Reklam bazarında hazırkı vəziyyət, yeniliklər - ARAŞDIRMA

Reklam insanların hər hansı bir məhsulu almağına, xidmətdən istifadə etməyinə və ya hər hansı bir siyasi namizədi və ya onun ideyasını dəstəkləməsinə təsir etməkdə istifadə olunan məlumatlandırma vasitəsidir. Azərbaycan bazarında fəaliyyət göstərən istənilən şirkəti reklamsız təsəvvür etmək mümkünsüzdür. Ticarət məqsədli reklamverənlər öz məhsul və ya xidmətlərinin istehlakını məhsulun təsvirini və ya adını özündə birləşdirməklə istehlakçının yaddaşında məhsulun müvafiq xüsusiyyətləri ilə artırmağa çalışırlar. Reklam məlumatları ənənəvi qəzet, jurnal, radio, televiziya, bilbord kimi vasitələr də daxil olmaqla bir çox müxtəlif informasiya vasitələri ilə çatdırıla bilər.

Metbuat.az reklam bazarında hazırkı vəziyyəti, qiymətləriin necə tənzimlənməsini, nəyə əsasən təyin olunmasını, sahibkarların qiymətlərdən razı olub-olmadığını , bu sahədə hansı yenilikər gözlənildiyini və s.öyrənmək üçün araşdırma aparıb.

Estetik baxımdan yararsız reklamların yayımının qarşısı alınıb

Azərbaycan Dövlət Reklam Agentliyinin Şöbə müdirinin müavini Hüseyn Əzizovun sözlərinə görə ADRA fəaliyyət göstərdiyi müddət ərzində ölkənin açıq məkandakı reklam bazarında şəffaf rəqabət mühitinin yaranmasına nail olub. Sahibkarların açıq məkanda reklam yayımı ilə bağlı fəaliyyətinin genişləndirilməsi, bu sahədə işlərinə mane olan amillərin aradan qaldırılması yönündə ADRA tərəfindən gərəkli tədbirlərin həyata keçirilməsi müsbət nəticələr verməkdədir. Görülən işlər arasında sahibkarların işi asanlaşıb, estetik baxımdan yararsız reklamların yayımının qarşısı alınıb, Azərbaycan dilinin dövlət dili olaraq qorunması və bu sahədə ekosistemin inkişafı təmin edilib.

Reklam qiymətlərini sahibkarlar sayta daxil olub kalkulyator vasitəsilə avtomatik əldə edə bilər

Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün dövlət rüsumu və yayım haqqı Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli 1743 nömrəli Fərmanına əsasən tənzimlənir. Hər bir şəxs ADRA-nın rəsmi internet saytına (www.adra.gov.az) daxil olaraq reklam yerləşdirmək istədiyi ərazini, reklam daşıyıcısının növünü və reklamın ölçülərini qeyd etməklə kalkulyator vasitəsilə qiymətləri avtomatik əldə edə bilər.

Sahibkarlar özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı ADRA-nın qərarlarından, hərəkət və hərəkətsizliyindən Apellyasiya Şurasına müraciət edə biləcək

ADRA açıq məkanda reklam yayımı sahəsində vahid tənzimləmə və nəzarəti həyata keçirməklə yanaşı, reklam bazarının stimullaşdırılması və azad rəqabət mühitinin daha da inkişafı istiqamətində fəaliyyət göstərir. Belə ki, ADRA-nın fəaliyyəti reklam yayımı və istehsalı sahəsində sahibkarlıq fəaliyyətinə dəstək göstərilməsinə, mövcud problemlərin aradan qaldırılmasına və estetik baxımdan yararsız reklamların yayımının qarşısının alınmasına, vətəndaş məmnunluğunun təmin olunmasına və şəffaf tənzimləmə sisteminin formalaşmasına xidmət edir. Bununla yanaşı, yeni texnologiyaların tətbiqi istiqamətində görülən işlər reklam sahəsində fəaliyyət göstərən sahibkarlara köməkdir. Bir sözlə, ADRA-nın açıq məkanda reklam ekosisteminin inkişafını əsas hədəflərdən biri kimi müəyyən edir. Bu da öz növbəsində reklam sahəsinə investisiya marağını artırır. Onu da qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 6 may 2019-cu il tarixli Fərmanının icrası olaraq, açıq məkanda reklam yayımı sahəsində sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması üzrə Dövlət Reklam Agentliyinin Apellyasıya Şurası yaradılıb. Artıq sahibkarlar özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı ADRA-nın qərarlarından, hərəkət və hərəkətsizliyindən Apellyasiya Şurasına müraciət edə biləcəklər. Yaxın zamanlarda sahibkarların həmçinin ADRA-nın rəsmi internet səhifəsi vasitəsi ilə də Şuraya elektron qaydada müraciət etmək imkanı təmin olunacaq.

Bakıda ilkin mərhələdə 1000-ə yaxın reklam qurğusunun yenilənməsi nəzərdə tutulur

ADRA beynəlxalq təcrübəni nəzərdən keçirir və reklam sahəsindəki innovativ texnologiyaların ölkəmizdə də tətbiqini planlaşdırır. Hazırda açıq məkandakı reklamlara baxış sayını müəyyənləşdirən texnologiyanın tətbiqi məsələsinə baxılır. Bu haqda razılıq ADRA-nın nümayəndə heyətinin Türkiyəyə etdiyi işgüzar səfər zamanı əldə olunub. Reklam sahəsində rəqəmsal texnologiyaya keçid, innovativ yeniliklərin tətbiqi, həmçinin açıq məkanda reklamların yayım effektivliyinin artırılması qarşıya qoyulan əsas hədəflərdəndir.

ADRA beynəlxalq təcrübəyə əsaslanaraq, dünyanın qabaqcıl ölkələrində istifadə olunan reklam konstruksiyalarını da ölkəyə gətirilməsini təşviq edir. Aparılan araşdırmaların nəticəsi olaraq, hazırda Bakıda ilkin mərhələdə 1000-ə yaxın reklam qurğusunun yenilənməsi nəzərdə tutulur. 2019-cu il ərzində 200-dən çox yeni reklam qurğusunun quraşdırılması gözlənilir. Daha sonra bu proses mərhələli şəkildə davam etdiriləcək, paytaxtla yanaşı ölkənin bütün regionları da müasir standartlara cavab verən reklam qurğuları ilə təchiz olunacaq. Ekspertlər hesab edirlər ki, ölkəyə artan turist axınını nəzərə alsaq, Bakının, eləcə də regionların estetik baxımdan daha da gözəlləşməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın əksər ərazilərində yerləşdiriləcək yeni konstruksiyalar açıq məkanda reklam yerləşdirmək istəyən sahibkarlar üçün daha cəlbedici olacaq və bu sahədə çalışan reklam yayıcıları arasında azad rəqabəti artıracaq.

Günay İlqarqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR