Bir axşam vaxtı...

Bir axşam vaxtı...
21:12 26 May 2019
104 Maraqlı
Ölkə mətbuatı
A- A+

Gün batandan sonra müsəlmanlar vaxt namazlarını yerinə yetirmək üçün məscidə gəlmişdilər.

İmam məscidə gələn insanlara axşam namazını qıldırdı. Səsli oxunuşda axirətdən xəbər verən bəzi ayələri oxudu.

Oxunan ayələrdə elə mühüm bir həqiqətdən bəhs edildi ki, düşünürsən ki, bu ayənin xəbər verdiyi həmin səhnəni insan övladı başqa necə əldə edə bilər? Başqa hardan bu məlumatı tapmaq olar? Əlbəttə, ilahi mənbədən kənar heç kim bu xəbəri bizə verə bilməz. Ayədəki ifadələr axirətdə yaşanacaq bir səhnəni bizə təsvir edir: "Onlar orada fəryad edib deyəcəklər: "Ey Rəbbimiz! Bizi buradan çıxart ki, saleh əməllər edək... (Onlara belə deyiləcək: ) "Məgər orada (dünyada) sizə öyüd-nəsihət qəbul edəcək kimsənin öyüd-nəsihət qəbul edə biləcəyi (düşünəcək kimsənin düşünəcəyi) qədər ömür vermədikmi?! Hələ sizə xəbərdar edici peyğəmbər də gəlmişdi..." (Fatir, 35/37).

Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, bu ayədə axirətdə insanların yenidən bu dünyaya geri dönmə arzularının olacağı, ancaq bu arzunun reallaşmayacağı xəbər verilir. Həmçinin bu ayə belə bir arzunun varlığından bizi agah edir. Buradakı məna elə şümullu, elə beynəlmiləldir ki, məscid divarlarını aşaraq hər kəsi öz əhatəsinə alır. Kim deyə bilər ki, onun belə bir istəyi olmayacaq! Ona ayədəki cavab verilməyəcək... Belə bir peşimançılıq yaşamamaq üçün nələr etmək lazımdır? Yer üzündə bu ayənin əhatəsindən kənarda qalan heç bir insan ola bilməz. Məscidə gələn və gəlməyən, yüz il əvvəl dünyasını dəyişən, indi yaşayan ya da hələ dünyaya gəlməyən hər kəs...

Belə təsəvvür edək ki, İslamdan xəbəri olmayan bir turist axşam namazının qılınmasını məscidə gələrək seyr edir. O hər şeyi "kənardan" izləyir. Onda müəyyən təəssüratlar oyansa da, oxunan ayələrdən heç nə başa düşmür. Heçnə anlamır. Ona görə: "Müsəlmanlar ibadətgaha ya da məbədlərinə gəliblər. Dini mərasimlərini icra edirlər. İmam nə isə oxuyur".

Burada bir sıra suallar ortaya çıxır... Bəs imam namazda nə oxudu? O ayələrdə nə deyilirdi? Oxunan o dua və ayələr yalnız məsciddəkilərə aid idi, yalnız onlara səslənirdi, yoxsa hər kəsə, bütün insanlara? Düzdür, kənardan baxan bir turistin gözü, onun müşahidəsi və onun təssüratları ilə axşam namazının qılınmasını xəyalən seyr edə bilərik. Görəsən onun gözündə mənzərə necə canlanır? Ancaq biz özümüz də həmin turistdən fərqlənmirik! Axı ayələri anlamaq və başa düşmək baxımından "kənardan" baxan bir turistlə aramızda elə bir fərq yoxdur!

Burada başqa məqama balaca bir qapı aralamaq istəyirəm... Quranı yalnız ilahiyatçılar, imamlar (camaata namaz qıldıran şəxs) və s. müəyyən ixtisas sahibi insanlar oxuyub anlamalıdır? Yoxsa peşəsindən, işindən asılı olmayaraq hər bir müsəlman? Şübhəsiz ki, hər kəsin, hər bir müsəlmanın Quranı oxuyub anlaması ən ideal, ən gözəl olanıdır. Ancaq günümüzdə Quranı oxuyub anlamaq müəyyən bir peşə və ixtisas sahiblərinin işi kimi başa düşülür.

Nə isə, gəlin məscidə, axşam namazına qayıdaq...Axşam namazında imamın oxuduğu ayələri çıxsaq, geri qalan hər şeyi müəyyən bir zaman və məkana aid edə bilərik. Məscidin quruluşu, görünüşü, memarlığı və s. Buradakı məscid də müəyyən bir məsciddir. Şəhərin, kəndin ya da bir məhəllənin məscidi. Məsciddəki insanlar da o şəhər, kənd ya da məhəllədə yaşayan insanlardır. Həmçinin məscidin daşı, divarı, yerə salınan həsir ya da xalçası, hətta xalçadakı naxışları belə müəyyən bir məkan və çoğrafiyaya aid etmək olar. Məsciddəki müsəlmanların rəngi, dili, dünya görüşü də fərqli-fərqlidir. Lokal çərçivədə hər bir məscid, içindəki insanlarla bərabər həmin məkanın, mühitin, adət və ənənələrin izlərini daşıyırlar. Oraya məxsusdurlar. Ancaq oxunan ayələrin mənasına gəldikdə isə, hansısa bir məkana, bir şəhər ya da kəndə, yalnız oradakı insanlara aid etmək olmaz.

Nəticə olaraq deyək ki, ərəb yarımadasındakı "Ey qövmüm", ey qövmüm..." nidaları Həzrət Peyğəmbərimizin (s.ə.s.) gəlməsi ilə "Ey insanlar..." halına gəlmişdir.

İslam hər hansı bir qövm, qəbilə ya da millət fərqi qoymadan bütün insanlara səslənir.

Quran tezliyi bütün dünyaya yayılır. Yetər ki biz insanlar o tezliyi yaxalaya bilək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/756178.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR