komitəsi xətti ilə formalaşacaq. Vergilər Nazirliyi xətti ilə neft sektorundan daxilolmalar isə 2,3 milyard manat və ya büdcə gəlirlərinin 12 faizə yaxınını təşkil edəcək. Deməli, neftin qiymətinin aşağı düşməsinin büdcə gəlirlərinin 88 faizə qədər hissəsinə elə bir təsiri olmayacaq, yalnız qeyd etdiyimiz həmin 12 faizə və ya 2,3 milyarda manatlıq hissəsinə təsir göstərəcək. Həm də Rusiyadan fərqli olaraq neftin qiymətinin aşağı düşməsinin törətdiyi fəsadlarla bağlı Azərbaycan bu labirintdən az itki ilə çıxan azsaylı ölkələrdən biri olacaq. Amma ən pessimist variantda belə, 2015-ci ildə büdcə xərclərinin kəskin surətdə ixtisar edilməsinə, tikintiləri kütləvi surətdə saxlamağa, bəzi ölkələrdə olduğu kimi, maaş və pensiyaların verilməsini ləngitməyə və sairə ehtiyac olmayacaq.

- Nazirlər Kabinetinin sonuncu müşavirəsində ölkə başçısı dövlət qurumlarını özlərini məsuliyyətli aparmağa, israfçılıq etməməyə çağırdı, qənaətcil olmağı tapşırdı. Sizcə, qənaəti hansı sahələrdə, necə etmək olar?

- Hazırkı vəziyyət diktə edir ki, bütün sahələrdə qənaət rejiminin tətbiq edilməsi və israfçılığın aradan qaldırılması üçün müvafiq tədbirlər görülməlidir. Çünki müşavirədə qeyd edildiyi kimi, bu il bizim gəlirlərimiz azalacaq. Ona görə prezident bildirdi ki, dövlət strukturları da özlərini məsuliyyətli aparmalıdırlar. Bundan ötrü obyektiv monitorinqlər keçirilib, idarəetmə sistemindəki paralelliyin aradan qaldırılmasına yönəlik tədbirlər görülməlidir. Dövlət vəsaitini israfçılıqla istifadə edən sahələr və qurumlar aşkarlanmalı, buna müvafiq xüsusi tədbirlər proqramı hazırlanmalı və sistemli şəkildə həyata keçirilməlidir.

İsrafçılığın ən ciddi səbəbi aşıb-daşan neft gəlirləridir. Bu hal bəzilərində elə təəssürat yaradıb ki, neft həmişə belə yüksək gəlir verəcək və ona görə də həmin vəsaitin bir hissəsi israfçılıqla işlədilir. Neftin qiymətinin bu cür kəskin aşağı düşməsi Azərbaycan hökumətinin bu siyasətə yenidən baxması, eləcə də büdcə siyasətini köklü surətdə dəyişdirməsi və sistemli islahatlara gedilməsi üçün ciddi siqnaldır. Bu yöndə müvafiq tədbirlər görülməsə, bir neçə ildən sonra iqtisadiyyatda da, elə büdcədə də ciddi problemlər yaşanılacaq. Hökumət orta perspektivdə Azərbaycanın ciddi problemlərlə qarşılaşmasına rəvac verməməkdən, eləcə də neft-qaz sektorundan asılılığı azaltmaqdan ötrü büdcə gəlirlərinin asan artırılması yolundan Dövlət Neft Fondundan edilən transfertlərin tədricən azaldılması və fundamental islahatlar yolu ilə qeyri-neft sektorundan daxilolmaların artımı hesabına dövlət büdcəsinin gəlirlərinin artırılması yoluna keçməlidir. Bununla yanaşı, büdcə vəsaitindən istifadənin səmərəliliyini artırmaqdan ötrü dövlət maliyyə nəzarəti haqqında qanunun qəbul edilməsi və işlək reallaşdırma mexanizmi hazırlanıb tətbiq edilməsini zəruri hesab edirik.

- Sizcə, hazırda iş gedən hansı iri layihələrin reallaşdırılması yubadıla bilər?

- Əgər 2015-ci ildə neftin qiyməti hazırda olduğu kimi, orta hesabla 50 dollar ətrafında qərarlaşarsa, ən pessimist variantda 2015-ci ilin birinci yarısında elə həmin səviyyədə qalarsa, onda büdcəyə 500 milyon manat ziyan dəyəcək ki, bu da büdcə gəlirlərinin 2,5 faizi qədərdir. Deməli, həmin vəziyyət 6 ay - 1 il müddətində davam etsə, onda 2009-cu ildəki mənfi meyillər müəyyən dərəcədə özünü göstərə bilər. 2008-2009-cu illərdə olduğu kimi, indi də tikinti sahəsində müəyyən problemlərin meydana gəlməsinə, zəif həlqə rolunu oynayan bir sıra şirkətlərin fəaliyyətinin zəifləməsinə gətirib çıxara bilər. Bununla belə, yalnız nəzərdə tutulan bəzi üçüncü, dördüncü, beşinci dərəcəli layihələrin icrası ertələnə bilər. Amma 2015-ci ilin əsas layihələri dayandırılmayacaq. Çünki bu layihələr daha çox Azərbaycanın Birinci Avropa Oyunlarına ev sahibliyi etməsi və Azərbaycan qazının dünya bazarına nəqli ilə əlaqədar Cənub Qaz Dəhlizinin fəaliyyətinin təmin edilməsi ilə bağlı çox zəruri layihələrdir. Ona görə də neftin qiymətinin neçə dollar olmasından asılı olmayaraq, əsas layihələr mütləq həyata keçiriləcək.

- Həmin müşavirədə prezident İlham Əliyev manatın məzənnəsi ilə bağlı çox inamlı danışdı və hətta xarici vətəndaşları, şirkətləri öz vəsaitlərini manat hesabı ilə saxlamağa çağırdı. Siz manatın sabitliyinin səbəblərini nədə görürsünüz?

- Milli valyutanın sabitliyi makroiqtisadi sabitliyin mühüm amili olmaqla, həm də maliyyə sabitliyinin, xüsusilə də sosial sabitliyin vacib amilidir. Sabit məzənnə əhalinin gəlirlərinin, yığımlarının dəyərdən düşməsinin qarşısını alır və korporativ və maliyyə sektorunda sabitliyin təmin olunmasının çox mühüm amilidir. Məlum olduğu kimi, 2014-cü ildə bir sıra ölkələrdə müəyyən xarici və daxili amillərin təsiri altında əsl valyuta böhranları baş verdi. Nəticədə bir sıra milli valyutalar məcburi olaraq ciddi devalvasiyaya uğradı. Rus rublu 80 faiz, qazax təngəsi 19 faiz, türkmən manatı 22 faiz, Belarus rublu 17 faiz, Ukrayna qrivnası 90 faiz, türk lirəsi 8 faiz ucuzlaşdı. Azərbaycan manatı isə ötən illərdə olduğu kimi, 2014-cü ildə də nisbi sabitliyini qoruyub saxlaya bildi. Ona görə ki, Azərbaycan dünya iqtisadiyyatının mühüm tərkib hissəsi kimi dayanıqlığını daha etibarlı şəkildə qoruyub saxlaya bilən iqtisadiyyatlar sırasına aiddir. Xarici konyukturanın pisləşməsinə baxmayaraq, ötən il Azərbaycanın tədiyyə balansının cari hesabında 11 milyard dollardan çox profisit yarandı. İxracın həcmi idxalı 2,6 dəfə üstələyir. Ölkənin strateji valyuta ehtiyatları 50 milyard dolları ötərək ümumi daxili məhsulun 70 faizinə çatır. Strateji ehtiyatlar xarici dövlət borcunu 8 dəfədən çox üstələyir və 3 illik əmtəə və xidmət idxalını örtür. Bütün bu amillər manatın nisbi sabitliyini 2015-ci ildə və qarşıdakı illərdə də saxlaya biləcəyindən xəbər verir. Bundan ötrü 2014-cü ildə olduğu kimi, 2015-ci ildə də Mərkəzi Bank valyuta bazarının həm nağd, həm də qeyri-nağd seqmentlərində çevik tənzimləmə tədbirləri görməklə, eləcə də qonşu ölkələrdə gedən mürəkkəb prosesləri nəzərə almaqla digər zəruri tədbirlər görülməklə orta perspektivdə manatın məzənnəsini sabit saxlamağa nail olacaq.

- 2015-ci il “Kənd təsərrüfatı ili” elan edildi. Bu çərçivədə hansı tədbirlərin reallaşdırılması inkişafı stimullaşdıra bilər?

- 2015-ci ilin “Kənd təsərrüfatı” ili elan edilməsi ilə bağlı dövlət başçısının imzalamış olduğu sərəncam ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsinin əsas prioritet olduğunu bir daha təsdiqləyir. Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının sənayedən sonra ikinci önəmli sahəsidir. Ölkəmizdə iqtisadiyyatla məşğul olanların 40 faizə yaxını kənd təsərrüfatında çalışır. Dünyada mövcud olan 11 iqlim qurşağından 9-u Azərbaycanda mövcud olduğundan, bu sahənin böyük potensialı var. Həmin potensialı işə salmaqdan ötrü dövlət bir sıra tədbirlər həyata keçirir. Fermerlər üçün bir sıra güzəştlər müəyyən edilib. Kənd təsərrüfatı məhsulları istehsalçıları, torpaq vergisi istisna olmaqla, digər bütün vergilərdən azad edilmişlər. Fermer və sahibkarlar güzəştli şərtlərlə kredit, toxum, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və lizinq yolu ilə satılan gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər. Eyni zamanda, əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq üçün dövlət subsidiyalar verir. Bununla belə, kənd təsərrüfatında əmək məhsuldarlığı potensial imkanlardan xeyli aşağı olduğundan, hələ bu mühüm sahənin potensialından yetərli səviyyədə istifadə olunmur. Son illər bu sahədə ciddi irəliləyişlər olsa da, Azərbaycan özünə lazım olan ərzaq məhsullarının bir hissəsini hələ də xaricdən almaqda davam edir. Ona görə də kənd təsərrüfatının yeni əsaslar üzərində yenidən qurulması və əhalinin bu sahənin məhsulları ilə təminatının yaxşılaşdırılması, eləcə də kənd təsərrüfatının neftdən sonra eksportumuzun vacib sahələrindən birinə çevrilməsi günün tələbinə çevrilib. Son illər bu sahəyə qoyulan sərmayələr artır, iri təsərrüfatların yaradılması hesabına bu sahədə əmək məhsuldarlığının artırılması istiqamətində məqsədyönlü işlər gedir. Prezident İlham Əliyevin 2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi haqqında sərəncamı həmin işlərə sistem xarakteri verilməsi və yeni mərhələyə daşınmasına impuls verəcəkdir. Şəmkirçay və Taxtakörpü su anbarlarının istismara verilməsi suvarılan yeni torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi istiqamətində irəliyə doğru çox mühüm addım olacaq.

Kənd təsərrüfatının inkişafına dövlət dəstəyi gücləndirilməli, onun öz təyinatına uyğun istifadəsi təmin edilməli, aqrar sahədə ixrac potensialının artırılması məqsədi ilə ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatlarının təşkili sahəsindəki işlər genişləndirilməli və sürətləndirilməlidir. Aqrar sahənin potensialından istifadənin səmərəliliyini yüksəltməkdən ötrü bu sahədə islahatlar dərinləşdirilməli, şəffaflığı təmin edilmiş dövlət dəstəyi, iri, orta və xırda fermer təsərrüfatlarının birgə fəaliyyəti və qabaqcıl texnologiyanın, mütərəqqi aqro üsulların tətbiqinin genişləndirilməsi işlərinin effektiv kombinasiyasına nail olmaq lazımdır. Əgər islahatları məqsədyönlü şəkildə dərinləşdirməklə bilavasitə kənd təsərrüfatına ildə orta hesabla 500 milyon manat, torpaqların şorlaşması və erroziyadan təmizlənməsi, digər bu kimi işlərə isə 250 milyon manat, 5-6 il ərzində üst-üstə 4-4,5 milyard manat vəsait yönəldilsə, 5-6 ildən sonra əsas kənd təsərrüfatı məhsulları üzrə ildə orta hesabla 8-10 faiz artımla sabit inkişaf edən bir aqrar sahəyə sahib ola bilərik ki, bununla da həm əhalinin yerli potensial hesabına əsas ərzaq məhsulları ilə təminatı sahəsində, həm də neftlə yanaşı ikinci, geniş eksport sahəsi qazanmaqla kənd əhalisinin həyat səviyyəsinin yaxşılaşmasında əsaslı dönüşün şahidi olarıq.

Kaspi.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/319178.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR