Biri beş, beşi on beş etməyə çalışan idmançı - Portret - FOTO

Biri beş, beşi on beş etməyə çalışan idmançı - Portret - FOTO
21:27 16 İyun 2019
128 İdman
Ölkə mətbuatı
A- A+

O, yanında kim olanda özünü məğlubedilməz hiss edir? 

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

"Tokio-2020" tsiklinin son mərhələsinə qədəm qoymuşuq. Lisenziya sahiblərinin adlarına aydınlıq gələcəyi dövrdə olimpiyaçılar kimi, fiziki məhdudiyyətli idmançılarımızdan da gözləntilər çoxdur. Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov deyir ki, təmsil etdiyi qurum, qarşıya ən azından 30 lisenziya qazanmaq məqsədi qoyub. Komitə rəsmisinin fikrincə, paralimpiyaçılarımız Oyunlardan 4 "qızıl"la dönmək gücündədir: "Rio paralimpiadasının yekunlarından nəticə çıxarıb, cari tsiklin əvvəlindən bir sıra ciddi addımlar atdıq. Oyunlardan dərhal sonra ümidləri doğrultmayan məşqçilərlə vidalaşıb, yeni, daha perspektivli mütəxəssislərlə anlaşdıq. Ən əsası, ötən dövr ərzində maddi-texniki bazamız xeyli zənginləşib. Əvvəllər idmançıları ayda bir dəfə təlim-məşqlərə göndərə bilirdiksə, indi iki dəfə belə toplanışlar təşkil olunur. Dövlətimizin davamlı diqqət və qayğısı sayəsində qarşımıza qoyduğumuz məqsəd Tokioda ən yüksək səviyyədə təmsil olunaraq, tarixi nəticəyə imza atmaqdır".

Xatırladaq ki, "Rio-2016" Yay Paralimpiya Oyunlarında 22 nəfərlə təmsil olunub, 11 medal qazanmışdıq. Bu, iştirakçı sayına görə, tarixdə rekord, mükafat kəmiyyətində ikinci göstərici olsa da, sonda arzulanan pillədən uzaq düşmüşdük. Belə ki, medallardan sadəcə, birinin əyyarının qızıl olması səbəbindən, Rio paralimpiya komandamız yekun sıralamada 48-ci yerdə qərarlaşdı. Ondan əvvəlki paralimpiadada - "London-2012"də 4 qızıl medalla tarixi göstəriciyə nail olduğumuzu nəzərə alsaq, bu nəticə ümumiyyətlə, qeyri-qənaətbəxş sayılmalıdır. Hərçənd, sambaçıların vətənində, nə az-nə çox, düz səkkiz dəfə baş mükafatın bir addımlığınadək gəlmişdik. Həmçinin bir neçə təmsilçimiz mükafatdan cüzi fərqlə aralı düşdü. Bu idmançılardan biri də Rüfət Rəfiyevdir. Atletikanın nüvə itələmə növündə çıxış edən 29 yaşlı idmançı, ilk paralimpiadasında dördüncü nəticə göstərib. K. Məmmədov və yerli paralimpiya camiəsinin bir neçə tanınmış simasının qənaətincə, o, "Tokio-2020"də bizi "qızıl"la sevindirmək potensialındadır.

Göydəndüşmə fotolar
 
Rəfiyev Rüfət Emil oğlu 1989-cu ilin 29 dekabrında Bakıda, uşaq serebral iflici ilə dünyaya göz açıb. Fiziki məhdudiyyətinə rəğmən, sağlam uşaqlarla birgə dərsə gedib-gələn Rüfət, Xətai rayonunda yerləşən 63 saylı orta məktəbin doqquzuncu sinfini bitirib. Bu arada o, iki ilə yaxın üzgüçülüklə məşğul olub. Qısaca vurğulayaq ki, dərslərinə qarşı biganə olan qəhrəmanımız, uşaqlıqdan meylini idmana salıb. Əsas da futbola həvəsi olub. 20 ildən çoxdur ki, Madrid "Real"ına azarkeşlik edən Rəfiyev, özü də ara-sıra top qovub. İdmanın hər hansı bir növü ilə peşəkar formada məşğul olmaq istəsə də, düşünüb ki, əlilliklə heç nə alınmaz. Arzularını içində boğaraq, məktəbi bitirdikdən sonra başqa sahədə özünü sınayıb. Belə ki, o, dörd ilə yaxın kompüter təmirçisi kimi fəaliyyət göstərib: "İş getdikcə zəiflədi. O yerə çatdı ki, günlərlə müştəri olmurdu. Əlim hər şeydən üzülmüşdü. Ümidsiz günlərin birində qarşıma əlilliyi olan idmançıların fotoları çıxdı. Bu, mənim üçün göydəndüşmə hadisə idi. Çünki ona qədər mənim kimi fiziki məhdudiyyətli şəxslər üçün idman növü olduğunu bilmirdim".

Məşq buraxmayan yeganə tələbə
 
Beləcə, 23 yaşlı Rüfət Milli Paralimpiya Komitəsinə üz tutur. Komitə rəsmisi Afiq Süleymanov ona, dəfələrlə Avropa və dünya çempionatlarında, o cümlədən Yay Paralimpiya Oyunlarında fərqləndiyimiz nüvə itələmə növü barədə ətraflı məlumat verərək, paytaxtın Əmircan qəsəbəsinə - məşhur Şaxtaxtinski ailəsinin yanına göndərir. Respublikanın əməkdar məşqçisi Oktay Şaxtaxtinskinin oğlu Emillə çalışmalara başlayan Rəfiyev, o gündən bu yana bir dəfə də olsun, məşq buraxmayıb. Emil Şaxtaxtinski deyir ki, xəstəlik belə, onun hazırlığına əngəl ola bilməz: "Dəfələrlə yanıma xəstə halda, yüksək temperaturla gəlib. Halına baxıb, demişəm, nahaq yerə gəlibsən, yaxşı olar, bir müddət istirahət edəsən. Hər dəfə cavab verir ki, müəllim, məşq etməsəm, daha da pis olacağam. Bu günə qədər məşq buraxmayan yeganə tələbəmdir. Ümumiyyətlə, unikal idmançıdır. Biri beş, beşi on beş etməyə çalışır. Etdiyi bəzi hərəkətləri heç sağlam idmançılar bacarmır. Ondakı əzmə heyranam. Belə bir iradəli, mərd idmançı ilə işləməyi bütün həmkarlarıma arzu edirəm".

Kövrək anlar...
 
İlk vaxtlar 8 metr 70 sm nəticə göstərən Rüfət, gərgin, gündəlik 10-15 saat davam edən məşqlər sayəsində tezliklə beynəlxalq yarışlara hazır səviyyə çatır. Uzun illərə söykənən təcrübəyə sahib həmkarları ilə ayaqlaşaraq, "dünya seriyası" yarışlarında mükafata layiq yerlər tutur. Belə ki, o, 2013-cü ildən etibarən, Birləşmiş Ərəb Əmirliyində baş tutan "Qran pri"lərdə fərqlənir. Elə Rioya lisenziyanı da 2016-cı ildə keçirilən analoji yarışdakı qalibiyyətlə qazanır. Cəmi üç il ərzində dördilliyin ən möhtəşəm yarışında iştirak hüququna yiyələnən Rəfiyevi, Oyunların medalından 30 sm ayırır. 13.70 metr göstərici ilə dördüncü olan Rüfət, yarışdan sonrakı müsahibəsində deyirdi: "Rəqiblərim çox təcrübəli idi. Amma əminəm ki, Emil müəllim yanımda olsaydı, bu yarışda yer tutardım. Hər atışdan əvvəl gözüm onu axtarırdı. Müəllimimə çox bağlıyam. Yanımda olanda, özümü məğlubedilməz hiss edirəm".

Haşiyə: E. Şaxtaxtinskini özünə ən yaxın dost, sirdaş sayan 29 yaşlı paralimpiyaçımız, həmin anları xatırlayarkən, göz yaşlarını saxlaya bilmir.

"Lisenziya su içimi kimidir"

Cari tsiklə artıq təcrübəli idmançı kimi qədəm qoyan qəhrəmanımız, ötən müddətdə atış göstəricisini bir xeyli yaxşılaşdırıb. E. Şaxtaxtinski məşqlərdə göstərdiyi nəticəyə əsasən, onun çox rahatlıqla lisenziyaya yiyələnəcəyini deyir: "Lisenziya Rüfət üçün su içimi kimidir. Bizi yalnız medal qayğılandırır. Hazırkı forması, qətiyyəti deməyə əsas verir ki, o, Tokioda birbaşa çempionluğa iddialı olacaq".

Atletika Azərbaycanın paralimpiadalarda uğurla təmsil olunduğu növdür. Bu günədək qazandığımız mükafatların, az qala, yarısı atletikanın payına düşür. Konkret nüvə itələməyə gəldikdə, burada sadəcə, bir medalımız var ki, onun da əyyarı "qızıl"dır. Sözügedən uğura "Pekin-2008"də Oluxan Musayev imza atıb. Tarixə ikinci çempionumuz kimi düşmək istəyən Rəfiyev, bununla kifayətlənmək fikrindən uzaqdır. O, ikiqat paralimpiada qalibi kimi yadda qalmaq arzusundadır: "İdman mənim yeganə işimdir. Bütün qəlbimlə idmana bağlıyam. Ən ağır vəziyyətlərdə də məşqsiz qala bilmirəm. Nə qədər mümkündürsə, davam edəcəyəm. Məni bu işdən ancaq ağır zədə uzaqlaşdıra bilər".

Bu arada, Rüfətin kumiri nüvə itələmə üzrə ikiqat olimpiya çempionu, polşalı Tomaş Mayevskidir.

Rüfətin yer aldığı F36 kateqoriyasında son paralimpiya çempionu Sebastyan Ditz 14.84 metr göstərici ilə həm də yarışın rekordunu müəyyənləşdirib. İlk baxışdan almaniyalı atletin nəticəsini geridə qoymaq müşkül görünsə də, həmyerlimizin son vaxtlar məşq atışlarında göstərdiyi performans, hər an sürpriz etmək iqtidarında olduğuna işarədir.

Əvvəl karyera, sonra evlilik
 
Bütün diqqətini "Tokio-2020"yə yönəldən Rəfiyev, hələ ailə qurmaq barədə düşünmür. Fikirləşir ki, ailə qursa, hazırkı templə məşq edə bilməyəcək: "Ailə həmişə var, amma idmançı karyerası qısadır. Tokiodan uğurlu nəticə ilə dönsəm, bu barədə fikirləşəcəyəm. Əks halda, valideynlərim bir az da gözləməli olacaqlar (gülür)".
 
Portret

Nüvə itələmə kənardan göründüyü qədər sadə idman növü deyil. İdmançıdan yüksək fiziki hazırlıq, texniki bacarıqlar, ən əsası, mənəvi dayanıqlılıq tələb edir. Rüfət, sadalanan keyfiyyətlərin hər birinə sahibdir. Azərbaycan paralimpiya hərəkatının gənc, perspektivli nümayəndələrindən sayılan qəhrəmanımız, ən azından, üç zirvə yarışında ölkəmizi təmsil etmək iqtidarındadır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/758275.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR