​Zelenski Ukraynanı ağ günə çıxara biləcəkmi? – Politoloqlardan mühüm açıqlama

Xəbər verdiyimiz kimi, artıq Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski and içərək prezidentlik fəaliyyətinə başlayıb. O, and içərək xalqa bütün məsuliyyəti ilə, vicdanla xidmət edəcəyini bildirib. Prezidentliyə başlayar-başlamaz səsləndirdiyi bəyənatlar isə hamının diqqətini cəlb edib.

İndi bütün dünyanı maraqlandıran Ukraynanın bundan sonrakı vəziyyətinin necə olacağıdır. Siyasətdən uzaq olan, aktyor kimi tanınan Zelenski Ukraynanı ağ günə çıxara biləcəkmi?

Məsələni Metbuat.az-a şərh edən Politoloq Elşad Mirbəşir deyir ki, hər şeydən öncə Zelenskinin qələbəsini səciyyələndirərkən bunu onun qələbəsindən çox, Petro Poroşenkonun məğlubiyyəti kimi nəzərdən keçirirəm: “Çünki Poroşenkonun hakimiyyəti dövründə Ukraynanı təxminən 4 il müddətində daimi və ya müvəqqəti olaraq 10 milyona yaxın insan tərk edib, çoxu da Polşaya, Almaniyaya işləməyə gediblər. Bu da hər şeydən əvvəl ondan xəbər verir ki, Ukraynada həm siyasi müstəvidə, həm də sosial-iqtisadi müstəvidə həyata keçirilən fəaliyyət ukraynalıların gözləntiləri ilə daban-dabana ziddiyyət təşkil edib. Əlavə olaraq Ukraynanın ərazilərinin, Krımın, ardınca Donetsk, Luqanskın itirilməsi və Poroşenkonun bu istiqamətdə atdığı addımların vəziyyəti daha da gərginləşdirməsi gözlənilən nəticələrə gətirib çıxardı. Yəni onun appanentinə böyük səs qazandırdı. Təbii ki, bu baxımdan Zelenskinin Ukrayna üçün böyük töhfələr verəcəyini düşünmək sadəlövhlük olar. Birincisi, Zelenski hər şeydən öncə Ukraynada daxili siyasi “mətbəx”ə yaxşı bələd olan insan deyil. O, şou sahəsində fəaliyyət göstərib, aktyor olub, yəni sadəcə kənardan müşahidəçi olub. Hadisələrin mahiyyətini dərindən bilmir. Məsələnin başqa tərəfi isə ona dəstək olan oliqarx Kolomoyski və onun köhnə haqq-hesabları da müəyyən rol oynayır. Kolomoyskinin Avropada kifayət qədər əlaqələri mövcud idi və bu əlaqələr də Zelenskinin hakimiyyətə gəlməsində təsirli rol oynadı. Bu onu da qeyd etməyə əsas verir ki, Kolomoyskinin Ukraynada boz kardinal rolunda çıxış edəcəyi ehtimalları kifayət qədər ciddidir.

Hər şeydən öncə hesab edirəm ki, Kolomoyski özünün Poroşenkonun dövründə itirdiyi mövqelərini geri qaytarmağa çalışacaq. Bu da ondan xəbər verir ki, milli məsələlərlə bağlı hər hansı bir layihənin həyata keçirilməsi məsələsi arxa planda qalacaq. Zelenskinin konkret olaraq bəyənatlarına gəldikdə isə hesab edirəm ki, bu bəyənatlar sadəcə olaraq bəyənat sərhədini keçə bilməyəcək. Bildiyimiz kimi, Zelenski itirilmiş ərazinin qaytarılması ilə bağlı ilk vaxtlardan müəyyən fikirlərini səsləndirdi və ərazinin qaytarılacağı ilə bağlı ümidlər yaratmağa çalışdı. Amma bunun üçün Zelenskinin nə siyasi, nə də digər resursları mövcud deyil.

Digər məqam isə ondan ibarətdir ki, Ukraynada ciddi sosial-iqtisadi problemlər var. Bu problemlərin aradan qaldırılması istiqamətində də hələlik Zelenski komandasının işlək olacaq fəaliyyət proqramı da mövcud deyil. Bunun üçün zaman tələb olunacaq və bu proqramın işlənib-hazırlanması və həyata keçirilməsi ən yaxşı halda 2 il zaman aparacaq. Bu da növbəti 3 il içində səmərəli fəaliyyət göstərməyə imkan verməyəcək. Bu baxımdan hesab edirəm ki, ümumilikdə Zelenski keçid prezident kimi səciyyələndirilə bilər. Əsas proseslər Zelenskidən sonra hakimiyyətə kim gələcəksə, onun dövründə cərəyan edəcək”.

Politoloq Nəzakət Məmmədova deyir ki, Zelenski elə andiçmə mərasimində etdiyi çıxışında özünün prezidentlik dönəmində Ukraynada heç bir şeyin əvvəlki kimi olmayacağı mesajını verib: “Zelenski ölkənin uğurlu xarici siyasət strategiyasının həyata keçirilməsi, demokratiyanın inkişafı, korrupsiyanın aradan qaldırılması, oliqarxların qeyri-məhdud hakimiyyətinin aradan qaldırılması, parlamentli respublikaya keçilməsi və s. məsələlərini həll etməlidir. İndiyədək bütün Ukrayna prezidentləri hakimiyyəti öz əlində cəmləşdirməyə çalışıblar. Bu, hətta oliqarxokratiya və avtoritarizm həddinədək gəlib çata bilərdi. Məhz bu səbəbdən əhali ikinci dönəm prezident olacağı təqdirdə avtoritarizmə yuvarlanacağı ehtimal edilən Poroşenkodansa, Zelenskiyə səs verməyi üstün tutdu. Zelenskinin hakimiyyəti dövründə Ukrayna və Rusiya arasında münasibətlərin necə olacağı ehtimalı çoxdur. Ukraynanın rusiyameylli şərq vilayətləri də ona səs verdilər və bu, Ukraynada əhali arasında parçalanmanın dərinləşməsinin qarşısını ala bilər. Millətçi Poroşenkodansa, Şərqi Ukraynada doğulmuş rusdilli Zelenskinin Rusiya və Ukrayna arasında ortaq fiqur olması daha real görünür”.

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov isə deyir ki, Zelenski yeni tip dövlət başçılarından biridir: “Bilirsiniz ki, son zamanlar dünyada qeyri-ənənəvi siyasətçilərin, siyasətdən uzaq olan şəxslərin hakimiyyətə gəlməsinin şahidiyik. Zelisnki hakimiyyətə gələr-gəlməz çox düzgün şəkildə parlamenti buraxdı. Onsuz da parlament seçkiləri bu il olacaqdı, lakin prezident və parlament seçkiləri arasında bu qədər fərq həm ölkəni daha çox qarışıq respublikaya çevirə bilər, həm də Ukraynada qarışıqtip idarə formasının davam etməsinə gətirib çıxara bilər. Hansı ki, müəyyən dövrlərdə Ukraynada bəzən müstəqillik illərindən sonra olurdu. Digər tərəfdən isə Ukrayna bu gün qlobal çağırışlar qarşısındadır. Bu məsələ ilə əlaqədar bir neçə məqama toxuna bilərik. Əlbəttə ki, əsas çağırış Dombasla və ərazi bütövlüyü ilə bağlıdır ki, Ukraynanın ərazi bütövlüyünün pozulması ölkəni hansısa qərarlar qəbul etməyə sövq edir. İş orasındadır ki, Ukrayna Rusiyadan daha zəif ölkə olduğundan Kiyev qəti addımlar ata bilmir. ABŞ, Avropa İttifaqı əslində Ukraynaya sözdə dayaq olsalar da, münaqişənin müharibə fazasına keçəcəyi təqdirdə əsgəri hərbi yardım etməyəcəklər. Zelenski bunu çox yaxşı başa düşür. Krım məsələsi ilə bağlı danışanda, o bildirib ki, “Krımı qaytaracam, amma bu çox uzun vaxt alacaq”.

Bu, faktiki o deməkdir ki, Krımın qaytarılması haqqında düşünmür, bu onun üçün prioritet deyil.Yəni hələ Krımdan, Dombasdan əvvəl həll olunmalı məsələlər var. Ümumiyyətlə Ukrayna ənənəvi olaraq oliqarxik rejimin oturuşduğu bir siyasi sistemə malikdir. Ukraynanı əvvəlcə bu oliqarxiyadan təmizləmək lazımdır. Ukraynanın heç bir prezidenti buna müyəssər olmayıb. Əksinə onlar oliqarxik qrupların maraq dairəsində və çətiri altında fəaliyyət göstərirdilər. Düşünürəm ki, Zelinskinin də oliqarx Kolomoyskinin çətiri altında fəaliyyət göstərəcəyi istisna deyil.Bu barədə artıq çoxdan söz-söhbətlər gəzir. Hər halda yeni Ukrayna yeni Zelinski ilədir, pis olacağını heç kim deyə bilməz, amma yaxşı olacağı ilə bağlı hamı ümidlə gözləyə bilər. Ukrayna dövləti 2000-ci illərdən bu yana bir neçə yeni sima, yeni prezident görüb. Lakin bu yeni simalar Ukraynanı ağ günə çıxara bilməyiblər. Zelenski ilə bağlı məsələyə gəldikdə isə bunu zaman göstərəcək”.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR