"Bu musiqi bayramıdır, musiqi müharibəsi deyil..." - Avroviziya mahnı müsabiqəsi haqqında

Təl-Əviv Ekspo Mərkəzində keçirilən 64-cü Avroviziya mahnı müsabiqəsi başa çatıb.

Müsabiqə bir çox məqamlarla yadda qalıb.

Metbuat.az yarışmanı çox yaxından izləyən məşhurlarla əlaqə saxlayıb, fikirlərini öyrəndi.

İlk olaraq builki müsabiqənin şərhçisi Murad Ariflə əlaqə saxladıq. M.Arif açıqlamasında Çingizi ilk üçlükdə gördüyünü bildirib:

“Bu il müsabiqə yaxşı keçirildi, nəticədən razıyam. Mahnımız favorit oldu, bu münasibətlə də hamını təbrik edirəm. Beş ildir ki, ilk onluğa düşə bilmirdik. Orada olan bütün əcnəbilər Çingizin ifası, özü, davranışları, mətbuatla ünsiyyəti haqqında çox müsbət fikirdə idilər.

Builki qalib çox güclü mahnı ifa etdi. İtaliyanın da ifasını bəyəndim. İlk üçlükdə Çingizi də görürdüm, amma rəqibləri çox güclü idi”.

Avroviziya-2011 müsabiqəsində Azərbaycanı təmsil edərək birincilik qazanan Eldar Qasımov isə bəzi məqamların onu çox duyğulandırdığını bildirib:

“Avroviziya müsabiqəsinin mahnıları 2013-cü ildən bu yana xoşuma gəlmirdi. Ab-hava nəinki gərgin idi, heç mahnı bayramına da oxşamırdı. İnsanlar bir-biri ilə savaşırdılar. İndi isə tam əminliklə deyə bilərəm ki, Avroviziya mahnı müsabiqəsi yenə də bu keyfiyyəti özünə qaytarır və qiymətli musiqilər ərsəyə gəlir. Bu, çox gözəldir. Bu ilki yarışmada hər bir azərbaycanlı kimi mənim də ürəyim Çingizlə idi. Müsabiqədə 8 səs veriləsi mahnı var idisə, onlardan biri də Çingizin ifası idi. O qədər ölkələr arasında Azərbaycan 8-ci yerə layiq görüldü. Bu çox qürurverici haldır.

Mənim başqa favoritlərim də var idi və həmin mahnılar ürəyimdə iz qoydu. Bəzi məqamlar var idi ki, məni olduqca duyğulandırdı və ağladım. Məncə, builki müsabiqə çox yaxşı keçirildi.

O ki, qaldı Çingizin layiqli yeri tutmasına, mən əvvəl də demişdim ki, o, ilk onluğa düşməlidir, çünki mahnısı çox gözəl idi.

Fikrimcə, bizdə hərdən bu yarışmaya qarşı sağlam olmayan yanaşma olub ki, biz mütləq kimisə keçməliyik. Almaniya müsabiqənin sahiblərindən biridir, amma onlar heç vaxt demirlər ki, “biz mütləq onluqda və ya beşlikdə olmalıyıq”. Bu musiqi bayramıdır, musiqi müharibəsi deyil və hər kəs belə yanaşmalıdır, insanlar ora zövq almağa getməlidir. Düşünürəm ki, xalq olaraq bu yarışmaya münasibətimizi dəyişməliyik.

Əsas olan odur ki, ürəyimizi sevgiylə, məhəbbətlə dolduraq və insanlara bunu ötürməyi bacaraq”.

Sevinc Kərimova // METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR