Türk dünyasının oyanışı başlayır

Türk dünyasının oyanışı başlayır
17:37 15 Yanvar 2015
93 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gün Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başlayıb. Bu gün İlham Əliyev Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısında iştirak edib.

Ankara səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev Türkiyə cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün mavzoleyini ziyarət edib. Dövlət başçısı Atatürkü hörmətlə anıb, Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub.

Prezident İlham Əliyev xatirə dəftərinə ürək sözlərini də yazıb. "Türk xalqının böyük oğlu. Yaşasın Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı".

Səfərin ilk günündə baş naziri Əhməd Davudoğlu ilə görüşən Prezident İlham Əliyev bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Azərbaycanla Türkiyə münasibətlərində hər hansı bir mərhələ yoxdur. Bütün mərhələrlər tarix boyu keçilib və iki dövlət - bir millət mərtəbəsinə çatıb. Hər iki dövlət həm də strateji əməkdaşdırlar.

Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Türkiyəyə rəsmi səfəri strateji əməkdaşlığın təsdiq olunması baxımından olduqca əhəmiyyətlidir.

Rəcəb Tayyib Ərdoğanın prezident İlham Əliyevi qarşılama marəsimində 16 türk dövlətini təmsil edən əsgərlərin dayanması, türkçülük ruhunu özündə əks etdirən, oyanış marşı sayılan "Dombra" musiqisinin səslənməsi səfərin maraq kəsb edən məqamlarından idi. Bu detalların içində dərin siyasi anlamın olduğu şübhəsizdir.

Uzun illərdir ki, qardaş ölkənin hökumətinə rəhbərlik edən, indi isə dövlət başçısı olan Rəcəb Tayyib Ərdoğan Türkiyəni regional güc statusundan çıxararaq daha da irəli aparmaq niyyətindədir. Bu məsələdə Türk dövlətlərinin birliyinə nail olmaq ən əsas amillərdən sayıla bilər. Türk dövlətlərinin birliyinə gedən yol isə sözsüz ki, Azərbaycandan keçir. Ölkəmizin həm coğrafi mövqeyi, həm də dünya siyasi və iqtisadi arenasında tutduğu yer bütün bunları deməyə əsas verir.

Dünyada baş verən hadisələrin fonunda da iki ölkə prezidentinin görüşündə xüsusi çalarlar görmək mümkündür. Son dövrlər Türkiyənin Avropa Birliyinə üzv olmaq niyyətlərinin arxa plana keçməsi, Türkiyə ilə Rusiya arasındakı iqtisadi münasibətlərin yeni mərhələyə qədəm qoyması Azərbaycanın rolunu artırır.

Dünyada və regionda baş verən bütün yeniliklər, yaxud danışıqlar barədə qarşılıqlı bilgiləndirmə və fikir mübadiləsi səfərin əsas məzmununu təşkil edəcək. Bu baxımdan da İlham Əliyevin səfərini mühüm və əhəmiyyətli işgüzar səfər kimi qiymətləndirmək olar.

Teymur Hacıyev
Milli.Az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR