"Mükəmməl təhsil olarsa, Azərbaycan həmişə qalib gələcək"

20:03 15 Yanvar 2015
129 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

Yanvarın 15-də "Kaspi" liseyində "Milli yaddaş tariximiz" mövzusunda tarix elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, millət vəkili Yaqub Mahmudlu ilə görüş keçirildi.

Liseyin təsisçisi Sona Vəliyeva Y.Mahmudlunun həyat yolu və yaradıcılığı haqqında şagirdlərə geniş məlumat verərək bildirdi ki, tarixçi-alim bütün ömrü boyu Azərbaycanın keçmişini, dövlətçilik tarixini və ənənələrini öyrənərək sanballı əsərlər yazıb. "O, böyük alim olmaqla yanaşı, Azərbaycanı sevən böyük vətəndaşdır" - deyən S.Vəliyeva bu görüşün şagirdlərdə mili düşüncənin və vətənpərvərlik hissinin formalaşmasında böyük əhəmiyyət kəsb edəcəyini vurğuladı.

Alimi Azərbaycanın canlı ensiklopediyası adlandıran S.Vəliyeva bildirdi ki, Y.Mahmudlu hələ Sovet dövründə Azərbaycan tarixinin mili düşüncə zəminində araşdıran alimlərdən biri olub. Onun Ağqoyunlu dövlətinin Avropa ölkələri ilə qarşılıqlı əlaqələrinə dair yazdığı namizədlik, daha sonra doktorluq dissertasiyaları tarixşünaslığımızı zənginləşdirməklə yanaşı, onun üfüqlərini də genişləndirdi. Alimin "Səyyahlar, kəşflər, Azərbaycan", "Səyyahlar Azərbaycana gəlir", "Odlar Yurduna səyahət", "Azərbaycan diplomatiyası tarixi" kimi kitabları həm ölkəmizin siyasi tarixini öyrədən zəngin mənbə olmaqla yanaşı, özündə milli ruhu daşıyan ideoloji konsepsiyalardır. Onun hələ Sovet dövründə ensiklopediyanın hazırlanması zamanı Azərbaycanın tarixi xəritələrinin tərtib edilməsi və dərci sahəsində fəaliyyəti yüksək qiymətləndirilməlidir. 2004-cü ildə Y.Mahmudlu Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda direktor kimi fəaliyyətə başladıqdan sonra isə tarix elmimizin tədqiqatlarında və öyrənilməsində inqilabi dəyişikliklər baş verdi. Yeni konsepsiya əsasında aparılan tədqiqatlar, qadağan olunmuş mövzuların işlənilməsi tarixin ağ ləkələrini sildi və mili yaddaşımızı yenilədi. İki cilddə Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının hazırlanması, İrəvan və Naxçıvan xanlıqlarının tarixinin yazılması, habelə orta məktəblərin tarix dərsliklərinin hazırlanması Y.Mahmudlunun adı ilə bağlıdır.

Y.Mahmudlu, həmçinin uzun illər Bakı Dövlət Universitetinin Tarix fakültəsinə rəhbərlik etmiş, tarixçi kadrların hazırlanmasında öz əməyini əsirgəməmişdi. Həm alim, həm də pedaqoq kimi onun fəaliyyəti Azərbaycanın mili-mənəvi dəyərlərinin yaşadılmasına, təbliğ edilməsinə, dövlətçilik ideyalarımızın qorunub saxlanılaraq gələcək nəsillərə çatdırılmasına hesablanmışdı.

Onun fəaliyyəti dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib, müxtəlif orden və medallarla, həmçinin Dövlət Mükafatı ilə təltif olunub.

S.Vəliyeva bildirib ki, Y.Mahmudlu, həmçinin "Kaspi" liseyinin İctimai Şurasının üzvlərindən biridir. Bundan sonra hər ay mili-mənəvi dəyərlərimizin təbliği ilə bağlı liseydə şagirdlərlə elm və fikir adamlarının görüşlərinin keçirilməsi planlaşdırılır. Məqsəd "Kaspi" liseyinin öz devizinə sadiq qalmasıdır – "Mükəmməl mili təhsil amalımızdır". S.Vəliyeva əlavə etdi ki, təhsil o zaman effektli və prinsipial olur ki, onun əsasında mili-ideoloji konsepsiya dayansın. Lisey məhz bu prinsipləri rəhbər tutaraq fəaliyyət göstərir.

"Mükəmməl təhsil olarsa, Azərbaycan həmişə qalib gələcək", - deyərək sözə başlayan Y.Mahmudlu "Kaspi" liseyinin Azərbaycan orta məktəbləri arasında nümunəvi olduğunu bildirdi. Şagirdlər öz tarixlərini təkcə öyrənməklə kifayətlənməməli, həm də ona sahib çıxmalıdırlar. Tarixinə sahib çıxan xalq məğlubedilməzdir. Y.Mahmudlu bildirdi ki, bu gün müstəqil Azərbaycanın inkişafı üçün hər cür şərait var. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil dövlətçiliyimiz bu gün prezident İlham Əliyev tərəfindən uğurla idarə edilir və cənab prezidentin siyasətini xalq həmişə rəğbətlə qarşılayır, dəstəkləyir. Bu gün dünyada baş verən gərgin siyasi hadisələr, qarşıdurmalar fonunda, həmçinin qonşu regionlardakı gərginliklərə baxmayaraq, müstəqil Azərbaycan inkişaf edir. Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi qiymətləndirilir.

"Müstəqilliyimiz ən böyük nailiyyətimizdir", deyən tarixçi alim şagirdləri milli dəyərlərimizə söykənməyə, tariximizə həmişə geniş diqqət ayırmağa çağırdı: "Ulu öndər Heydər Əliyev deyirdi ki, biz qlobal çağırışlara cavab verməliyik, ancaq milli-mənəvi dəyərlərimizi də unutmaq olmaz. Bu, tək biz tarixçilərin yox, həm də bütün Azərbaycan vətəndaşlarının üzərinə böyük məsuliyyət hissi qoyur. Öz mili kimliyimizi qorumaq və müasir çağırışlara cavab verməyin isə yalnız bir yolu var - bu yol mükəmməl təhsildən keçir. "Kaspi" liseyi millətin ballarını məhz bu ruhda yetişdirdiyi üçün çox sevinirəm".

Y.Mahmudlu daha sonra bildirdi ki, bu gün dünya zəka ilə, beyinlə fəth olunur. Amma təkcə bilikli olmaq azdır, vətənin adını ucaltmaq üçün eyni zamanda, böyük azərbaycanlı olmaq lazımdır. "Kaspi" liseyini "mayak" adlandıran tarixçi-alim Azərbaycanı gələcək qələbələrə bilikli insanlar aparacaq deyə fikrini yekunlaşdırdı.

Görüşün sonunda Y.Mahmudluya "Kaspi" liseyi adından xatirə plaketi hədiyyə olundu.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR