Bəhram Bağırzadə: "Halbuki, biz dost deyildik, ola da bilməzdik"

Bəhram Bağırzadə: "Halbuki, biz dost deyildik, ola da bilməzdik"
20:17 15 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Milli.Az kult.az-a istinadən aktyor Bəhram Bağırzadənin açıqlamalarını təqdim edir
Həkim qəzet alovunun işığında güllələri çıxarırdı
 
Yaddaşımı qurdaladıqca orada daha çox dəhşət dolu xatirələrin yer tutduğunu hiss edirəm. Məsələn, ən təsirli anlardan, xatirələrdən biri Qanlı 20 Yanvar hadisəsidir. O vaxt mən çox gənc idim, 18 yaşım vardı. Həmin günləri həyatım boyu unutmuram və unutmağım mümkün deyil. Günahsız insanlar qəfil gözümün qarşısında qanına qəltan olur, bir-bir dünyasını dəyişirdi, bunları görmək, yaşamaq mənim üçün dəhşətli idi.
 
Bu il yanvarın 20-i artıq o hadisələrin 25 ili tamam olur, amma buna baxmayaraq, o kadrlar gözümün qabağından getmir, sanki, dünən baş veribmiş kimi... Orda mənim dostumu, məhlə uşağı İlqar Əbilhəsənovu da vurdular həmin gecə. Əliqanlı sovet əsgərləri... Heç vaxt yadımdan çıxmayacaq... “Semaşko” xəstəxanasında işıqları söndürmüşdülər, qaranlıqda cərrahiyyə əməliyyatı gedirdi, güllələri onun bədənindən çıxarırdılar və o can verirdi. Baxmayaraq ki, işıqlar sönmüşdü, hər yer gülləbaran idi, BTR-lər, tanklar küçələri gəzirdi, mən ora gedib çıxa bilmişdim. Biz qəzet yandırıb tutmuşduq ki, həkim görə, güllələri çıxara bilsin, amma İlqar mənim gözümün qabağında dünyasını dəyişdi. Səhər onu Şəhidlər Xiyabanında dəfn etdik, mənim həyatıma birinci təsir edən an ağır itki o olub. İlqar məndən 4 yaş böyük idi, 22 yaşı var idi. Bu, çox böyük faciədir və hər ildönümündə mən bütün şəhidlərimizin ruhuna dua oxuyuram. Şəhidlər Xiyabanını ziyarət etməyə son zamanlar övladlarımla gedirəm, çünki onlar da bu faciəni, Azərbaycan tarixini bilməlidirlər. İnşallah, bu il də şəhidlərimizi ailəmlə birlikdə ziyarət edəcəm. 
 
Azan veriləndə atamın ürəyi tutdu
 
Həyatıma bilavasitə təsir edən anların çoxunu 2008-ci ildə yaşamışam. Belə ki, mən arxa-arxaya ən yaxın insanlarımı itirdim. Ən yaxın dostumu, hansı ki, mən həmişə ondan ibrət dərsi götürmüşəm, nə isə öyrənmişəm, məsləhət almışam. O, mənim dayağım idi, arxamdakı divarım idi – bu, mənim atam idi. 2008-ci ildə o, dünyasını dəyişəndə bu mənim üçün çox gözlənilməz oldu. Xatırlayıram ki, iftar açmağa hazırlaşırdım, Ramazan ayı idi, atam gəldi evə, iftar zamanı azan verilirdi və birdən-birə ürəyi tutdu. İftarı təzə açmışdım, təcili yardıma zəng vurdum, onu xəstəxanaya apardım. Səhər tezdən xəstəxanadan zəng vurdular, azan vaxtı idi, imsaka durmuşdum, dedilər ki, gəlin, atanızı aparın. Mən azan sədaları altında onu Əjdər məscidinə apardım və bir neçə saatdan sonra onunla vidalaşdıq. Mənim üçün çox ağır idi, birinci növbədə nəinki atamı, dostumu itirdim və bu gün də ona ehtiyacım var. Baxmayaraq ki, bu gün mən püxtələşmiş bir insanam, vətəndaşam, amma çox böyük ehtiyacım var ona, onun məsləhətlərinə. Hərdən qəbrinin üstünə gedirəm, orda oturub düşünürəm, məsləhət alıram, dialoqa girirəm onunla və Allah mənə kömək edir. Biz nə qədər yaşlansaq da, hər birimizin valideynə ehtiyacı var. 42 yaşındakı bir kişi çoxlu suallarla üzləşir və o suallara cavab tapammırsa, özünə sual verir ki, “əgər sənin atan belə bir vəziyyətə düşsə idi, özünü necə aparardı?” Necə ki, atam edərdi, mən də elə edirəm. Ən böyük faciə də o idi ki, atam dünyasını dəyişəndən sonra mənim ikinci, yəni mənəvi atam dünyasını dəyişdi. 
 
2008-ci il mənim üçün “itkilər ili” oldu
 
Atamın ölümündən ay yarım keçmişdi, ikinci faciə gəldi – mən bu ölümü gözləmirdim, halbuki biz dost deyildik, ola da bilməzdik. O, maestro idi, amma iki-üç dəfə mən onunla konsertlərdə üzləşmişdim. Moskvada aparıcı kimi fəaliyyətim olan zaman Müslüm Maqomayevi mən təqdim etmişdim. Bundan bir neçə ay sonra mən bir itkiylə daha üzləşdim – 52 yaşlı əmim dünyasını dəyişdi. 2008-ci il mənim üçün “itkilər ili” oldu.
 
Son zamanlar mənim üçün unudulmaz anlardan birini yaşadım, kövrəldim. “Qarabağ” klubu son oyununda bildiyiniz kimi, İtaliyanın “İnter” komandası ilə görüşdə qalib gəlmişdi, amma qalibiyyəti bizə vermədilər, bu, mənə çox pis təsir etdi. Bəlkə də, “İnter”, “Neftçi”, “Bakı”, “Xəzər Lənkəran” uduzsaydı, o qədər də pis olmazdım, amma “Qarabağ” mənə yaxındır, hər bir azərbaycanlıya yaxındır. İstəyərdim, “Qarabağ” daha da irəli addımlasın, Avropada bizi daha çox tanısınlar. İnformasiya blokadasını yaraq, bizim problemlərimizi daha dərindən bilsinlər. Bu da Böyük Qarabağ məsələsini həll etmək üçün bir təkan olardı. 
 
Biz Ermənistanın, Ukraynanın, Rusiyanın komandalarına qalib gəldik
 
2000-ci ildə KVN-də əsrin çempionu olanda mən sözün əsl mənasında, sevincdən uçurdum, həyatımın unudulmaz anlarından biri idi. Həm də bilirsiniz daha çox nəyə sevinirdim? Atamla anamın sevincinə. Onlar bu qələbəni illərdi gözləyirdilər, ümidlərini yerə salmadım, nəinki mən, bütün komanda üzvləri. Bizim valideynlər o günü çox xoşbəxt idilər. Valideynlərimiz zalda oturmuşdular. Onlar sevinirdi və biz də onların göz yaşlarını görüb sevinirdik. Biz Ermənistanın, Ukraynanın, Dağıstanın, Belarusun, Rusiyanın komandalarına qalib gəldik.
 
Mənim ən çox sevindiyim anlardan biri də mənim övladlarımın dünyaya gəlməsi olub. Əvvəlcə Tahirə xanım, sonra Cavid balam. Vallah, bilirsiniz, o hissi sözlə izah etmək mümkün deyil. Çox sevinirdim ki, Allah-təala qismət etdi və uşaqlarım dünyaya gəldi.
 
Bilirsiniz, Azərbaycan xalqının istənilən sahədəki qələbələri mənim üçün unudulmaz bir an olur. Mən başqalarının uğurlarına sevinməyi bacarıram, bu mənə Allah tərəfindən verilmiş xüsusiyyətdirmi deyim, xarakterdirmi deyim, bilmirəm. İstər dünya çempionu olsun, istər Avropa – bizim idmançılar qalib gəlirlərsə, medallara layiq görülürlərsə, mən sevinirəm. İstər “Eurovision”da, istər caz festivallarında, istərsə də film sektorunun prestijli festivallarında iştirakımız mənim üçün unudulmaz bir ana çevrilir.
 
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR