Bakıda baş vermiş yol qəzalarının statistik təhlili

Bakıda baş vermiş yol qəzalarının statistik təhlili
15:43 15 Yanvar 2015
136 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir İlkin İzzət/

Ötən il Bakıda baş vermiş yol qəzalarında ölən 313 nəfərdən 221-i kişi, 76-sı qadın, 16-sı uşaq, xəsarət almış 894 nəfərdən isə 570-i kişi, 258-i qadın, 66-sı uşaq olub. Bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.

V.Əsədov qeyd edib ki, ölən uşaqlardan 5-i məktəbəqədər yaşda olub: "Məqsədyönlü tədbirlərin aparılmasına baxmayaraq, ürəkağrıdıcı olsa da deməliyik ki, 2014-cü il ərzində azyaşlılarla əlaqədar 77 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 16 nəfər həlak olub, 66 nəfər isə xəsarət alıb. Bu hadisələrdən 22-də 7 yaşınadək 5 uşaq ölüb, 18 uşaq isə yaralanıb. 7 yaşdan 16 yaşa qədər məktəblilərin iştirakı ilə isə 55 hadisə baş verib. Nəticədə 11 nəfər ölüb, 48 nəfər yaralanıb. 2013-cü illə müqayisədə baş vermiş yol qəzalarında azyaşlılarla bağlı (75 hadisə, 18 ölüm, 61 xəsarət) ölüm sayı 2 fakt azalsa da, hadisələrin sayı 2 fakt, yaralananların sayı 5 fakt artıb".

Bölmə rəisinin sözlərinə görə, ümumilikdə Bakının inzibati ərazisindəki yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, qəzaların baş verməsinin əsas səbəbləri sürət həddinin aşılması, ötmə-manevretmə və yolayrıcını keçmə qaydalarının pozulmasıdır: “Sürət həddinin aşılması səbəbindən 341 hadisə (37,8%) baş verib, nəticədə 142 nəfər (45,4%) ölüb, 279 nəfər (31,2%) xəsarət alıb. Ötmə-manevretmə qaydalarının pozulması səbəbindən 285 hadisə (31,6%) baş verib. Nəticədə 97 nəfər (31%) ölüb, 332 nəfər (37,1%) xəsarət alıb. Yolayrıcını keçmə qaydalarının pozulması səbəbindən isə 69 hadisə (7,7%) baş verib. Nəticədə 25 nəfər (8%) ölüb, 90 nəfər (10,1%) xəsarət alıb”.

Bundan əlavə, sərnişindaşıma qaydalarının pozulması ilə bağlı 2 hadisə baş verib. Nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Dəmiryol keçidlərini keçmə qaydalarının pozulması nəticəsində 3 hadisə qeydə alınıb. Nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Sürücünün sükan arxasında yatması səbəbindən 2 yol qəzası baş verib. Qəzalar zamanı 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Avtomobilin texniki nasazlığı səbəbindən baş vermiş 4 hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Avtomobili sərxoş halda idarə edən sürücülərin günahı üzündən 12 yol qəzası baş verib. Nəticədə 10 nəfər ölüb, 12 nəfər yaralanıb. Sərxoş sürücülərin hamısı şəxsi avtomobillərin sürücüləri olub. Piyadaların günahı ucbatından 8 yol qəzası baş verib ki, bu hadisələr zamanı 3 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Xəsarət alan piyadalardan 1-i sərxoş vəziyyətdə olub. Digər səbəblərdən isə 120 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, bu zaman 29 nəfər ölüb, 112 nəfər xəsarət alıb.

V.Əsədov bildirib ki, paytaxtda qeydə alınan qəzaların yarıdan çoxu piyadaların vurulması ilə bağlıdır: “Piyadaların vurulması ümumi hadisələrin 51,6%-ni (465 hadisə) təşkil edib. Nəticədə 153 nəfər (48,9%) ölüb, 343 nəfər (38,4%) xəsarət alıb. 2013-cü illə müqayisədə avtomobillərlə piyadaların vurulması halları 0,1% azalıb. Belə halların qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı 137 034 piyada inzibati məsuliyyətə cəlb edilib. 2013-cü ilin analoji dövrü ilə müqayisədə (139 858) piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması halları 2% azalıb”.

O, həmçinin deyib ki, ötən il paytaxtda avtobusların iştirakı ilə 48 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 12 nəfər ölüb, 49 nəfər xəsarət alıb. Fiziki şəxslərə məxsus avtobusların iştirak etdiyi 16 qəzada 6 nəfər ölüb, 20 nəfər xəsarət alıb. Hüquqi şəxslərə məxsus avtobusların iştirak etdiyi 32 qəzada isə 6 nəfər ölüb, 29 nəfər yaralanıb. Ötən il 2013-cü illə müqayisədə avtobusların iştirakı ilə yol qəzalarının sayı (hadisə 20 fakt, ölüm 29 fakt, xəsarət 22 fakt) azalıb.

Yük avtomobillərinin iştirakı ilə isə 67 yol-məqliyyat hadisəsi baş verib. Nəticədə 22 nəfər ölüb, 71 nəfər yaralanıb. Ötən il 2013-cü illə müqayisədə yük avtomobillərinin iştirakı ilə yol qəzalarının sayı (hadisə 10 fakt, ölüm 2 fakt) azalıb.

Yol polisinin sözçüsü əlavə edib ki, ötən il 7 nəfərin həlak olması ilə nəticələnən hadisə zamanı sürücülər hadisə yerindən qaçaraq ərazini tərk ediblər. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onlardan 4 ölüm faktının üstü açılıb, 3 faktla bağlı araşdırmalar davam edir.

Naməlum şəraitdə baş vermiş yol-nəqliyyat hadisələrinin sayı 1 fakt (1,8%), ölənlərin sayı 2 fakt (40%), yaralananların sayı 3 fakt (6%) artıb. Qeyd edək ki, 2013-cü ildə naməlum şəraitdə 55 yol-nəqliyyat hadisəsi baş vermişdi. Nəticədə 5 nəfər ölmüş, 50 nəfər xəsarət almışdı. Paytaxtın Nəsimi və Pirallahı rayonları ərazisində naməlum şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi qeydə alınmayıb.

V.Əsədov qeyd edib ki, hadisələrin növlərinə görə 282 halda avtomobillərin toqquşması qeydə alınıb, nəticədə 102 nəfər ölüb, 376 nəfər xəsarət alıb. Avtomobillərin aşması ilə nəticələnən 25 hadisə baş verib, 10 nəfər ölüb, 32 nəfər xəsarət alıb. 86 maneəvurma nəticəsində 27 nəfər ölüb, 98 nəfər yaralanıb. Dayanmış nəqliyyat vasitəsinin vurulması ilə bağlı 32 hadisə qeydə alınıb. Nəticədə 17 nəfər ölüb, 38 nəfər xəsarət alıb. Sərnişinin nəqliyyat vasitəsindən yıxılması ilə nəticələnən 3 hadisə qeydə alınıb. Bu hadisələr zamanı 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Bir halda avtomobillə velosipedçinin vurulması zamanı 1 nəfər xəsarət alıb. 7 digər hadisə zamanı isə 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Qeyd edək ki, 2014-cü il ərzində paytaxtda 901 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 313 nəfər ölüb, 894 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 2013-cü illə müqayisədə hadisələrin sayı 110 fakt (10,9%), ölüm 29 fakt (8,5%), xəsarət isə 106 fakt (10,6%) azalıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR