Təhsil Nazirliyi Baş Prokurorluğa və Mətbuat Şurasına müraciət etdi

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov son günlər Cəlilabad rayonu Uzuntəpə kənd 3 nömrəli tam orta məktəbin müəllimi ilə bağlı yayılan məlumatla bağlı açıqlama yayıb.

Metbuat.az-ın məlumatına görə, açıqlamada deyilir:

“Son günlər kütləvi informasiya vasitələrində təhsil işçilərinin şərəf və ləyaqətinin alçaldılmasını əks etdirən müxtəlif materiallar yayımlanır. Belə ki, 22 may 2019-cu il tarixində bəzi xəbər saytlarında Cəlilabad rayonu Uzuntəpə kənd 3 nömrəli tam orta məktəbin müəllimi Aqil Əzizovun guya yeniyetmə şagirdə sataşdığı üçün döyülməsini əks etdirən səsli video görüntü yayımlanmışdır. Yayılan video görüntüdə insanın şərəf və ləyaqətini açıq-aydan alçaldan hərəkətlər nümayiş etdirilmiş, müəllim yarıçılpaq vəziyyətdə göstərilərək onun barəsində etikaya zidd olan kobud ifadələr səsləndirilmiş, bir neçə nəfərin qrup şəklində müəllim üzərində zorakılıq hərəkətləri təsvir edilmişdir. Həmin gün Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumata əsasən hadisə ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılmış, aparılmış araşdırma zamanı müəllim tərəfindən yeniyetmə şagirdə sataşmaq məsələsi öz təsdiqini tapmamış, hadisəni törətməkdə təqsirli bilinən Şakir Abdullayev barəsində həbs qətimkan tədbiri seçilmiş, digər iştirakçıların məsuliyyət məsələsinə baxıldığı bildirilmişdir.

Məlum olduğu kimi, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən zorakılığı, qəddarlığı və dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr yaymaq və böhtan atmaq qəti qadağandır. Belə ki, bəzi xəbər saytları əsassız olaraq təcavüzə məruz qalmış müəllim barəsində yoxlanılmamış məlumatları kütləvi şəkildə və təxribat yönümlü başlıqlarla vermiş (“Azərbaycanda BİABIRÇILIQ”, “Azərbaycanda müəllim əxlaqsızlığa görə vəhşicəsinə döyüldü”), zorakılıq və qəddarlığı təsvir edən, etikaya zidd olan ifadələrdən istifadə edilən səsli video görüntüləri açıq və kütləvi şəkildə öz internet səhifələri və sosial media üzərindən yaymışdır. Məlumatın bu cür təqdim edilməsinin məntiqi nəticəsi olaraq bəzi sosial media izləyiciləri bu görüntülərə və müəllimə qarşı zorakılığa haqq qazandırmış, bu kimi hallarda yerində mühakimənin aparılmasını təqdirəlayiq hal kimi bəyənmişdilər.

Bununla əlaqədar yuxarıda qeyd edilən faktlara hüquqi qiymətin verilməsi və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi məqsədilə müvafiq materiallar AR Baş Prokurorluğuna və Mətbuat Şurasına göndərilmişdir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR