Düşünməyə dəyər - Kafe müdiri rolunda niyə məhz "Tofiq Bəhramov" adı...

Düşünməyə dəyər - Kafe müdiri rolunda niyə məhz "Tofiq Bəhramov" adı...
11:05 19 İyun 2019
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya Federasiyasının "StarMedia" internet kanalında "Qrin-Film" Yaradıcılıq Birliyinin istehsalı olan "Kulinar 2" serialı nümayiş olunur. Serialın rejissoru Andrey İvanov, ssenari müəllifləri Sergey Kuzminıx, İqor Ter-Karapetov, Mixail Kolodinski, Vladimir Kukovyakin və  Robert Rovnikdir. 

Serialın təxmini mövzusu belədir ki, Feliks Malinin Sankt-Peterburqda yaşayır. Azsaylı dost və tanışları arasında o, yaxşı adam, daim rəsmi iş səfərlərində olan qapalı biri kimi tanınır. Üstəlik, onun qeyri-adi bir vərdişi var: o, yemək bişirməyi çox sevir və bunu, həqiqətən də, yaxşı bacarır. Əslində, Feliks Daxili İşlər Nazirliyinin əməliyyat-axtarış bürosunda xidmət göstərir. Xidmət rəhbərliyindən yalnız bir neçə nəfərin onun haqqında bilgisi var. Hər tapşırığa o, xüsusi bir zövqlə yanaşır, sanki, növbəti yeməyini bişirir və hətta hər bir əməliyyata kulinariyaya aid bir ad qoyur. Elə buna görə ona "Kulinar" operativ təxəllüsü verilir. Onun işi - operativ şəkildə daxilə sızaraq, hüquq-mühafizə orqanlarını maraqlandıra biləcək hər şey haqqında məlumatların toplanmasıdır. Cəsurdur, analitik zehnə malikdir, ağıllıdır və tez bir zamanda istənilən ətraf mühitə uyğunlaşa bilir. Bəzən, işində qeyri-qanuni üsullara da əl atmalı olur və rəhbərlik, nəticə əgər müsbətdirsə, buna göz yumur. Və beləcə... davam edir...

Zamanın darmacal vaxtında heç kimin bütün kanalları, kanallarda nümayiş olunan filmlərin hamısını seyr eləmək imkanı yoxdur. Böyük qardaşım Vaqifin bu serial haqqında dediklərindən, bir vətəndaş olaraq narahatçılğından sonra bir neçə seriyasını izləməli oldum. İnsafən, pis də çəkilməyib. Amma indiki halda Rusiya istehsalı olan "Kulinar 2" serialının necə çəkilməsi, əhatə etdiyi mövzular bir tamaşaçı olaraq məni az maraqlandırır. Mən, sadəcə olaraq, bu Vətəni, bu milləti sevən bir insan kimi serailda azərbaycanlı obrazının - kafe müdirinin niyə "Tofiq Bəhramov" adlandırılmasıdır. Bu, bir təsadüfdürmü və ya burda hansısa başqa gizlinlər var... 

Kriminal aləmin bəzi məqamlarının gizləndiyi kafenin müdiri Tofiq Bəhramov adlı azərbaycanlı obrazını Leonid Alimov canlandırır. Niyə məhz Tofiq Bəhramov? Tofiq Bəhramovun məşhur Azərbaycanlı futbol hakimi, futbolçu olduğunu kim bilmir ki... O, SSRİ-dən beynəlxalq çempionatları idarə edən ilk hakim olub. O, Nikolay Latışevdən sonra FİFA Dünya Kubokunun final mərhələsində hakimlik etmiş ikinci, UEFA Avropa Çempionatının final oyununu idarə edən birinci sovet hakimi olub.

Tofiq Bəhramov SSRİ çempionatının güclülər dəstəsində 34 yaşında debüt edib. Daim prinsipiallığı, obyektivliyi ilə seçilən referi qısa müddətdə sovetlər birliyinin ən yaxşı hakimlərindən birinə çevrilir. O, həmin dövrdə Avropanın ən güclülərindən hesab olunan SSRİ çempionatında 146 matçda meydana baş hakim kimi çıxıb. Tofiq Bəhramov 1963-cü ildən etibarən 13 il  ardıcıl keçmiş ittifaqın 10 ən yaxşı hakimi sırasına düşüb. Bu göstəriciyə görə, o, ümumilikdə yalnız moskvalı Kazakovdan (15 il) geri qalsa da, ardıcıllığa görə hamını qabaqlayır. Bəhramov 1965-ci ildə beynəlxalq dərəcəli hakim adını alıb. Və bütün bunları serialı araya-ərsəyə gətirənlər də bilməmiş deyillər. 

Hər şeydən əvvəl və sonra  "kafe müdirinin NİYƏ MƏHZ TOFİQ BƏHRAMOV adlandırılması" sualı... Başqa ad tapmadılarmı... Düşünməyə dəyər, əziz ziyalılar, kino xadimləri və bu Vətəni sevən hər kəs...

Vasif SÜLEYMAN
Şair, Prezident təqaüdçüsü


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/764255.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR