Qədr gecəsində müsəlmanlar bunları etməlidir: İlahiyyatçıdan RƏY

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) hazırladığı ramazan ayı təqviminə görə bu il Qədr gecələri 23, 25, 27 və 31 may tarixlərində qeyd olunacaq.

Metbuat.az bildirir ki, Qədr gecəsi Quranın nazil omağa başladığı və Rəsulullahın (s.ə.s) ilk vəhy alaraq peyğəmbərlik vəzifəsinə başladığı gecədir. Qurani-Kərimin 97-ci surəsində bu gecənin əhəmiyyəti bildirilib və həmin surə Qədr surəsi olaraq adlandırılıb. Məkkə dövründə nazil olan bu surə beş ayədir. Surədə Quranın vəhyinin başlanğıcından, gecənin böyük fəzilət və bə­rə­kətindən, o gecə kainatı bürüyən ilahi mərhəmətdən bəhs edilir.

Qədr gecəsini müsəlmanlar necə keçirməlidir?

İlahiyyatçı Hacı Fuad Pənahlı Metbuat.az-a açıqlamasında deyib ki, Qədr gecələri həqiqətən, Ramazan ayı ərzində ən dəyərli gecələrdəndir. Bu günlərdə insanların etdiyi yaxşı və pis əməllərin nəticəsində qəza və qədərləri müəyyənləşir.

Ekspert bildirib ki, bu gecələri ibadət edərək keçirmək, qüsul almaq, Quranı baş üzərində tutaraq dua oxumaq, iki rükət namaz qılıb, hər rükətdə "Fatihə" surəsindən sonra 7 dəfə "İxlas" surəsini oxumaq və axırda 70 dəfə istiğfar etmək ("Əstəğfirüllahə və ətubü ileyh") müstəbihdir. Peyğəmbər buyurub ki, bu namazı qılan adam yerindən qalxmazdan qabaq Allah onun özünün və ata-anasının günahlarını bağışlayar.

Qədr gecəsində oxunacaq dua:

Qurani-Kərimlə yerinə yetirilən dua ənənəsi. Bu ənənəyə görə, Quranı qaldırıb baş üzərində tutur və bu duanı oxuyurlar:

"Allahümmə bi-həqqi hazəl-Quran. Və bi-həqqi mən ərsəltəhü bih. Və bi-həqqi külli möminin mədəhtəhü fih. Və bi-həqqikə əleyhim. Fəla əhədə ərəfü bihəqqikə minkə".

Tərcüməsi: "İlahi, səni and verirəm bu Quranın haqqına, onu göndərdiyin kəsin (Peyğəmbərin) haqqına, Quranda təriflədiyin bütün möminlərin haqqına. Səni and verirəm Sənin onlar üzərində olan haqqına. Sənin haqqını Səndən daha yaxşı heç kim bilməz".

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR