"Oftalmologiyanın bu günü və gələcəyi" adlı beynəlxalq elmi-praktik konfransı keçirilir

Səhiyyə Nazirliyi, Azərbaycan Oftalmoloqlar Cəmiyyəti və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşəbbüsü ilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 10 illiyinə həsr edilmiş "Oftalmologiyanın bu günü və gələcəyi" adlı beynəlxalq elmi-praktik konfransı keçirilir.

Metbuat.az-ın məlumatına görə, konfransda çıxış edən Mərkəzin baş direktoru Elmar Qasımov bildirib ki, 10 illiyini qeyd edən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi beynəlxalq standartlara cavab verən müasir diaqnostik avadanlıqlarla təchiz olunub.

Onun sözlərinə görə, Mərkəzdə oftalmologiyanın bütün sahələrini əhatə edən şöbələr və yüksək ixtisaslı mütəxəssislər fəaliyyət göstərir:

"Ən müasir texnologiyalar əsasında işləyən diaqnostik avadanlıq və üsulların istifadəsi görmə orqanlarının anatomik və funksional parametrlərini dəqiq müəyyən etmişdir ki, bu da göz xəstəliklərinin diaqnostikası və müalicəsinin keyfiyyətini, gözün müəyyən strukturunda aparılan cərrahi əməliyyatların funksional nəticələrini qat-qat yüksəldib. Mərkəzin aparıcı cərrahları dünyanın qabaqcıl oftalmoloji müəssisələrində aparılan unikal cərrahi əməliyyatları tətbiq edirlər".

Elmar Qasımov bildirib ki,

10 ildir Masallı rayonunda, 3 ildir Gəncə şəhərində Mərkəzin Regional şöbələri fəaliyyət göstərir:

"Bu filiallar ən müasir oftalmoloji avadanlıqlarla təhciz olunub. Regional şöbələrdə yerli əhaliyə yüksək ixtisaslı cərrahi və konservativ yardım göstərilir. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən respublika rayonlarının əhalisinə təmənnasız oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün 2005-ci ildə müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş Səyyar klinika təşkil edilib. Səyyar klinika paytaxtda və respublikanın bir çox rayon və şəhərlərində aksiyalar keçir. Bununla yanaşı 2018-ci ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar klinikası da fəaliyyətə başlayıb".

Qeyd edək ki, 1946-cı ildə Elmi-Tədqiqat Göz xəstəlikləri İnstitutu fəaliyyətə başlayıb. 2002-ci ildən ETGXİ akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi olaraq fəaliyyət göstərməkdədir. 2009-cu il 22 may tarixində cənab prezident İlham Əliyevin iştirakı ilə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin yeni binasının açılışı olub.

Mərkəzin 10 illiyinə həsr olunan konfrans beynəlxalq əhəmiyyətlidir, yerli və xarici oftalmoloqların iştirakı ilə keçirilir. Konfransın məqsədi oftalmologiya sahəsində əldə olunan son yenilikləri və nailiyyətləri, yeni müayinə və müalicə metodlarını müzakirə etmək və öz sahələrində mütəxəssis olan oftalmoloqların təcrübələrindən yararlanmaqdan ibarətdir.

Qeyd edək ki, konfransda “Azərbaycanın Bölgələrində Mobil Oftalmolojı Klinika Əsasında Görmə Orqanının Patologiyalarının Skrininqi Və Korluğun Qarşısının Alınması”, “Gözün Xarici Aparatının Müştərək Travması Zamanı Kombinə Rekonstruktiv Əməliyyatın İmkanlarına Dair”, “Uşaqlarda Zəif Görmənin Reabilitasiyası”, “Orbital Patologıyaların Diaqnostikası Və Cərrahi Müalicəsi”, “Şəkərli Diabetli Xəstələrdə Kornea Epiteli Və Neyropatiya” kimi məsələlər müzakirə ediləcək.

Günay Elşadqızı / METBUAT.AZ



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR