"Asiya İnkişaf Bankı Azərbaycana 23 layihə üzrə 3,7 milyard dollar məbləğində maliyyə ayırıb": Samir Şərifov

Azərbaycanın Asiya İnkişaf Bankı (ADB) ilə çox yaxşı əməkdaşlığı var. Bank bu günə qədər Azərbaycanda 23 layihə üzrə 3,7 milyard dollar məbləğində maliyyə ayırıb".

Metbuat.az-ın məlumatına görə, bunu Maliyyə naziri Samir Şərifov Bakıda keçirilən “Dövlət Borcunun İdarə Edilməsi üzrə Asiya Regional Forumu”ndakı çıxışı zamanı deyib.

Nazir bildirib ki, Bakı 2015-ci ildə ADB-nin Direktorlar Şurasının 48-ci toplantısına da ev sahibliyi edib:

"Düşünürəm ki, bu forum Azərbaycanla Bank arasında daha bir uğurlu əməkdaşlığa şərait yaradacaq. Azərbaycan bir sıra sahələrdə uğurlu islahatlar aparmağa başlayıb. Bu islahatlar xüsusilə dövlət maliyyələşməsini əhatə edir və büdcə gəlirlərinin neftdən asılığını azaldıb, büdcənin fiskal rolunu gücləndirib. Ümumilikdə biz iqtisadi islahatların uğurlu nəticələrini görməyə başlamışıq. Bu, özünü makroiqtisadi sabitlikdə, qeyri-neft sektorunun inkişafında, həmçinin aşağı inflyasiyada göstərir. Son nəticədə ölkənin valyuta ehtiyatları artır. Bu ilin I rübünün yekununda Azərbaycanın valyuta ehtiyatının ümumi daxili məhsula (ÜDM) nisbəti 100%-ə çatıb. Bu uğurlar hesabına Azərbaycan Dünya Bankının “Doing Business 2019” hesabatında 10 ən islahatçı ölkə kimi göstərilib”.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR