"Coca-Cola" Bakı 2015 Avropa Oyunlarının 7-ci rəsmi tərəfdaşı oldu (FOTO)

"Coca-Cola" Bakı 2015 Avropa Oyunlarının 7-ci rəsmi tərəfdaşı oldu (FOTO)
18:13 15 Yanvar 2015
290 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

Bu gün Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi "Coca-Cola" şirkətinin bu yay keçiriləcək İlk Avropa Oyunlarının rəsmi tərəfdaşı olmasına dair müqaviləyə imza atıb.

Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, müqaviləyə əsasən Bakı 2015-in brendi şirkətin bütün Azərbaycan ərazisindəki “Coca-Cola” və “Bonaqua” içkilərinin etiketləri üzərində əks olunacaq.

"Coca-Cola" şirkəti, həmçinin xüsusi olaraq Bakı 2015 Avropa Oyunları üçün məhdud sayda məhsulların qablaşdırılmasını həyata keçirəcək və Oyunlarla bağlı məlumatlılığı artırmağa kömək edən kompleks marketinq kampaniyasına başlayacaq.

Azərbaycanın gənclər və idman naziri və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov deyib: “Mən Coca-Cola şirkətinin birinci Avropa Oyunlarının rəsmi tərəfdaşı olduğunu təsdiq etməkdən böyük məmnunluq hissi duyuram. Beynəlxalq aləmdə tanınması və mühüm beynəlxalq idman yarışlarına hər zaman dəstək olmasını nəzərə alaraq, Coca-Cola brendini Bakı 2015 Avropa Oyunları üçün mükəmməl tərəfdaş hesab edirik”.

"Coca-Cola" spirtsiz içkilərin istehsalı və yayımı üzrə dünyanın aparıcı şirkətidir. 200-dən çox ölkədə 500-dən artıq brend məhsul istehsal edən şirkət gündəlik olaraq 1,9 milyarddan çox içki satışa buraxır.

"Coca-Cola" şirkətinin Türkiyə, Qafqaz və Mərkəzi Asiya regionu üzrə prezidenti xanım Qalya Frayman Molinas deyib: “Biz tezliklə beynəlxalq gündəmə ən mühüm idman yarışlarından biri kimi daxil olacaq birinci Avropa Oyunlarını dəstəkləyəcəyimiz üçün fəxr edirik. Avropanı idman bayramında və fəal həyat tərzi yaşamaqda bir araya gətirəcək yeni və innovativ idman yarışları olan Avropa Oyunlarına dəstək göstərmək gözəl imkandır və biz Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi ilə əlaqələrimizi inkişaf etdirəcəyimizə ümid edirik”.

Olimpiya hərəkatını uzun müdddət dəstəkləməsi ilə tanınan "Coca-Cola" şirkəti ilk dəfə olaraq 1928-ci ildə Amsterdamda keçirilmiş və həmin vaxtdan etibarən daha sonrakı bütün Olimpiya Oyunlarına sponsorluq edib.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: “Coca-Cola şirkətinin mühüm çoxnövlü idman yarışları ilə əməkdaşlıq etməsi bağlanan müqaviləni Bakı 2015 Avropa Oyunları haqqında məlumatların yayılması baxımından mükəmməl fürsətə çevirir. Bütün rəsmi tərəfdaş və dəstəkçilərimizin köməyi ilə biz bütün qitəni bu yay keçiriləcək tarixi idman bayramına cəlb edəcək və müstəsna yarışlar həyata keçirəcəyik”.

"Coca-Cola" şirkəti Azərbaycan Hava Yolları, BP, Nar Mobile, P&G, SOCAR və Tissot-dan sonra Bakı 2015 Avropa Oyunlarının yeddinci rəsmi tərəfdaşına çevrildi.

Dünyanın 200-dən artıq ölkəsində fəaliyyət göstərən və 1994-cü ildə Azərbaycanda spirtsiz içkilər zavodu açan şirkət ölkədə 2200-dən artıq şəxsi birbaşa və dolayı şəkildə işlə təmin edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR