Elmira Süleymanova: 20 Yanvar faciəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməlidir

Elmira Süleymanova: 20 Yanvar faciəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməlidir
15:58 15 Yanvar 2015
174 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir İlkin İzzət/

Beynəlxalq hüquqa əsasən, 20 Yanvar faciəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməlidir. Trend xəbər verir ki, bu barədə Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova 1990-cı il 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar bəyanatında bildirib.

Ombudsman qeyd edib ki, 1990-cı il yanvarın 20-də baş vermiş və artıq üstündən 25 il keçən faciə əzəli torpaqlarımızın işğalına doğru aparan yolların başlanğıcı idi: “Sovet dövləti beynəlxalq hüquq normalarını pozaraq, həmin cinayətlə Ermənistana dəstək verib, nəticədə Azərbaycana qarşı hələ də davam edən uzunmüddətli təcavüz, etnik təmizləmə, soyqırım baş verib, torpaqlarımızın 20 faizi zəbt edilib, Ermənistan ərazisindən, Dağlıq Qarabağ və ətraf yeddi rayondan əhali zorla qovulub, soydaşlarımızın bir milyon nəfəri qaçqına və öz doğma yurdundan didərgin düşərək məcburi köçkünə çevrilib. Azərbaycan tərəfi bu münaqişənin sülh yolu ilə həllinə daim səy göstərir. Ölkə Prezidenti cənab İlham Əliyev məlum münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmasının, zəbt edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının zəruriliyini dəfələrlə, qətiyyətlə nüfuzlu beynəlxalq qurumların tribunalarından bəyan edib. Azərbaycan həqiqətlərinin, o cümlədən, 20 Yanvar faciəsi ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması qarşımızda duran mühüm vəzifələrdəndir”.

E.Süleymanova bildirib ki, insanlıq əleyhinə törədilmiş bu müdhiş əməl nəticəsində BMT-nin İnsan hüquqları haqqında Ümumi Bəyannaməsinin, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın, habelə insan hüquqlarına dair digər beynəlxalq hüquqi sənədlərin müddəaları kobud şəkildə pozulub: “Kütləvi itkilərlə nəticələnən 20 Yanvar faciəsi öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdəndir. Lakin bu qanlı cinayətə indiyədək beynəlxalq hüquqi qiymət verilməyib, aksiyanın sifarişçiləri və icraçıları cəzalandırılmayıb”.

Onun fikrincə, beynəlxalq hüquqa əsasən, 20 Yanvar faciəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməlidir: “Beynəlxalq Cinayət Məhkəməsinin statutunun 7-ci maddəsinə əsasən, insanların məhv edilməsi, məcburi yoxa çıxarılması, siyasi, irqi, etnik, mədəni və ya cinsi motivlərə görə təqib edilməsi, işgəncə, qəsdən güclü iztirablara səbəb olma və ya ağır bədən xəsarətləri, yaxud fiziki və ya psixi sağlamlığa mühüm ziyan vurmaqdan ibarət olan digər qeyri-insani hərəkətlər insanlıq əleyhinə cinayət kimi tövsif edilir. 20 yanvar hadisələrinin beynəlxalq hüquqa əsasən, beynəlxalq cinayətlərin ən ağır növlərindən olan insanlıq əleyhinə cinayət kimi tövsif edilməsi üçün kifayət qədər hüquqi baza var. Eyni zamanda bu vəhşilikləri törətmiş hərbi qulluqçuların və onların icrasına əmr verənlərin, ən əvvəl isə o vaxtkı Sovet dövlətinin rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunması üçün yetərincə əsaslar mövcuddur. Ümid edirik ki, dünya ictimaiyyəti, beynəlxalq qurumlar Azərbaycanın haqlı tələblərini dəstəkləyəcək, bu qanlı aksiya insanlıq əleyhinə cinayət kimi tezliklə beynəlxalq hüquqi qiymətini alacaq, cinayətkarlar cəzasız qalmayacaq”.

Qeyd edək ki, bəyanat BMT-nin baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin insan hüquqları üzrə ali komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycanın xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR