Prezidentlə şəkil çəkdirən bu adam kimdir?

Prezidentlə şəkil çəkdirən bu adam kimdir?
17:13 18 İyun 2019
108 Digər
Ölkə mətbuatı
A- A+

Aynur Camalqızı

“Yeni Müsavat”ın canlı yayımında Ağ Partiyanın sədri Tural Abbaslı ilə Mətbuat Şurasının üzvü Azər Həsrətin debatını izlədim. Fərqli fikirlərin qarşı-qarşıya gətirilməsi bütün müstəvilərdə maraqlıdır, oxucu, izləyici ilgisi qazanır. O baxımdan həmkarlarımızın bu layihəsini uğurlu sayıram və başarılarının davamlı olmasını arzulayıram.

Diqqətimi nə çəkdi? Tural Abbaslı Ata Abdullayevin (onu necə təqdim edəcəyimi inanın ki, bilmirəm) adını çəkdi və onu hakimiyyətin, YAP-ın adından söz deyən, mövqe qoya biləcək adam kimi təqdim etməyə çalışdı. Azər Həsrət buna etiraz edəndə, “Axı onun Prezidentlə şəkli var, hakimiyyətin adamı, təmsilçisi olmasa, dövlət başçısı ilə necə şəkil çəkdirə bilərdi” deyə təxminən belə bir cavab verdi.

Açığı, Tural bəyin - gənc və iddialı siyasətçinin belə deməsi məni təəccübləndirdi. Çünki artıq elə bir zamanda yaşayırıq ki, informasiya texnologiyaları həyatımıza həddən-normadan ziyadə daxil olub. Əvvəllər fotoaparat yalnız fotoqraflarda, diktofon yalnız jurnalistlərdə olardısa, indi mobil telefonlar bütün dünyada yeni media cihazları hesab olunur. İnternet və smartfonlar sayəsində dünya ovcumuza sığışıb. Belə bir şəraitdə prezidentlərlə demək olar, hər kəs şəkil çəkdirə, hətta onların özündən xəbərsiz selfi edə bilər.

Təsəvvür edin, kütləvi tədbirlərdə onlarla, bəzən yüzlərlə insan Prezidentə yaxınlaşıb onunla şəkil çəkdirmək istəyir. Bu, öncədən planlaşdırılmır axı, şəkil çəkdirəcək şəxslərin kimliyi araşdırılsın, onun dövlət başçısı ilə şəkil çəkdirməyə layiq biri olub-olmadığı müəyyən edilsin. Hər şey spontan baş verir. Dünyada olduğu kimi, Azərbaycanda da əksər insanlar Prezidentlə, Birinci xanımla şəkil çəkdirməyi xoşlayırlar. Onlar da yüksək mədəniyyət nümayiş etdirərək, insanların bu arzusunu gerçəkləşdirmələrinə qarşılıq verirlər. Kifayət qədər normaldır. Bəziləri sevgidən, sayğıdan, rəğbətdən edir bunu, bəziləri də tanınmış, mühüm insanlarla yanaşı durmaqla, onlarla selfi etməklə özlərinin də məşhurlaşacaqlarını və ya bu nüansdan hardasa, necəsə yararlanacaqlarını güman edirlər.

Bir ara taksi sürücüləri öz maşınlarına dövlət başçısının şəklini vurur, yəqin ki, bununla yol polisinin mümkün “təhlükə”lərindən qorunacaqlarını ehtimal edirdilər. Halbuki hər bir sürücü yol hərəkəti qaydalarına, müvafiq qanunvericiliyə riayət etsə, hansısa problemlə üzləşməz. Yəni şəkildən, fotodan necə istifadə, daha doğru ifadə etsək, sui-istifadə hər kəsin şəxsi keyfiyyətlərinə bağlı məsələdir. Əxlaq məsələsidir.

Təbii ki, bu, mənim yanaşmamdır. Amma bundan uzaqgedən nəticələr çıxarmaq, özü də siyasi nəticələr çıxarmaq hörmətli Tural Abbaslının gəldiyi yanlış qənaətdir. O məntiqlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan küçədə kortejini saxlatdırıb bir uşağın başını sığallayırsa, uşaqla bir şəkil çəkdirirsə və o şəkil də sosial şəbəkələrdə yayılırsa, o deməkdir ki, həmin o uşaq AKP yetkilisidir? Yaxşı, onda gəlin, versiyalar üzərində düşünək: bəlkə o uşağın atası cinayətkardır? Bəlkə fətullahçı şəbəkə ilə əlaqəsi var? Bunları müzakirəyə çıxarmaq gülməli olar, elə deyilmi? Günahsız bir körpəyə qarşı isə haqsızlıq. Və ya bir müddət öncə Rusiya Prezidenti Vladimir Putini də hansısa şəhərdə rus gözəlçələri əhatəyə alaraq şəkil çəkdirmişdilər. Eyni məntiqlə onların da Kremllə hansısa əlaqələrini araşdıraq?

Demək istədiyim odur ki, hansısa tədbirlərdə təsadüfən çəkilmiş şəkillər, o şəkillərdə Prezidentlə yanaşı dayanmış şəxslər Azərbaycan dövlətinin və Azərbaycanın dövlət başçısının yaxını hesab oluna bilməz, olunmamalıdır. O şəkillərdəki şəxslərin hardasa, kimlərəsə qarşı təhqiramiz fikirləri də Azərbaycan dövlətinin və iqtidarının mövqeyi sayıla bilməz. Bunları ona görə xüsusi vurğulayıram ki, sosial şəbəkələrdə bu mövzuda digər müxalifət yetkililərinin də fikirləri ilə rastlaşıram. Onların Ata Abdullayev məsələsində spekulyasiyaları cəmiyyəti çaşdırmaqdan, onlara yanlış informasiyalar ötürməkdən başqa bir şey deyil...


Xəbərin orijinal ünvanı: https://publika.az/news/koshe/282207.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR