Mirhəsən Seyidov: "ABŞ insan hüquqlarının "himayədarı" kimi çıxış etmək iddiasından əl çəkməlidir"

Mirhəsən Seyidov: "ABŞ insan hüquqlarının "himayədarı" kimi çıxış etmək iddiasından əl çəkməlidir"
17:05 15 Yanvar 2015
154 Digər
Ölkə mətbuatı
A- A+

"Dünyaya demokratiya dərsi keçən ABŞ-da əslində hər şey göründüyü kimi deyil"
Bunu Trend-ə açıqlamasında “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib.

Təşkilatın sədri hesab edir ki, ABŞ dövləti tərəfindən Azərbaycanda insan hüquqlarının vəziyyəti barədə səsləndirilmiş fikirlər obyektiv reallığı əks etdirmir və insan hüquqlarını məqsədyönlü şəkildə siyasiləşdirmək və təzyiq alətinə çevirmək cəhdlərinin tərkib hissəsidir: “Biz müstəqil dövlətik. Azərbaycanın 3 min ildən artıq dövlətçilik tarixi ərzində burada etnik, dini və milli zəmində heç bir qarışıqlıq olmayıb. İndi isə bəzi ölkələrdən fərqli olaraq, Azərbaycan Respublikasının qanunvericiliyi etnik, dini və milli müstəvidə qırğın törədilməsi üçün edilən çağırışlara birmənalı şəkildə qadağa qoyur”.

Onun fikrincə, bu gün Azərbaycanın öz milli-mənəvi dəyərlərinə söykənən daxili siyasəti mövcuddur. Düşünülmüş təməl prinsiplər üzərində qurulmuş və inkişaf edən Azərbaycan dövlətinə və cəmiyyətinə müxtəlif vasitələrlə “yetişdirilmiş viruslar”ım zərər vurmasının qarşısının alınması heç də antidemokratik bir şey deyil: “Əslində bütöv bir cəmiyyətə zərər vura biləcək addımın və ya şəxslərin qarşısının alınması insanların hüquq və azadlıqlarının təminatıdır. Azərbaycan artıq müxtəlif xarakterli - siyasi, idman, səhiyyə, iqtisadi və sair beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə mərkəzlərdən biri olmasını artıq bütün dünya qəbul edir. Bunlar ölkəmizin artan nüfuzundan xəbər verir. Bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. Azərbaycan öz daxili siyasətini xalqın maraqları əsasında qurub. Eyni zamanda, xarici siyasətdə də bu prinsipləri qoruyub saxlayır. Siyasət kimə və ya kimlərəsə xatir deyil, dövlətin maraqlarına uyğun qurulur. İstənilən dövlətlə ikitərəfli əlaqələrin inkişafında maraqlı olduğunu hər zaman bəyan edən Azərbaycan hökuməti milli maraqlara zidd, ölkəmizin formalaşmış daxili siyasətinə mənfi təsir edə biləcək bütün xarici amillərə qarşı öz sərt mövqeyini ortaya qoyur”.

M.Seyidov hesab edir ki, demokratiya, plüralizm və s. kimi şüarlar ABŞ və Qərb üçün spekulyasiya alətindən başqa bir şey deyil: “ABŞ-da söz azadlığının qorunması sahəsində ciddi problemlər mövcuddur. Eyni zamanda, ABŞ hüquq-mühafizə orqanlarında qulluq mövqeyindən sui-istifadə halları vətəndaşların hüquqlarını əhəmiyyətli dərəcədə pozur. Bu ölkədə irqi ayrı-seçkiliyin sistemli xarakter alması və bunun əsasında cəmiyyətdə qarşıdurmanın dərinləşməsi, məhkəmə-hüquq sistemində ciddi çatışmazlıqlar, polis və hüquq-mühafizə orqanları tərəfindən qeyri-proporsional gücdən istifadə, zorakılığın artması və digər sahələrdə ciddi problemlər mövcuddur. Lakin ABŞ nədənsə bütün bunları görməzdən gəlir. Araşdırsaq görərik ki, özünü “demokratiyanın beşiyi” hesab edən və müxtəlif dövlətlərə qarşı “demokratik” çağırışlar səsləndirən ABŞ-da jurnalistlərin informasiya əldə etmələrinə, dövlət məmurlarının KİV nümayəndələri ilə təmasda olmasına ciddi maneələr yaradılır, media nümayəndələri təqib edilir və onlara qarşı açıq təzyiqlər göstərilir”.

“İrəli”nin sədrinin sözlərinə görə, hazırda ABŞ dünyada özünü hegemon kimi təqdim edir və müxtəlif bəhanələrlə digər ölkələrin daxili işlərinə qarışır. Bu məqsədlə tapılan “faktlar” isə çox zaman qısa müddətdə iflasa uğrayır: “Məsələn, İraqda kimyəvi silah axtarışına çıxan ABŞ 12 il müddətində burada axtardığını tapa bilməsə də, lazım olan enerji qaynaqlarını öz əlinə keçirdi. Eyni zamanda, artıq dünyanın qınaq obyektinə çevrildiyini görüb İraqdan guya çıxdı. Amma heç bir ay keçməmiş İraqda yeni qüvvə - “İŞİD” peyda oldu. Bu gün isə özünü terrora qarşı mübariz, öndə gedən qüvvə kimi göstərsə də, əslində maddi maraqlar naminə minlərlə insanın qətlində, əlil olmasında, öz yurd yerlərindən didərgin düşməsində birbaşa rol oynayan ABŞ-ın hansısa demokratiya və insan hüquqlarından danışması nə dərəcədə doğrudur?! Burada bir məntiq ortaya çıxır. ABŞ-ın hansısa ştatında bir amerikalının öldürülməsi az qala dünya miqyasında matəmə çevrilir və bu, insan hüquqlarının pozulması kimi dəyərləndirilir. Amma İraqda, Əfqanıstanda, Ukraynada və digər ölkələrdə hər gün onlarla, yüzlərlə insan öldürülür, lakin bir dəfə də olsun buna reaksiya verilmir. Yaxud Azərbaycan torpaqlarının bir hissəsi təxminən 25 ildir ki, Ermənistanın işğalı altındadır. Minlərlə insan müharibənin qurbanına çevrilib, bir milyondan artıq vətəndaş öz doğma yurdunu tərk etmək məcburiyyətində qalıb. Mərkəzi ofisi ABŞ-da yerləşən və əsas üzvlərindən birinin elə ABŞ-ın özü olan BMT-nin qəbul etdiyi 4 qətnamənin icrası isə həyata keçirilmir. İndi ABŞ-ın Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı bəyanat verməsi nə dərəcədə doğrudur? Bəli, Azərbaycanda hüquqları pozulmuş 1 milyondan artıq insan var. Onlar öz doğma yerlərindən didərgin düşüblər. Bəs bu insanların haqlarının bərpası üçün ABŞ niyə addım atmır?”

M.Seyidovun qənaətincə, deməli, burada məqsəd heç də insan hüquqlarının qorunması deyil: “Cəmiyyətə buraxılmış bir neçə “virus”un aşkar edilərək qarşısının alınması nədənsə ABŞ-a insan haqlarının pozulması kimi görünür. Amma 20 ildən çoxdur hüquqları pozulmuş insanlar nəzərə alınmır. Əksinə, onların hüquqlarını pozanlara hər il milyonlarla dollar maddi yardım ayrılır. Budurmu insan hüquqlarının müdafiəsi? Demokratiya adı altında digər ölkələrə təzyiq göstərməyin, onların daxili işlərinə qarışmağın başqa bir yolu isə Qərb parlamentlərində təşkil edilən müzakirələrdir. Məsələn, ABŞ Konqresində bu və ya digər ölkə barədə dinləmələr təşkil olunur, həmin ölkələrin demokratik inkişafının səviyyəsi "qiymətləndirilir". Bir dövlətin öz qanunverici orqanında digər bir suveren dövlətlə bağlı müzakirə və dinləmələr keçirməsi birmənalı olaraq onun daxili işlərə qarışmaq kimi qiymətləndirilməlidir. Fikrimcə, ABŞ insan hüquqlarının “himayədarı” kimi çıxış etmək iddiasından əl çəkməli və beynəlxalq öhdəliklərinə uyğun olaraq, ölkə daxilində insan hüquqları məsələlərinə ciddi diqqət yetirməlidir. ABŞ hər hansısa bir dövlətə “demokratiya dərsi” keçməkdənsə, ilk növbədə, öz sərhədləri daxilində demokratiyanın bərqərar olmasına çalışmalıdırlar.

Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, müstəqillik və inkişaf yolu ilə addımlayan ölkəmizdə xalqla iqtidar arasında möhkəm birlik var. Düşünürük ki, bu birliyi pozmaq istəyən qüvvələr bu günə qədər olduğu kimi, bundan sonra da iflasa uğrayacaq”.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR