Sarıqamış - Savaş tarixində bənzəri görünməmiş əmrə itaət

Sarıqamış - Savaş tarixində bənzəri görünməmiş əmrə itaət
14:52 15 Yanvar 2015
197 Sosial
Ölkə mətbuatı
A- A+

“Sarıkamış Harekatı, bir dram değil, bir kahramanlık destanıdır. Orada, savaş tarihinde benzeri görülmemiş bir emre itaat yaşanmıştır”
Sarıqamış Türkiyənin cənub-şərqində, Qars əyalətində yerləşən və o qədər də böyük olmayan bir qəsəbədir. Dağlıq ərazidə yerləşdiyindən buraların qışı çox şaxtalı keçir, ilin altı ayı qar olur, yayı isə qısa və sərindir. Sarıqamışı Səlcuq komandanı Sultan Alparslan 16 avqust 1064-cü ildə Bizans kralı ilə müharibədə ələ keçirmişdi. Türkiyə bu əraziləri 1878-79-cu illərdə Balkan müharibəsində itirmişdi. O vaxtdan buralar çar Rusiyasının işğalı altında olub. Şanlı türk ordusu bütün çətinliklərə baxmayaraq Sarıqamış torpaqlarını düşmən işğalından əbədi azad etdi. Tarixdəki Sarıqamış hərəkatı rus işğalı altındakı Qars, Sarıqamış və Ərdəhan vilayətlərini qurtarmaq, Qafqaz və Orta Asiyada yaşayan Türk ellərinə Türkiyənin qapısını açmaq məqsədilə başladılmışdı. Bu o vaxt idi ki, çar Rusiyası həmin vilayətlərdə yaşayan türkləri ermənilərin ixtiyarına vermiş, onlara hər cür işgəncə verməsinə şərait yaratmışdı. Bölgəyə yerləşdirilən erməni çətələri türklərə qarşı amansız terror həyata keçirir, qadınları və uşaqları qətl edirdilər. Əslində, bu cür ağır bir durumda Türk Ordusu Qafqaza girməyə məcbur idi. Baxmayaraq ki, rusun topu-topxanası, canlı qüvvəsi çox, əsgərinin də qarnı tox idi.

Dörd-beş cəbhəyə bölünmüş türk ordusunun isə canlı qüvvəsi bitmək üzərə, ayağı çarıqsız, çulu cırıq idi. Dövrün tədqiqatçılarının araşdırmalarına görə nə olursa olsun Sarıqamış hərəkatı başlamalı idi, Türk adının yer üzündən silinməməsi üçün. Çünki Rusiya hər gün bu bölgədə möhkəmlənirdi, ərazilərini genişləndirməyə cəhd edirdi. Qərb gücləri isə Türkiyəni dinləmədən torpaqlarını və sularını bölmək üçün masa başında əyləşməyə hazırlaşırdı. Tuğgeneral Ziya Yergök xatirələrində yazırdı: “Boğazlar bizdə idi, ingilis və fransızlar İstanbulu Ruslara verməyə söz vermişdilər. Bizi ittifaqlarına almır, saya salmır, istəklərimizi qəbul etmirdilər. Reallıq budan ibarət idi ki, nəticəsindən asılı olmayaraq savaşa girməsək İstanbul əldən gedəcək, ölkəmiz parçalanacaqdı. Almanların tərəfinə keçməmiz gərəkirdi, dənizə düşənin ilana sarılması kimi”. Ramazan Balcı yazırdı: "Məcburuq, Osmanlı dövləti sömürgəci dövlətlər kimi dünyanı paylaşmaq üçün deyil, varlığını qoruyub yaşatmaq üçün savaşır”.

18 dekabr 1914-cü il tarixində Ənvər paşa Ərzuruma gələrək Üçüncü Ordu Komandanlığı vəzifəsini öhdəsinə götürür, taarruz əmri verir və əsgərlərin önündə çıxış edir: “Əsgərlər, hamınızı ziyarət etdim. Ayağınızda çarığınızın, sırtınızda paltonuzun olmadığını gördüm. Lakin qarşınızdakı düşmən sizdən qorxur. Yaxın zamanda taarruz edərərk Qafqaza girəcəyik. Siz orada hər cür nemətə qovuşacaqsınız. Alemi-islamın bütün ümidi sizin son bir zəfərinizədir”.

Sarıqamış hərəkatında 83-cü alayın komandanı tuğgeneral Ziya Yergök sonralar yazırdı: “Müharibəyə girən ordu sonuna qədər müharibə ilə uğraşmalıdır. Düşmanlarımızın yiyəcək, içəcək, geyəcək, yatacaq silah-sursatları çox olduğundan müharibəni uzatmaq istəyirdilər. Bizdə isə vəziyyət tam əksinə idi, ona görə də uzatmaq olmazdı. Biran öncə savaşı başlamaq və zəfər qazanmaq istəyirdik. Türkiyəni hərbə qatılmasından dolayı ittiham etmək, milli varlığını qorumak üçün mücadilə etməsindən dolayı ittiham etmək deməkdir”. Haqlı fikirdir, çünki 1912-ci ildə Amerikanın yeni seçilmiş prezidenti Vilson hökumət üzvülərini bir yerə toplayaraq xarici ölkələrə göndəriləcək yeni səfirlərin müzakirəsi edərəkən, vəzifəlilərdən biri, Türkiyəyə kimi səfir göndərək? sorusuna Vilson: “Türkiyə yox ki, səfir göndərməyə də ehtiyac olsun” deyə cavab vermişdir. Birinci Dünya müharibəsi ərəfəsində Türkiyə haqqında ümumi fikir belə idi.

Hərəkat başlamazdan öncə Osmanlı ordusuna ərzaq, döyüş sursatı və pal-paltar gətirən gəmiləri çar ordusu Qara dənizin sularında batırır. Vəziyyətin çox ağır olduğunu görən tədbirli və güclü sərkərdə Hasan İzzət paşa tələbəsi, 34 yaşlı Ənvər paşaya əl saxlamağı, bir az gözləməyi məsləhət görür: "Qara qışın ən sərt çağıdır. İndi hərəkət etmək gözgörəsi faciəyə getməkdir. Qış şiddətini azaltsın, yollar açılsın, biz də hazırlıqlarımızı bir az artıraq, ondan sonra düşmənə həddini bildirərik" deyir. Lakin Ənvər paşa tətikdəydi. Beləliklə, 1914-cü il dekabrın 24-də 40 dərəcə şaxtada böyük Sarıqamış Hərəkatı başladı. Üçüncü ordunun bir neçə bölümü 24-dən 25-ə keçən gecə Sarıqamışa yetişir. Lakin Allahu-Əkbər dağlarını aşarkən çox böyük çətinliklər yaşanır və şaxta ac və isti geyimi olmayan məhmətlərin canını alır. Şaxta telefon xətlərini dondururkən Türk Ordusu Qafqaz cəbhəsini yarmaq üçün irəliləyirdi. Bir teleqramda deyilir: “ Türk Ordusu ikinci cəbhə açaraq bir az da irəliləsə Bakı nefti Osmanlı-Alman ittifaqının əlinə keçəcək və Hindistan yolu onlara açıq olacaq”.
Soyuq getdikcə şiddətlənirdi. Çovğunlu qar yolları bağlamaqla bərabər çadırları da yıxmışdı. Dondurucu soyuqlarda həyatını itirən əsgərlərin sayı hər gün çoxalırdı. Buna baxmayaraq yanvarın ilk günlərində 125 minlik türk ordusu iliyə işləyən soyuğa baxmayaraq, strateji yüksəkliklərdən aşaraq plana əsasən iki istiqamətdən hücuma keçir. Lakin 40 dərəcəni keçən şaxtaya əsgərlər 15 saat davam gətirə bilirlər. İngilis generalı Vavel Sarıqamış süqutundan sonra yazırdı: "Türk ordusu, dünyanın heç bir ordusunun yerindən tərpənməyəcəyi şərtlər altında müharibə edən ordudur. Bir nəfər belə ordusuna, vətəninə arxa çevirmədi”. Birinci Dünya müharibəsində “Osmanlı Ordusu” kitabını yazan Edvard J. Erickson yazırdı: “"Sarıqamış hərəkatı 22 dekabr sabahı qar və dumanın nisbətən az olduğu ümidli bir havayla başladı. Onuncu ordu sabaha doğru saat 4-də Oltu istiqamətində hərəkət etdi. Doqquzuncu ordu sabah saat 6 ilə 8 arasında hücum edərkən 11-ci ordu sabah saat 9-da hücuma keçdi. Ənvər paşa gedişatı izləmək üçün sabah saat 8-də irəli xətlərə getdi və günortadan sonra Hahora gəldi. Başarılı gün idi, 3-cü ordunun axşamkı raportu ümitverici idi, onun sabahı gün də işlər yolundaydı. Hətta dekabrın 24-də ordunun sol qanadı Oltayı keçərək irəlilədi. Dekabrın 29-da Türk ordusu Sarıqamışın ətraf məhəllələrinə qədər yaxınlaşdı, 10-cu ordu güneydoğuya dönərək Sarıqamışın mühasirəyə alınacağı nöqtəyə vardı. Sarıqamış taarruzu bu ana qədər başarı ilə irəliləyirdi. 10-cu Qolordu üç gün içində 75 kilometrlik çox çətin bir yürüş etdi, 25 və 26 dekabr tarixlərində gecə edilən hücum zamanı 29-cu piyada əski Sarıqamışa girdi, Sarıqamış-Qars yolu üzərində bəzi mövqeləri ələ keçirdi. Şaxtanın hərarəti getdikcə artır, qar iki metrə boy verirdi. Nə yazıq ki, 11-ci Qolordunun zəif hücumları ruslara dərhal fürsət verdi. Bir neçə süvari alayı ilə Ərzurumdan keçib Sarıqamışa girdilər. Zəifləmiş türk ordusuna qarşı son dərəcə güclü sədd çəkdilər. 29 dekabr Sarıqamış hərəkatında ən sonuncu uğurlu gün oldu”. Yanvarın 15-i günü Sarıqamış Hərəkatı Türk tarixinə qara səhifə kimi yazılır, onminlərlə məhmətcik ya soyuqda donmuş, ya da düşmən gülləsinin qurbanı olmuşdu. Bir çox tarixçilər bu savaşda 50 min şəhid verildiyi bildirilir. Rusların isə 32 min döyüşçü itirdiyi göstərilir. Bir çox tədqiqatçılara görə Sarıqamış hərəkatında 90 min şəhid verildiyi Rusiya mənbələrindədir. Bu rəqəm, çar Rusiyasının Türkiyə üzərində qələbə çaldığına dair təbliğat vasitəsi kimi qəsdən istifadə olunub.

O qorxunc gecəni Sarıqamışın kaymakanı Şerif bəy sonralar belə xatırlayırdı: "Hava soyuq idi, gecə daha da şiddətləndi. Bəziləri azacıq da olsa ocaq qalamağa müvəffəq olmuşdu, fəqət bir çoxları orada əbədi yuxuya dalmışdı. Yol boyunca pərakəndə şəkildə geri qalıp top şəklində donanlar gündüz aşkarlandı”.

Ruslar yanvarın 4-də qəti hücuma keçdilər. Türk ordusu özündən 8 qat güclü düşmənlə qarın-çovğunun altında üz-üzə idi. Gözlənən yardım da gəlməmişdi. Ənvər paşa vəziyyətin nə qədər ağır olduğunu gördükdən sonra vəsiyyət yazır: “Ruslara taarruz edildi, ancaq məğlub ediləmədi. İndiyə qədər əsgər və zabitlərimiz qüsursuz savaşdılar, bir çox manevr etdilər. İndi isə 11-ci kolordunu və süvari dəstəsini gözləyirəm. Gəlir və yetişərsə düşməni pozacağam. Gəlməsə düşmən zəifləmiş hissəmizə hücum edər, ordumuz məhv olar. Mən vəzifəmi yaptığımı sanıram. Məğlub olmayın, düşmənlə sona qədər savaşın, hər halda sonunda müvəffəq olacağıq. Mən qəlbən savaşdım və peşman olmadan ölürəm. Yaşasın dinim, Vətənim, padişahım!"

Bu vaxt Miralay Şərif Ənvər Paşanın yanına gələrək 9 və 10-cu ordulardan bir cavab gəlmədiyini, nəticənin çox ağır olduğunu söyləyir: "Burada qalmağımızın heç bir faydası yox artıq” deyir və ona məsləhət görür ki, 11-ci ordunu hərəkətə keçirmək üçün İstanbula getsin. Bu hadisədən sonra Ənvər paşa bir bəyanat verərək 10 yanvar 1915-ci ildə İstanbula dönməyə qərar verir: "Bir aydır əsgərlərin müharibədə düşmənə necə zərbə endirdiyinin şahidi oluram. Bu uğurda sərf ettiyiniz qeyrət və mübarizəniz heç bir vaxt hədər getməyəcək. Mən İstanbula dönürəm. İnşallah bundan sonra da böyük müvəffəqiyyətlər qazanaraq düşməni bir daha baş qaldırmayacaq qədər qəhr edər, şəhidlərimizin ruhunu şad edəriz. Sizi Allahın birliyinə həvalə edirəm”.

Bu savaşda Türk ordusu qara qışın soyuğunda düşmənin qurşun və gülləsiylə uğraşdı və məhv oldu. Yaşadığı bu qədər müsibətə rəğmən bir əskər belə arxa çevirmədi. Dağlarda sadəcə buzlaşdı. Əlbəttə, Sarıqamış hərəkatının uğursuzluğu cəbhədən qələbə xəbəri gözləyən qəhrəman türk xalqını sarsıtmışdı. Tarixçilər bu mənzərəni belə ifadə edirdilər: "Altı əsrlik qoca Osmanlı ölüm növbəsində idi".

Sarıqamış savaşında çar Rusiyası daha çox erməni çetələrindən yararlanmışdı. O ara Ərzurumda çox sayda türk insanları erməni çetələri tərəfindən öldürülürdü. 1918-ci il mayın 1-də Ərzurumda, Trabzon və Ərzincanda 2127 türk kişi cəsədi tapılmışdı. Sarıqamış faciəmiz ermənilərin qədərinə müsbət təsir elədi, bu doğru, sonralar Rusiya terkiyənin Şərq vilayətlərində Ermənistan dövləti yaratdı.

Sarıqamış məğlubiyyəti Türkiyə ilə bərabər Azərbaycanın da məğlubiyyətinə səbəb oldu. Bu uğursuzluqdan güclənən erməni terrorçuları Azərbaycana üz tutdular, elimizi kənd-kənd, oba-oba yandırıb külə döndərdilər. Ən dəhşətlisi isə işğal olunmuş türk torpaqlarında, Anadolunun şərqində Ermənistan dövləti yaratdılar. Sarıqamış savaşında əsir götürülən minlərlə türk əsgərini Rusiya Cənubi Qafqaza gətirərək o vaxt "cəhənnəm adası" adlandırılan Nargində yerləşdirdi.

Lakin çox keçmədən 3-cü Ordu rus, erməni və gürcü könüllülərindən ibarət bütün müqavimətləri asanlıqla qırdı və fevralın 14-də Ərzincanı, 24-də Trabzonu və Nənəhatunu, martın 12-də Ərzurumu geri aldı. Aprelin 4-də isə Sarıqamış və Ərdəhan, 18-də isə Beyazit Türklərin oldu. Rus-gürcü müdafiə hissələri tərəfindən qorunan Batumda 600 zabit və 3 min əsgər əsir alındı. Aprelin 26-da Qars qalası qəhrəman türk Ordusu tərəfindən zəbt edildi. Mayın əvvəllərində Cənubi Qafqaz respublikalarının elçiləri Türkiyə ilə barış müqaviləsi imzalamaq üçün Batuma gəldilər. Vehip paşa Axalkələk, Gümrü, Naxçıvan bölgələrin boşaldılması qarşılığında barış imzalaya biləcəyini söylədi. Cənubi Qafqaz bu tələbi qəbul etdi, ermənilər razılaşmadığına görə Yakub Şevki paşa 17 minlik ordusu ilə Gümrüyə hücum edərək erməni ordusunu yox etdi.

Kaspi.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/319179.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR