"Azərbaycan ABŞ iqtisadiyyatına 8,2 mlrd. dollardan çox investisiya yatırıb": Samir Şərifov

"Azərbaycan-Amerika Birləşmiş Ştatları İqtisadi Komissiyası ölkələrimiz arasında qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın gücləndirilməsi baxımından mühüm instusional çərçivədir. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, 7 illik fasilədən sonra Komissiya öz fəaliyyətini bərpa edib".

Metbuat.az-ın məlumatına görə, bunu Bakıda ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclasında çıxış edərkən Azərbaycanın Maliyyə naziri Samir Şərifov bildirib. Nazirin sözlərinə görə, bugünədək ABŞ Azərbaycan iqtisadiyyatına 13,6 mlrd. dollar investisiya yatırıb:

"Öz növbəsində Azərbaycan ABŞ iqtisadiyyatına 8,2 mlrd. dollardan çox investisiya yatırıb. Hesab edirik ki, bu göstəricilər bizim iqtisadi sahədə əməkdaşlığın potensialını tam əks etdirmir və bu rəqəmlər daha yüksək ola bilərdi".

Nazir qeyd edib ki, son 15 ildə Azərbaycan iqtisadiyyatı çox yüksək templə inkişaf edib:

"ÜDM 3,3 dəfə, sənaye istehsalı 2,6 dəfə, ixrac 4,7 dəfə, valyuta ehtiyatları 34 dəfə artıb.

Bir neçə il öncə qlobal əmtəə bazarlarındakı qiymət dəyişkənliyi Azərbaycan iqtisadiyyatına təsirsiz ötməyib. Neft qiymətlərinin kəskin azaldığı, ölkənin əsas ticarət tərəfdaşlarının valyutalarının dəyərsizləşdiyi şəraitdə ölkədə makroiqtisadi iqtisadi sabitlik tezliklə bərqərar edildi, inflyasiya birrəqəmliyə çatdırıldı, genişmiqyaslı iqtisadi islahat proqramı, o cümlədən əhalinin sosial həssas təbəqələri üçün əhatəli sosial paket hazırlanaraq tətbiq olundu".

Nazir bildirib ki, 2018-ci ildən etibarən ölkə iqtisadiyyatı artım trayektoriyasına dönüb və ÜDM-in artımı 2018-ci ildə 1,4% təşkil etdi, cari ilin birinci rübündə isə 3%-dək yüksəlib.

Azərbaycan və ABŞ arasında iqtisadi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə hər iki ölkənin maraqlı olduğunu qeyd edən nazid bildirib ki, son zamanlar iki dövlətin yüksək vəzifəli rəsmiləri arasında görüşlərin artım dinamikası, ABŞ-ın Milli Təhlükəsizlik Məsələləri üzrə müşavirinin Azərbaycana səfəri bu qənaətə gəlməyə əlavə əsaslar verir:

"Azərbaycan dövləti, ölkə başçısı əvvəlki illərdə olduğu kimi indi də Amerika Birləşmiş Ştatları ilə əlaqələri yüksək qiymətləndirir və qarşılıqlı maraq əsasında əməkdaşlığa hər zaman dəstək verir".

Günay Elşadqızı / METBUAT.AZ



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR