Mixail Qorbaçovun beynəlxalq məhkəmə qarşısında cavab verilməsi tələb olunub (FOTO)

Mixail Qorbaçovun beynəlxalq məhkəmə qarşısında cavab verilməsi tələb olunub (FOTO)
17:33 15 Yanvar 2015
108 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

Ukraynanın Sumı şəhərində 20 Yanvar faciəsində birbaşa əli olan Mixail Qorbaçovun beynəlxalq məhkəmə qarşısında cavab verilməsi tələb olunub.

Azərbaycanın Xarkov şəhərindəki Fəxri konsulluğunun təşəbbüsü ilə Ukraynanın bir sıra şəhərlərində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı silsilə tədbirlərin keçirilməsinə başlanılıb. Bu baxımdan Sumı şəhərində şəhid oğul və qızlarımızın xatirələrinə həsr olunmuş anım mərasimində Sumı vilayətinin qubernatoru Nikolay Kluçko, Sumı vilayətinin elm və ictimai xadimləri, deputatlar, diplomatik korpusların nümayəndələri və bir sıra xalqların diaspor təmsilçiləri iştirak ediblər.

Anım mərasiminə qatılanlar əvvəlcə 20 Yanvar faciəsini özündə əks etdirən sənədli filmə baxmaqla 25 il bundan öncə totalitar Sovet imperiyasının Bakıda və Azərbaycanın bir sıra şəhərlərində günahsız insanlara qarşı həyata keçirdiyi cinayətlərlə tanış olublar.

Tədbirdə Azərbaycanın Xarkov şəhərndəki fəxri konsulu Əfqan Salmanov çıxış edərək 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə sinələrini dövlət müstəqilliyimizə tuşlanmış imperiya gülləsinə sipər etmiş cəsur oğul və qızlarımızın keçdiyi qəhrəmanlıq şücaətindən söz açıb. 20 Yanvar faciəsini çağdaş Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsi adlandıran fəxri konsul Sovet imperiyasının ölkəmizi hər tərəfdən informasiya blokadasına aldığı bir zamanda ümummili lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək başda M.Qorbaçov olmaqla keçmiş Sovet rəhbərliyinin Azərbaycanda törətdiyi hərbi-siyasi cinayətin beynəlxalq aləmə çatdırılmasındakı tarixi xidmətlərindən danışıb.

Anım mərasimində çıxış edən Sumı vilayətinin qubernatoru N.Kluçko 25 il bundan öncə Bakıda bəşəri cinayət törətmiş keçmiş Sovet rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunmasının vacibliyini bildirib. Azərbaycanın Xarkovdakı Fəxri konsulluğunun 20 Yanvar faciəsi ilə bağlı Ukraynanın bir sıra vilayət və şəhərlərində təşkil etdiyi silsilə tədbirlərin tarixi əhəmiyyətindən söz açan qubernator bildirb ki, bu gün Azərbaycan xalqı üçün həm faciə, həm də əzmkarlıq və qəhrəmanlıq tarixidir. Həqiqətən də o zaman Azərbaycanın qəhrəman öğul və qızları bütün dünyaya sübut etdi ki, onların mübarizə əzmini heç bir qüvvə sındıra bilməz. Qubernator müstəqil Azərbaycan dövlətinin inkişaf edərək dünyanın aparıcı ölkələri arasında böyük nüfuz sahibinə çevrildiyini diqqətə çatdıraraq, ölkəmizin əldə etdiyi böyük uğurları Azərbaycan xalqının dövlət başçısına olan yüksək inam və hörmətinin məntiqi nəticəsi kimi dəyərləndirib.

Anım mərasimində çıxış edən Sumı vilayətinin deputatı Valeri Tolbatov, tarixçi alim Anatoli Qonçarenko, Ukrayna Azərbaycanlıları Konqresinin Sumı vilayət təşkilatının sədri Mehriban Salmanov və digər şəxslər aradan 25 il ötməsinə baxmayaraq, 20 Yanvar faciəsini törətmiş insanlar haqqında heç bir ölçü götürülməməsini tarixi saxtakarlıq kimi qiymətləndiriblər. Bu faciənin tək Azərbaycan xalqı üçun deyil, ümumilikdə, insanlığa yönəlmiş bəşəri cinayət adlandıran natiqlər 1990-cı ildə Azərbaycan xalqına qarşı hərbi-siyasi güc tətbiq edən M.Qorbaçov və o dövrdəki rəsmi Kremlin beynəlxalq məhkəmə qarşısında cavab vermələrini tələb ediblər.

Anım mərasimində Azərbaycanın dövlət müstəqilliyi uğrunda şəhid olmuş öğul və qızlarımızın xatirələri böyük ehtiramla yad edilib. 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı Azərbaycan xalqına baş sağlığı ünvanlanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR